Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüşündən sonra bəyanatı - 14 avqust 2002-ci il


Hörmətli jurnalistlər, Ermənistan Respublikasının və Azərbaycan Respublikasının mətbuat nümayəndələri!

Bu gün iki prezidentin - Ermənistan prezidenti Robert Koçaryanın və Azərbaycan prezidenti Heydər Əliyevin görüşü oldu. Bilirsiniz ki, 1999-cu ildən başlayaraq, biz vaxtaşırı görüşürük. O vaxt biz bu görüşlər barədə razılığa gəldik, o mənada ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri ilə yanaşı biz iki prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinin uğurla həll olunmasına şəxsi görüşlərimiz vasitəsilə kömək edə bilərik.

Bu gün biz görüşdük və ötən görüşləri xatırladıq. Bilirsiniz ki, bu kiçik otaqda 4 saat söhbət etdik və belə isti havada siz də bizi gözlədiniz. Lakin bütün bunlar münaqişənin nizama salınmasının qarşılıqlı surətdə məqbul yollarını axtarıb tapmaq üçün lazımdır. Hesab edirəm ki, bu görüş faydalı, gərəkli oldu.

Bəzən Azərbaycanda da, Ermənistanda da, dünyanın digər regionlarında da belə deyirlər ki, iki prezident görüşür, nəticə isə yoxdur, onda belə görüşləri davam etdirməyə ehtiyac varmı? Yeri gəlmişkən, bu gün biz həmin məsələni də müzakirə etdik, yəni fikir mübadiləsi apardıq. İkimiz də belə qənaətə gəldik ki, bəli, bu görüşləri davam etdirməyə ehtiyac var. Ermənistan prezidenti və mən münaqişəni necə nizama salmaq məsələsini bir çox mövqelərdən nəzərdən keçirdik. Biz ötən görüşlərimizin nəticələrini təhlil etdik və hər ikimiz belə bir fikrə gəldik ki, danışıqlar, o cümlədən də prezidentlərin bilavasitə görüşləri üçün potensial hələ tükənməyibdir. Biz, - mən Azərbaycan tərəfindən deyirəm, əslinə qalsa, burada aramızda fikir ayrılığı olmadı, - atəşkəs rejimini qoruyub saxlamalı və möhkəmlətməli, danışıqları davam etdirməli, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini stimullaşdırmalı, məsələnin həllinə kömək etmək üçün digər imkanlardan istifadə etməli və iki prezidentin - Ermənistan və Azərbaycan prezidentlərinin şəxsi görüşlərini davam etdirməliyik. Hesab edirəm ki, bizim 4 saatlıq söhbətimiz çox faydalı, çox maraqlı oldu və zənnimcə, bizi bir daha inandırır ki, münaqişənin dincliklə nizama salınması üçün, - şübhə yoxdur ki, buna nail olmaq lazımdır, - Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə yanaşı, biz prezidentlərin görüşlərinin bu formatını davam etdirə bilərik.

Bəyan edirəm ki, münaqişənin dincliklə nizama salınması Azərbaycan üçün vacibdir, buna heç bir şübhə yoxdur, bu, Azərbaycana lazımdır. Mənə elə gəlir ki, Robert Sedrakoviç özü bu barədə danışacaqdır. Mən onun əvəzinə danışmaq istəmirəm. Ancaq deyə bilərəm ki, biz bu baxımdan da yekdil fikirdə olduq. Mən məmnunam ki, bu gün biz görüşdük, danışdıq, bu qədər vaxt sərf etdik. Zənnimcə, biz bu görüşləri davam etdirməliyik. Ola bilər MDB ölkələri dövlət başçılarının Kişinyovda keçiriləcək toplantısında biz bir daha görüşə bilək. Mənim demək istədiyim bunlardır. İndi isə mikrofonu Robert Koçaryana verirəm. Robert Şedrakoviç, buyurun.