Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqaristan Respublikasının Prezidenti Petr stoyanov ilə təkbətək görüşündə söhbətindən - Prezident sarayı, 2 dekabr 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab prezident! Azərbaycana xoş gəlmisiniz.

Dəvətimi qəbul edərək respublikamıza rəsmi səfərəgəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Mən əminəm ki, bu görüş ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da inkişaf etdirilməsinə çox kömək edəcəkdir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra Sizin Azərbaycana ilk rəsmi səfəriniz məni çox məmnun edir. İnanıram ki, bu səfər dövlətlərarası münasibətlərimizin daha da inkişaf etməsinə əsaslı kömək göstərəcəkdir. Mən 1995-ci ildə Sofiyaya rəsmi səfərim zamanı Azərbaycan ilə Bolqarıstan arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə imzaladığımız sənədləri yüksək dəyərləndirirəm. Əminəm ki, o vaxt möhkəm bünövrəsi qoyulmuş əlaqələrimiz indən sonra daha yüksək səviyyəyə qalxacaqdır.

Cənab Petr Stoyanov, Sizinlə beynəlxalq tədbirlər zamanı keçirdiyimiz görüşlər, apardığımız danışıqlar çox əhəmiyyətlidir. Tarixi İpək yolunun bərpası üçün ötən il Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq konfransda Sizin də iştirak etmənizdən çox razıyam. Bu proqramın müvəffəqiyyətlə reallaşdırılması bir çox ölkələrə böyük faydalar gətirəcəkdir.

Mənim fikrimcə, Azərbaycan və Bolqarıstan bütün sahələrdə, habelə TRASEKA və İNOQEYT kimi böyük əhəmiyyətli proqramların yerinə yetirilməsi, nəqliyyat dəhlizindən səmərəli istifadə edilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirməlidirlər. Bazar münasibətləri, demokratik inkişaf yolu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğundan, islahatların müvəffəqiyyətlə həyata keçirməsi nəticəsində böyük uğurlar əldə olunmuşdur. İqtisadiyyatın dünya iqtisadiyyatı ilə daha sıx bağlanmasına çalışan Azərbaycan xarici ölkələrlə, o cümlədən Bolqarıstan ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Ümidvaram ki, gələn ilin yanvar ayında Sofiyada keçiriləcək  Bolqarıstan - Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının iclası ölkələrimizin iqtisadi əlaqələrinin möhkəmlənməsinə yeni təkan verəcəkdir.

Sizə məlumdur ki, Ermənistanın Azərbaycana təcavüzü on ildən  bəri davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla çıxarılaraq çadırlarda ağır vəziyyətdə yaşayır. Azərbaycan bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasını istəyir, bunun üçün Ermənistan prezidenti ilə son dövrdə danışıqlar aparırıq.

Azərbaycan ilə Bolqarıstan arasında beynəlxalq təşkilatlarda əməkdaşlığın daha da sıxlaşdırılmasının, Bakıda və Sofiyada ölkələrimizin səfirliklərinin fəaliyyətə başlamasını vacib hesab edirəm.

Ötən ay Bakı-Ceyhan neft və Transxəzər qaz kəmərləri haqqında İstanbulda tarixi əhəmiyyətli sənədlər imzalandı. Artıq Xəzərin Azərbaycan sektorundakı və qurudakı yataqların birgə işlənilməsi üçün müəyyən işlər görülmüşdür. Bu sahədə də Azərbaycan-Bolqarıstan əlaqələrinə geniş imkanlar açılır.

Petr Stoyanov: Hörmətli cənab prezident, Azərbaycana rəsmi səfərə dəvət olunduğuma görə Sizə minnətdarlıq edirəm. Sizinlə görüşümdən hədsiz məmnunluq duyuram.

Bolqarıstanın Azərbaycanla bütün sahələrdə daha sıx əlaqələr qurmağa böyük maraq göstərdiyini xüsusi qeyd etmək istəyirəm. Demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycanda əldə olunmuş nailiyyətləri görməkdən məmnunam. Mənə və başçılıq etdiyim nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edirəm. Respublikanıza rəsmi səfərimə çox böyük əhəmiyyət verirəm. TRASEKA və İNOQEYT kimi çox nüfuzlu proqramların həyata keçirilməsində Bolqarıstan da yaxından iştirak edir. Sizin təşəbbüsünüzlə Qədim İpək yolunun bərpası üçün ötən il Bakıda keçirilmiş beynəlxalq konfransda qəbul olunmuş sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə yeni təkan vermişdir.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tezliklə aradan qaldırılmasını Bolqarıstan da arzulayır, beynəlxalq təşkilatlarda Sizin respublikamızla əməkdaşlığın genişləndirilməsinə ölkəmiz xüsusi əhəmiyyət verir. Onu da deyim ki, Bolqarıstan Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinə dəstək verəcəkdir. Biz Azərbaycan-Bolqarıstan İqtisadi Əməkdaşlıq Komissiyasının gələn ilin əvvəlində Sofiyada keçiriləcək iclasına ciddi hazırlaşırıq. Bolqarıstan hökuməti Bakıda səfirlik açmaq barədə qərar qəbul etmişdir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla yanaşı, elm, təhsil, mədəniyyət sahəsində də əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Biz coğrafı-siyasi cəhətdən əlverişli mövqedə yerləşən Azərbaycanla bütün sahələrdə münasibətlərimizin gündəngünə inkişaf etməsi üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Xəzərin Azərbaycan sektorundakı və qurudakı yataqların birgə işlənilməsi sahəsində Azərbaycanın xarici ölkələrlə imzaladığı müqavilələri yüksək qiymətləndirirəm. Bu neftin dünya bazarına çıxarılmasında Bolqarıstanın da iştirak etmək arzusunda olduğunu bildirirəm.

Heydər Əliyev: Dəvətimizi qəbul etdiyiniz və xoş arzularınız üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, dünya siyasətinə, o cümlədən Qafqazda vəziyyətə, beynəlxalq təşkilatlarda ölkələrimizin əməkdaşlığının genişləndirilməsinə dair bir sıra məsələlər barəsində fikir mübadiləmizin böyük əhəmiyyəti olacaqdır.