Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla İbn Əbdül Əziz al Səid ilə görüşdəki söhbətindən - Tehran, 11 dekabr 1997-ci il


Abdulla İbn Əbdül Əziz Al Səid: Hörmətli cənab prezident, Sizi ehtiramla salamlayıram, görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşümdən şərəf duyuram. Bildirirəm ki, Sizin Səudiyyə Ərəbistanına səfərinizi həmişə məmnunluqla xatırlayırlar. Mən Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdül Əziz Al Səidin salamlarını və hörmət-ehtiramını Sizə çatdırmağı özümə borc bilirəm.

Heydər Əliyev: Səmimi sözlərə görə təşəkkür edirəm. 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına səfərimdən, İslam dininin müqəddəs şəhərləri olan Məkkəni, Mədinəni, Ciddəni ziyarət etməyimdən, kralla və ölkənin digər yüksək vəzifəli şəxsləri ilə görüşlərimdən məmnunluqla bəhs edərək, şahzadə ilə 1994-cü ilin dekabrında Mərakeşdə keçirdiyim görüşü, apardığım danışıqları da razılıqla xatırlayıram.

Ümidvar olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü müsəlman aləminin birliyinin daha da möhkəmləndirilməsində, bu təşkilatın üzvü olan bir sıra ölkələrin qarşılaşdığı çətinliklərin həllində mühüm rol oynayacaqdır. Mən gənc müstəqil Azərbaycan Respublikası üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edirəm. 1988-ci ildən bəri davam edən bu təcavüz nəticəsində Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan didərgin düşmüşdür. Münaqişənin aradan qaldırılması üçün ATƏT-in Lissabon görüşündə əsas prinsiplər qəbul edilmiş, Minsk qrupu çərçivəsində danışıqlar aparılır, həmsədrlər təkliflər irəli sürmüşlər. Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe bu münaqişənin ədalətli həllinə mane olur.

Mən azərbaycanlı qaçqınlara göstərilən humanitar yardıma görə Səudiyyə Ərəbistanının rəhbərliyinə minnətdarlığımı bildirirəm, salamlarımı və xoş arzularımı Kral Fəhd ibn Əbdül Əziz Al Səudə çatdırmağı rica edirəm. Mən Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsində Səudiyyə Ərəbistanının yaxından iştirakı və bu ölkənin Azərbaycanın bir sıra sahələrinə sərmayə qoymasını ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm addımlar kimi yüksək qiymətləndirirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2004, XIII cild, səh. 377-378.