Azərbaycan müəllimlərinin XII qurultayına - 3 oktyabr 2003-cü il


Hörmətli qurultay iştirakçıları!

Əziz müəllimlər!

Sizi - Azərbaycan müəllimlərinin XII qurultayının iştirakçılarını ürəkdən salamlayır, hər bir Azərbaycan müəlliminə, ölkənin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirirəm.

Müəllimlik şərəfli bir sənətdir. Azərbaycan müəllimləri bu yüksək adı ləyaqətlə daşıyırlar. Mən həmişə müəllimlərimizin əməyinə hörmətlə yanaşmışam. Bu gün də Azərbaycan müəllimlərinə cəmiyyətin inkişafı naminə göstərdikləri fədakarlığa görə öz adımdan və bütün xalqımız adından minnətdarlığımı bildirirəm. Biz hamımız Azərbaycan məktəbinə, Azərbaycan müəllimlərinə, Azərbaycanın təhsil işçilərinə borcluyuq.

Təhsilimiz qədim və zəngin tarixə malikdir. XX əsrdə isə Azərbaycan maarifinin əldə etdiyi böyük nailiyyətlər tariximizin parlaq səhifələrini təşkil edir. Bu dövrdə Azərbaycanda savadsızlığın aradan qaldırılması və xalqın maariflənməsi istiqamətində böyük irəliləyiş əldə olunmuşdur. Bu dövrün üstün cəhəti, misilsiz uğurlu təhsilin bütün pillələrində xalqın doğma ana dilində təhsil almaq hüququnun təmin edilməsi olmuşdur. Bütün bunların sayəsində Azərbaycan qısa müddətdə əhalisinin təhsil və elmi səviyyəsinə görə qabaqcıl və inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi milli dövlətçilik prinsiplərinə və ümumbəşəri dəyərlərə cavab verən islahatların aparılmasını zəruri etmişdir. Ölkəmizdə dövlət proqramına uyğun olaraq, təhsil quruculuğu sahəsində əsaslı islahatlara başlanılmış, bu proses dönməz xarakter alaraq təhsil sisteminin bütün pillələrini əhatə etmiş, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının dərinləşməsini təmin etmişdir.

Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. Azərbaycan Respublikasının prezidenti kimi sizi əmin etmək istəyirəm ki, təhsil sahəsi, təhsil islahatları hər zaman mənim diqqət və qayğım altındadır. Hesab edirəm ki, dövlət ən çətin vaxtlarında belə təhsilə və təhsil işçilərinə, məktəbə və müəllimə kömək etməlidir. Bu, fəaliyyətimin bütün dövrlərində mənim prinsipial mövqeyim olmuşdur.

Birləşmiş Millətlər Təşkilatının "Təhsil əsri" elan etdiyi XXI əsrin inkişaf strategiyasının tələbləri Azərbaycan təhsilinin qarşısında da mühüm vəzifələr qoyur. Ümidvaram ki, yeni əsrdə keçirilən bu ilk qurultayınız ötən qurultaydan sonrakı müddət ərzində ölkəmizdə milli təhsilin inkişafı sahəsində qazanılmış nailiyyətləri layiqincə qiymətləndirəcək, bu sahədə mövcud olan problemləri aşkar edəcək və milli təhsilimizin tərəqqisi naminə qəbul edəcəyi qərarların yerinə yetirilməsinə ölkənin bütün intellektual potensialını səfərbər edəcəkdir.

Qurultayın işinə uğurlar diləyir, hər birinizə cansağlığı, xoşbəxtlik və nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 oktyabr 2003-cü il

Tarixi arayış