Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton ilə görüşdəki söhbətindən - İstanbul, "Çırağan sarayı", 19 noyabr 1999-cu il


Bill Klinton:  Hörmətli cənab prezident, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İstanbul sammitində Sizinlə yenidən görüşümdən çox şadam.

Mən Bakı-Ceyhan əsas ixrac boru kəməri barəsində sənədlərin imzalanmasını böyük tarixi hadisə kimi dəyərləndirir və bu münasibətlə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan prezidenti kimi, Sizin uzaqgörən, ardıcıl siyasətiniz sayəsində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Xəzər dənizinin enerji ehtiyatlarının bütün dünyaya açılmasının əsasını qoydu. Bakı-Ceyhan kəmərinin reallığa çevrilməsində Sizin misilsiz xidmətlərinizi yüksək qiymətləndirirəm.

Transxəzər qaz kəmərinin çəkilişinə dair imzalanmış sənədi də yüksək dəyərləndirirəm. Əmin olduğumu bildirirəm ki, bu kəmərlər region dövlətlərinin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq və onların iqtisadi tərəqqisinə böyük töhfə verəcəkdir. Amerika-Azərbaycan əməkdaşlığının sürətlə inkişaf etdirilməsi sahəsində Sizin göstərdiyiniz səylərdən məmnunam. Mən eləcə də aramızda yaranmış şəxsi dostluq münasibətlərini həmişə çox dəyərləndirirəm.

Heydər Əliyev:  Hörmətli cənab prezident, təşəkkür edirəm. Sizinlə hər bir görüşüm məndə həmişə xoş hisslər yaradır. 1999-cu ilin aprel ayında NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Vaşinqtona səfərim zamanı və xüsusi Klivlenddə müalicə olunarkən mənə göstərilən diqqət və qayğıya görə, cənab prezident, Sizə, Amerika hökumətinə və xalqına bir daha dərin minnətdarlığımı bildirirəm.

Bakı- Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz magistralının reallaşması sahəsində Amerika dövlətinin prinsipial mövqeyindən və şəxsən, cənab prezident, Sizin bu məsələlərə daim xüsusi diqqət yetirmənizdən çox razıyam. Məhz bu ardıcıl səylərin nəticəsində İstanbulda belə tarixi sənədlərin imzalanması mümkün olmuşdur.

Bill Klinton: Cənab prezident, mən bunu xüsusi məmnunluqla qeyd etmək istərdim ki, məhz Sizin liderliyiniz ilə Qafqazda və Mərkəzi Asiyada sülhün, sabitliyin bərqərar olunması sahəsində işlər görülür. Ermənistan və Azərbaycan dövlətləri başçılarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün son vaxtlar apardıqları birbaşa danışıqlar Amerika hökuməti tərəfindən rəğbətlə qarşılanır və diqqətlə izlənilir.

Mən Azərbaycan və Ermənistan prezidentlərinin, ATƏT-in icraçı sədrinin və Minsk qrupunun həmsədrləri olan ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilmiş görüşündən də məmnunam. Bir daha bəyan edirəm ki, Minsk qrupunun həmsədrlərindən biri kimi, Amerika Birləşmiş Ştatları münaqişənin dinc vasitələrlə aradan qaldırılması üçün öz fəallığını daha da artıracaqdır.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab prezident. Mən Azərbaycan Respublikasının prezidenti kimi, müstəqillik yolu ilə inamla irəliləyən ölkəmizin Amerika Birləşmiş Ştatları ilə dostluq və əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da sıxlaşdırılmasına daim xüsusi diqqət yetirir və buna böyük əhəmiyyət verirəm.

Amerika Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin bu əməkdaşlığın sürətli inkişafına maneçilik törətdiyini bir daha nəzərə çarpdıraraq həmin düzəlişin aradan qaldırılmasının vacib olduğunu xüsusi vurğulamaq istərdim.

Əmin olduğumu bildirirəm ki, ikitərəfli Amerika-Azərbaycan əlaqələri son illər ərzində, cənab prezident, Sizinlə birgə yaranmış möhkəm dostluq və əməkdaşlıq təməlinə söykənərək daim uğurlu olacaq, xalqlarımızın mənafelərinə xidmət edəcək, onların rifah halının yüksəlməsinə, ölkələrimizin iqtisadi dirçəlişinə kömək edəcək, bütün Qafqaz regionunda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olunması üçün böyük imkanlar açacaqdır. Azərbaycan ilə Amerika arasında həm enerji sektorunda, həm də digər sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin möhkəmləndirilməsi, iqtisadi münasibətlərin daha da sıxlaşdırılması ilə bağlı məsələlərin bu gün müzakirə edilməsi sözsüz ki, əhəmiyyətli nəticələr verəcəkdir. ATƏT-in İstanbul zirvə görüşünün tarixi sənədlərində irəli sürülmüş müddəaların həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələr barədə söhbətimiz, eləcə də beynəlxalq aləmdə, Qafqazda vəziyyət, regionda əməkdaşlığın perspektivləri və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər haqqında da fikir mübadiləmiz Amerika - Azərbaycan əlaqələrinin möhkəmlənməsində, regionda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyətə malikdir.