Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistandan rəsmi səfərdən qayıdarkən Bakıda Moldova Prezidenti Petru Luçinski ilə təkbətək görüşdəki söhbətindən - Azərbaycan Prezidentinin Şəhərkənarı iqamətgahı, 18 dekabr 1998-ci il


Heydər Əliyev: Hörmətli Petru Luçinski, Sizi səmimi qəlbdən salamlayıram. Özbəkistandan rəsmi səfərdən qayıdarkən yolüstü Bakıya gəlməyinizdən çox razı qaldığımı bildirirəm.

Petru Luçinski: Cənab prezident, Sizinlə, Azərbaycan Respublikasının pəhbəri ilə hər bir görüşümdən məmnun olduğumu nəzərə çarpdırıram. Qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Oktyabrın 11-də demokratik qaydada yüksək səviyyədə keçirilmiş seçkilərdə yenidən respublikanın prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm. Qarşıdakı işlərinizdə Sizə yeni-yeni uğurlar arzulayıram. 

Özbəkistanda rəsmi səfərdə olarkən ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsində, bir çox ölkələrin qarşılaşdığı ciddi problemlərin aradan qaldırılmasında həm Özbəkistanın, həm də Moldovanın mühüm rol oynayacağına əmin olduğumuzu büdirdik. Keçirdiyim görüşləri, apardığım danışıqları ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imzalanan sənədləri yüksək qiymətləndirirəm.

Moldovanın Azərbaycanla da tarixi köklərə malik dostluq münasibətlərinin gündən-günə yaxşılaşmasını böyük razılıq hissi ilə bildirirəm. Moldova Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq etməyə böyük maraq göstərir.

Qədim İpək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində bu il sentyabrın 7-8-də Bakıda keçirilmiş beynəlxalq konfransda iştirak etməyimdən çox razı qaldığımı vurğulayıram. Əmin olduğumu bildirirəm ki, məhz Siz, Azərbaycan prezidenti Heydər Əliyev apardığınız müdrik və uzaqgörən siyasət sayəsində Avropa-Qafqaz-Asiya dəhlizi dünya ölkələrinin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsində əvəzsiz xidmət göstərəcəksiniz.

Heydər Əliyev: Gənc müstəqil dövlətlər kimi dünya birliyində artıq özünəməxsus yer tutmuş Azərbaycan ilə Moldova arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacib olduğunu bildirirəm. Avropa ilə Asiya qitələrinin nəqliyyat və başqa vasitələri inteqrasiyasının inkişafında əvəzsiz rola malik Qədim İpək yolunun bərpası üzrə Bakı konfransında Sizin yaxından iştirak etməyinizdən razı qaldığımı bildirirəm. Bazar münasibətləri yolunu seçən, demokratik, hüquqi, dünyəvi dövlət quran müstəqil Azərbaycan dünya ölkələri ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa daim xüsusi diqqət yetirir. Azərbaycan-Moldova münasibətlərinin gündən-günə inkişaf etməsinin hər iki tərəf üçün çox əhəmiyyətli olduğunu vurğulamaq istəyirəm.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün bir sıra ölkələrin nüfuzlu şirkətləri ilə ARDNŞ arasında bağlanmış tarixi əhəmiyyətli müqavilələri yüksək qiymətləndirirəm. Bu yataqlardan hasil olunan nefti dünya bazarına çıxaracaq kəmərlərin marşrutları barədə biz Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq.

Əmin olduğumu bildirirəm ki, bizim respublikalarımız - həm Azərbaycan, həm də Moldova MDB daxilində əməkdaşlığı sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaqlar. ATƏT, Avropa Şurası, ümumiyyətlə beynəlxalq təşkilatlar ilə ölkələrimizin münasibətlərinin daha da canlandırılmasını zəruri hesab edirəm.

Petru Luçinski: 1997-ci ilin oktyabrında Strasburqda Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan rəhbərləri arasında sıx əməkdaşlıq haqqında əldə edilmiş razılığı xüsusi vurğulamaq istəyirəm və bu sazişi yüksək qiymətləndirirəm. GUAM təşkilatı çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinin böyük əhəmiyyət daşıdığını bildirirəm.

Heydər Əliyev: Ermənistanın Azərbaycana təcavüzünün gənc müstəqil respublikamız üçün nə qədər ağrılı problem olduğunu dəfələrlə bildirmişəm. Müharibə xalqımı dözülməz vəziyyətə salmış, Azərbaycan xalqına çox böyük maddi ziyan vurulmuşdur. Eyni zamanda respublikada iqtisadi və siyasi islahatların həyata keçirilməsinə də mane olur.

Petru Luçinski: Bu gün təkcə Azərbaycanda deyil, dünyanın digər qaynar nöqtələrində də qan tökülür. Dnestryanı bölgədə də sülhün, əmin-amanlığın bərpa edilməsinə nail olmaq üçün bütün səylərimizdən istifadə etməliyik. Hər iki müstəqil ölkədə hüquqi, demokratik dövlət quruculuğu, sosial-iqtisadi inkişaf üçün çox böyük çətinliklər yaradan bu problemlərin Azərbaycanın və Moldovanın milli mənafelərinə uyğun olaraq, sülh yolu ilə həll edilməsi son dərəcə vacibdir.

Heydər Əliyev: Moldova ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişaf etdiyi indiki şəraitdə bizim vaxtaşırı görüşməyə, danışıqlar, məsləhətləşmələr aparmağa ehtiyacımız var. Ona görə də görüşmək üçün yaranmış hər bir imkandan istifadə edərək, ölkələrimizin münasibətlərinin daha da möhkəmləndirilməsi barədə məsələlərin müzakirəsinə geniş yer ayırmağın vacib olduğunu bildirirəm.