"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbirdə çıxışı" (Bakı, 30 yanvar 1997-ci il) sənədinə tarixi arayış


Hər bir müstəqil dövlətin mühüm atributu olan gömrük xidmətinin təşkili ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malikdir. İqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, yerli sahibkarların rəqabət qabilliyyətinin artırılması kimi vacib funksiyaları yerinə yetirən bu qurum Azərbaycanda 1992-ci ildə təsis olunub. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) tərkibinə Naxçıvan Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 13 yerli gömrük idarəsi və 34 gömrük məntəqəsi fəaliyyət göstərir və sərhədyanı yaşayış məntəqələrində, hava və dəniz limanlarında, habelə bir çox iri şəhərlərdə xarici iqtisadi fəaliyyətə nəzarəti həyata keçirir. (http://az-customs.net/)

Dövlət büdcəsinin gəlirlər hissəsində xüsusi paya malik gömrük rüsumları dövlətin sosial siyasətinin həyata keçirilməsində mühüm iqtisadi vasitələrdən biri kimi xarakterizə olunur. Azərbaycanın gömrük sistemi MDB məkanında zəngin maddi-texniki bazası və müasir tələblərə cavab vermə səviyyəsi ilə seçilir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev DGK-nın yaradılmasının 5 illiyi ərəfəsində gömrük əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında 10 yanvar 1997-ci ildə sərəncam imzalayıb.

30 yanvar 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda Şəhriyar adına sarayda DGK-nın yaradılmasının 5 illiyinə həsr edilmiş mərasimdə iştirak edib. Burada çıxış edən Azərbaycan Prezidenti gömrük xidmətlərinin müasir tələblərə uyğun yenidənqurulması işinin sürətləndirilməsi, dövlət sərhədlərində etibarlı gömrük mühafizəsini təmin etməyə qadir gömrük nəzarəti strukturları yaratmaq, bu sahədə idarəetmə sisteminin təşkilini qaydaya salmaq üçün konkret vəzifələr qoyub. O, öz çıxışında DGK-nın təşkilatçılıq işinin əsas istiqamətinin gömrük nəzarətinin sivil sistemini yaratmaq, qanunverici bazanı təkmilləşdirmək, göstərilən xidmətlərin səviyyəsini artırmaqdan ibarət olduğunu vurğulayıb.

Son illər ardıcıl həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülüb, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib, gömrük işini nizamlayan qanunvericilik bazası və differensiallaşdırılmış gömrük-tarif sistemi yaradılıb, qaçaqmalçılığa və digər hüquqpozmalara qarşı mübarizə gücləndirilib.

Hazırda Azərbaycanda müşahidə olunan dinamik sosial-iqtisadi inkişaf və beynəlxalq iqtisadi sistemə inteqrasiya gömrük sisteminin təkmilləşdirilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara tam uyğun aparılmasını və bütövlükdə, gömrük sisteminin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun daha da artırılmasını zəruri edir. Bu məqsədlərə qısa müddətdə nail olmaq üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" mühüm rol oynayır. (http://www.president.az/)

Dövlət Proqramının əsas istiqamətləri qanunvericilik bazası və gömrük tənzimlənməsinin təkmilləşdirilməsi, gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılmasının təmin edilməsi, qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, gömrük infrastrukturunun inkişaf etdirilməsi, kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləridir. (http://www.azerbaijan.news.az/)

Azərbaycan 16 ildir ki, Ümumdünya Gömrük Təşkilatının üzvüdür. Etibarlı tərəfdaş kimi, artıq bir neçə ildir ki, Azərbaycan dünya gömrük ailəsinin və nüfuzlu beynəlxalq təşkilatların mühüm tədbirlərinə ev sahibliyi edir. 2000-ci ilin dekabrında Bakıda Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının iclası keçirilib. 2004-cü ilin fevralında Bakıda "Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilib. 2005-ci ilin mayında yenə Bakıda İnterpol və Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə "Heydər Əliyev və Azərbaycanda gömrük xidmətinin inkişafı" mövzusunda seminar keçirilib. Elə həmin ayda paytaxtımızda Ümumdünya Gömrük sərgisi və forumu açılıb. 2005-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 4-cü Bakı iclası keçirilib. 2006-cı ilin fevralında Bakıda Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin beynəlxalq konfransı keçirilib. 2007-ci ilin fevralında keçirilmiş "Saxta dərmanlara qarşı mübarizə üzrə beynəlxalq konfrans"a da Bakı ev sahibliyi edib. (http://az-customs.net/)

Tarixi arayış 20 fevral 2008-ci ildə yeniləşdirilib.