Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbulun Atatürk Hava Limanında rəsmi qarşılanma mərasimindən sonra jurnalistlər qarşısında bəyanatı - 9 iyun 1994-cü il


Əziz Süleyman bəy! Sizinlə bir daha görüşmək, bir çox məsələlər haqqında fikir mübadiləsi aparmaq, məsləhətləşmək bizim ucun çox vacibdir və bu imkana görə Sizə təşəkkür edirəm. Türkiyənin böyük və gözəl şəhəri İstanbula gəlməyimdən çox məmnunam. İstanbullulara, Türkiyədəki bütün qardaşlarımıza öz salamımı yetirir, hörmətimi bildirirəm.

Türkiyə və Azərbaycan dost, qardaş, qonşu dövlətlərdir. Ölkələrimiz arasında əlaqələr son vaxtlar çox surətlə inkişaf edir. Bu ilin fevralında mən Türkiyədə rəsmi səfərdə olarkən bir çox mühüm müqavilələr, sazişlər imzalamışıq və bunların həyata keçirilməsi ilə hər iki tərəf məşğul olur. Bu yaxınlarda mən Belçikaya səfərdən Bakıya dönərkən də bir necə saat Ankarada oldum. Türkiyənin rəhbərləri ilə görüşdük, söhbətlər etdik, məsləhətləşmələr apardıq. Əmin olduğumu bildirmək istəyirəm ki, indiki qısamüddətli işgüzar səfər zamanı keçiriləcək görüşlər, danışıqlar iki ölkə arasında əlaqələrin daha da inkişafına kömək edəcəkdir.

Altı ildən bəri davam edən müharibə Azərbaycan ucun ən böyük problem olaraq qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxu işğal olunmuşdur, 1 milyon 200 mindən artıq insan qaçqın, köçkün vəziyyətində yaşayır. Bütün bunlara baxmayaraq, biz müharibəyə son qoymaq istəyirik, onun gələcəyinin olmadığını yaxşı bilirik.

Problemin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın təşəbbüslərindən danışarkən ölkəmizin mövqeyini bir daha vurğulayaraq bildirirəm ki, respublikamızın işğal edilmiş torpaqları azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. Biz bu sahədə beynəlxalq təşkilatların, BMT Təhlükəsizlik Şurasının, ATƏM-in, Minsk qrupunun, dünyanın nüfuzlu dövlətlərinin, habelə Türkiyə kimi böyük və bizə dost ölkənin imkanlarından hərtərəfli istifadə etməyə çalışırıq. 1994-cü il martın 4-də Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması da müharibəyə son qoyulması istiqamətində yaranmış imkanlardan biridir.

Ermənistanla Azərbaycan arasında müharibə, Ermənistanın Azərbaycana təcavüz etməsi Qafqaz bölgəsində vəziyyəti daha çox gərginləşdirir və bu ağır vəziyyət qonşu dövlətlərə də təsir edir. Şübhəsiz ki, bizim yaxın qonşumuz Türkiyə buna biganə qala bilməz. Çünki bir tərəfdən onun qardaşları təhlükə içərisindədir, ikinci tərəfdən isə həm Azərbaycan, həm də Ermənistan Türkiyə ilə sərhəd qonşularıdır. Ona görə də bu məsələnin beynəlxalq təşkilatlarda ədalətli həllinə Türkiyənin sözü, mövqeyi çox kömək edəcək və biz buna həmişə böyük ümid bəsləyirik.

Mən əminəm ki, bugünkü danışıqlarda da həmin məsələlər və iki qardaş ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə əlaqədar digər məsələlər hərtərəfli müzakirə olunacaqdır. Mən dəvəti məhz bunun ucun qəbul edib İstanbula gəlmişəm. İnanıram ki, görüşlərimiz xalqlarımız ucun çox faydalı olacaqdır.