"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda yeni sellülyar rabitə sisteminin təntənəli açılışı mərasimində nitqi" (15 dekabr 1996-cı il) sənədinə tarixi arayış


15 dekabr 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda yeni sellülyar rabitə sisteminin təntənəli açılışı mərasimində iştirak edib. Mərasimdə Azərbaycan hökumətinin və Prezident Aparatının səlahiyyətli nümayəndələri, Türkiyədən gələn iri iş adamları, bir sıra xarici ölkələrin Bakıdakı səfirləri iştirak edib.

Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev ölkədə həyata keçirilən iqtisadi siyasətin strateji məqsədinin Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə sıx bağlamaqdan ibarət olduğunu bəyan edib.

Hər bir ölkənin müasir tələblərə cavab verən rabitə sisteminə malik olması müasir dünyada gedən inteqrasiya, qloballaşma prosesləri kontekstindən özünəməxsus əhəmiyyətə malikdir. Rabitə sisteminin təkmil və qüsursuz fəaliyyət göstərməsi ölkənin iqtisadi inkişafına da həlledici təsir göstərir. Bunları nəzərə alan Azərbaycan hökuməti ölkədə müasir standartlar səviyyəsində sellülyar (simsiz) rabitə sisteminin təmin edilməsi üçün imkanları araşdırıb. Bu tələbin Azərbaycanda ödənilməsi işi Türkiyə və Azərbaycan birgə müəssisəsi olan Azercell Telecoma həvalə edilib.

Şirkət fəaliyyətə başladıqdan dərhal sonra Azərbaycanda müasir mobil rabitə sisteminin təşkili üçün investisiya layihələrinin fəal şəkildə həyata keçirilməsi ilə məşğul olub. Fəaliyyəti ərzində şirkətin Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyalarının ümumi məbləği 581,1 ABŞ dolları təşkil edib. (http://www.azercell.com/)

Hazırda şirkətin rabitə bazarındakı payı 73% təşkil edir. Qeyd edək ki, bu rəqəm 2005-ci ildə 85% təşkil edib və rəqəmin 12% aşağı düşməsi son illər Azərbaycanda yeni mobil rabitə operatorlarının fəaliyyətə başlaması ilə əlaqədar olub. Bu da sahədə başlanan rəqabət mühitinin daha keyfiyyətli xidmət tələb etməsi ilə izah olunur. Şirkətin mobil rabitə xidmətindən istifadə edən abonentlərinin sayı ildən-ilə artaraq 2005-ci ildə 1 milyon 350 min nəfərə, 2007-ci ildə isə 2 milyon 800 min nəfərə şatıb. Hazırda bu rəqəm 3 milyondur. Bu da Azərbaycan əhalisinin MDB məkanında adambaşına düşən mobil rabitədən istifadə səviyyəsinə görə ilk yerlərdən birində qərarlaşmasına şərait yaradıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin məlumatına görə, "Azercell Telekom" BM neft sektorundan sonra respubulikada ikinci ən iri vergi ödəyicisidir. Fəaliyyəti ərzində şirkət dövlət büdcəsinə və büdcədənkənar fondlara 379610559 ABŞ dolları məbləğində vergi ödəyib. (http://www.azercell.com/)

Azərbaycanda dünya standartlarına uyğun, keyfiyyətli İnternet xidmətlərini təklif etmək üçün 1999-cu ilin dekabrında Azercell Telecomun iştirakı ilə "Azeronline" şirkəti yaradılıb.

Azercell Telecom birgə müəssisəsinin Azərbaycan hökumətinə məxsus 30%-lik səhm paketinin 2008-ci ilin fevralında şirkətin əsas səhmdarına 180 milyon ABŞ dollarına satılaraq onun tam özəl müəssisə olmasına qərar verilib. (http://www.day.az/)

1993-2003-cü illərdə Azərbaycanda rabitə kompleksi sahəsində həyata keçirilən islahatlar nəticəsində ölkədə mobil telefon rabitəsi, internet sürətlə inkişaf etməyə başlayıb, rəqəmsal sistemin tətbiqi geniş vüsət alıb, yeni texnologiyaların geniş yayılması üçün böyük investiya sərf olunub, ATS-lər elektronlaşdırılıb. Heydər Əliyevin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" adlı dövlət proqramının qüvvəyə minməsi ilə son 5 ildə ölkədə rabitənin inkişafı sürətli inkişaf mərhələsinə qədəm qoyub. (http://old.mincom.gov.az/)

Azərbaycan Prezidenti İlham Əliyev rabitə və informasiya texnologiyaları sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə 20 fevral 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması barədə fərman imzalamaqla sahənin inkişafının prioritet olduğunu bir daha bəyan edib. Fərmanda informasiya texnologiyalarının inkişafı telekommunikasiya şəbəkələrini, yəni məftilli və simsiz telefon sektorunu, televiziya-radio sistemlərini, süni peyk və kabel magistrallarını, kompüter şəbəkələrini vahid bir sistemdə cəmləşdirilməsi və əlaqəli istismarı tələb kimi yeni nazirlik qarşısında qoyulub. (http://www.president.az/)

Hazırda Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir. Daha əvvəl fəaliyyətə başlamış "Azərsell" və "Baksell" şirkətlərinə "Nar Mobile" də qoşulub.

Tarixi arayış 25 fevral 2008-ci ildə yeniləşdirilib.