Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "İtoçu" şirkətinin prezidenti Murofusi Minori ilə görüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


Minori:  Hörmətli cənab Əliyev! Sizinlə yenidən görüşməkdən şərəf duyuram. "İtoçu" şirkətinin Bakıdakı fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə, cənab prezident, Sizə təşəkkür edirəm.

Ötən ilin noyabrında İstanbulda Bakı-Ceyhan əsas İxrac boru kəməri barədə sazişin imzalanması xəbəri Yaponiyada da böyük maraqla qarşılandı. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm. Mən bundan sonra da "İtoçu" şirkətinin Azərbaycanla əlaqələri möhkəmləndirməsinə xüsusi əhəmiyyət verirəm.

Heydər Əliyev: Mən Yaponiyanın ən nüfuzlu şirkətlərindən biri olan "İtoçu"nun Azərbaycana marağının daha da artmasını müsbət qiymətləndirirəm. Həmçinin ötən ilin noyabrında İstanbulda Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə sazişin

Amerika prezidenti Bill Klintonun iştirakı ilə imzalanmasını tarixi hadisə hesab edirəm.

Minori: "İtoçu" Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində təmsil olunur. Bakı-Ceyhan boru kəmərinin reallaşmasında da yaxından iştirak etmək istəyir. Təkcə Yaponiya yox, Amerika Birləşmiş Ştatları, Avropa dövlətləri də Azərbaycanla daha sıx əməkdaşlıq qurmağa böyük səy göstərirlər. Azərbaycan Yaponiya üçün çox əhəmiyyətli bir ölkədir. Biz özümüzə şərəf bilirik ki, məhz "İtoçu" Azərbaycanda iş görməyə başlamış ilk Yaponiya şirkətidir.

Heydər Əliyev: Mən "İtoçu"nun ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirirəm. Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.