Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri Bülənd Ecevit ilə görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 18 yanvar 1999-cu il


Bülənd Ecevit: Hörmətli Prezident, cənab Heydər Əliyev. Mən Sizi Türkiyə torpağında görməkdən məmnuniyyət duyduğumu bildirir, bir daha səmimi qəlbdən salamlayır, Sizə cansağlığı arzulayıram.

Heydər Əliyev: Mənə, mənim səhhətimə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə, Türkiyə hökumətinə təşəkkürümü bildirirəm. Sizi, cənab Bülənd Ecevit, Türkiyə respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz ilə əlaqədar səmimi qəlbdən təbrik edirəm, Sizə və rəhbərlik etdiyiniz yeni hökumətə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm, qardaş Türkiyə Respublikasının çiçəklənməsi naminə görüləcək işlərdə uğurlar arzulayıram.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri böyük və zəngin tarixə malikdir. Biz bunu yüksək qiymətləndiririk. Bizim keçmişimiz də, bu günümüz də dostluq, qardaşlıq əlaqələri ilə səciyyəvidir. Azərbaycan dövlət müstəqilliyini əldə edən andan indiyə qədər Türkiyə ilə bütün sahələrdə sıx əməkdaşlıq edir və bizim dostluq, qardaşlıq əlaqələrimiz günü-gündən inkişaf edir. Türkiyə bizim üçün dost, qardaş, yaxın ölkədir, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkədir, dövlət müstəqilliyimiz yolunda Azərbaycana daim dayaq olan, kömək edən qardaş ölkədir. Biz bunu bütün sahələrdə hiss etmişik və edirik.

Biz Türkiyəni dünyanın böyük və nüfuzlu dövlətlərindən hesab edirik. Biz Türkiyənin əldə etdiyi nailiyyətləri gənc, müstəqil Azərbaycanın dövlət quruculuğunda örnək kimi qəbul etmişik. Mən Türkiyə ilə Azərbaycan arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında bütün sənədləri yüksək qiymətləndirirəm. Əminəm ki, bizim nailiyyətlərimiz həm Azərbaycanın, həm də bütün regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Mən Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirən, xalq tərəfindən "Ümid körpüsü" adlanan və 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi zaman tikintisi sürətlə aparılaraq başa çatdırılan körpünün salınmasını tarixi hadisə kimi dəyərləndirirəm. Blokada şəraitində yaşayan Naxçıvana Türkiyə tərəfindən də elektrik enerjisi verilməsini yüksək qiymətləndirirəm. Türkiyənin bu dəstəyinin regionun iqtisadi inkişafı ilə yanaşı, həm də əhalinin məişət problemlərinin həllində böyük rol oynadığını bildirirəm.

Mən sizi, Türkiyənin baş naziri Bülənd Eceviti Ramazan bayramı münasibəti ilə təbrik edirəm, türk xalqına mənim ən xoş arzu və diləklərimi çatdırmağı xahiş edirəm.

Bülənd Ecevit: Bu səmimi görüşə, xoş sözlərə görə təşəkkür edirəm. Türkiyə Respublikasının dost və qardaş Azərbaycanı hər sahədə daim dəstəkləyəcəyini bildirirəm. Cənab prezident, mən də Sizi və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.