"Azərbaycanda investisiya qoyuluşu imkanları" mövzusunda Beynəlxalq Konfransın iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təbrik məktubu" (Bakı, 22 aprel 1997-ci il) sənədinə tarixi arayış


22 aprel 1997-ci ildə Bakıda "Azərbaycanda investisiya qoyuluşu imkanları" mövzusunda beynəlxalq konfrans keçirilib. Bu münasibətlə Azərbaycan Prezidenti Heydər Əliyev konfrans iştirakçılarına təbrik məktubu göndərərək onlara uğurlar arzulayıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra öz iqtisadi sistemini bazar iqtisadiyyatı prinsiplərinə müvafiq iqtisadiyyat əsasında inkişaf etdirmək yolu tutub. Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bazar iqtisadiyyatına keçid prosesinin qısa müddətdə və ‎sosial ədalət prinsipinə müvafiq həyata keçirilməsi, yeni iqtisadi sistemin elmi-‎nəzəri və praktik baxımdan öyrənilməsi Azərbaycan dövlətinin xüsusi diqqət ayırdığı əhəmiyyətli məsələlərdən biri olub. ‎Bu ərəfədə dövlət və hökumət strukturları yeni iqtisadi sistem üçün prinsipial əhəmiyyət kəsb ‎edən məsələlərin beynəlxalq təcrübədə tətbiq xüsusiyyətlərini öyrənmək ‎istiqamətində ciddi tədbirlər görüb. Belə tədbirlərdən biri də 22 aprel 1997-ci ildə ‎Azərbaycan Respublikası Nazirlər Kabineti, Beynəlxalq Valyuta Fondu, Dünya ‎Bankının və digər beynəlxalq investisiya təşkilatlarının birgə təşəbbüsü ilə Bakıda ‎keçirilən "Azərbaycanda investisiya qoyuluşu imkanları" mövzusunda beynəlxalq konfrans olub. Qeyd etmək lazımdır ki, beynəlxalq konfransda Azərbaycanın ‎yeni neft strategiyası çərçivəsində ölkəyə gələn xarici investisiyaların milli iqtisadiyyatda tək neft sektoruna deyil, həm də qeyri-neft sektoruna cəlb edilməsi imkanları da geniş müzakirə edilib. Burada məqsəd Azərbaycanda yeni prinsiplər əsasında qurulan milli iqtisadiyyatda yerli və beynəlxalq ekspertlərin ideyalarından bəhrələnmək olub.‎

İki gün davam edən beynəlxalq konfransda nazirlər, komitə rəhbərləri, iqtisadçı alimlər, ‎xarici ölkələrin Azərbaycandakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, xarici ekspertlər ‎çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri haqqında öz baxışlarını bildiriblər.

Beynəlxalq konfrans başa çatdıqdan sonra ‎24 aprel 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev tədbirin bir qrup iştirakçısını qəbul edərək konfransın gedişi və müzakirə edilən məsələlərlə maraqlanıb.

Azərbaycan Prezidenti Heydər Əliyev konfrans iştirakçılarına göndərdiyi təbrik məktubunda Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması işində göstərdikləri yardım və əməkdaşlığa görə onlara öz minnətdarlığını bildirib. 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, xüsusən də 1994-cü ildən başlayaraq ölkəyə xarici investisiyaların sürətli axını başlanıb. Bu günə qədər ölkə iqtisadiyyatına 40 milyard ABŞ dollarından artıq xarici investisiya cəlb edilib. Ümumi daxili məhsul istehsalının 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz, 2007-ci ildə isə 25 faizdən çox artımı təmin edilmişdir. 2008-ci ildə ÜDM istehsalının artımı 25 faizdən çox proqnozlaşdırılmışdır. Bu cür sürətli artım ilk dövrlərdə xarici investiyaların hesabına təmin edilirdisə, son üç ildə daxili investisiya resursları üstünlüyü ələ alıb. 2007-cı ildə ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatına qoyulan ümumi investisiya həcmində daxili resursların payı, xarici resurslardan artıq olub. Məsələn, 2005-ci ildə ölkə iqtisadiyyatına büdcədən 130 milyon manat, 2006-cı ildə 611 milyon manat, 2007-ci ildə 1 milyard 915 milyon 423 min manat daxili investisiya yönəldilib. Bu rəqəm 2008-ci il büdcəsində 2 milyard 822 milyon manat vəsaitdir. 2008-ci ildə investisiya xərcləri büdcə xərclərinin 43,4 faizini təşkil edir. (http://www.capital.trend.az/)

2008-ci ilin son altı ayının yekunlarına əsasən bütövlükdə Azərbaycan iqtisadiyyatına 4,4 milyard ABŞ dolları sərmayə qoyulub və onun 3,1 milyard ABŞ dolları daxili sərmayənin payına düşüb. (http://www.president.az/)

Bunların nəticəsi olaraq ölkədə adambaşına düşən ÜDM-in həcmi 2007-ci ildə 3000 manat olub və bu da son üç ildə 4,2 dəfədən çox artım deməkdir. 2008-ci ildə isə onun 3700 manata yüksələcəyi proqnozlaşdırılıb. (http://www.xalqqazeti.com/)

2008-ci ildə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi məbləği 6 milyard 246 milyon 300 min manat proqnozlaşdırılıb. Bunun da 4 milyard 400 milyon manatı və ya ümumi investisiyanın 70,4%-i daxili investisiyaların, 1 milyard 846 milyon 300 min manatı və ya ümumi investisiya qoyuluşunun 29,6%-i faizi isə xarici investisiyaların payına düşəcək. (http://www.president.az/)

Bu gün Azərbaycana nəinki güclü investisiya axını müşahidə edilir, həmçinin Azərbaycanın özü artıq kreditora çevrilir, onun müvafiq strukturları xarici investor kimi çıxış edir. Bu, Azərbaycan hökumətinin son 15 ildə həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir. 

Tarixi arayış 9 sentyabr 2008-cı ildə tərtib edilib.