Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Daxili İşlər Nazirliyi rəhbər işçilərinin geniş müşavirəsində giriş sözü - 29 aprel 1994-cü il


Daxili İşlər Nazirliyi dövlət strukturunda çox mühüm yer tutur və onun qarşısında böyük vəzifələr durur. İndi, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini möhkəmləndirdiyi, ölkəmiz müharibə şəraitində olduğu bir dövrdə bu nazirliyin qarşısında duran vəzifələrin nə qədər məsuliyyətli olduğunu sübut etməyə ehtiyac yoxdur.

Daxili İşlər Nazirliyi hərbiləşdirilmiş təşkilatdır, zabitlərdən və başqa rütbəli şəxslərdən ibarətdir. DIN-ə dövlət tərəfindən daim qayğı və diqqət göstərilmişdir və indi də göstərilir. DIN-in əməkdaşları xüsusi təminata və əhalinin başqa təbəqələrinə nisbətən xeyli imtiyazlara malikdirlər. Bununla yanaşı, bütün xalq bilir ki, Daxili İşlər Nazirliyində çalışan hər bir əməkdaşın üzərinə çox böyük və şərəfli vəzifə düşür. Bir daha qeyd edirəm ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının işi ağırdır, çətindir, məsuliyyətlidir və hətta çox vaxt onların həyatının təhlükə qarşısında qalması ilə bağlıdır. DİN-də işləmək, onun əməkdaşı, zabiti olmaq bir tərəfdən şərəflidir, ikinci tərəfdən də çox məsuliyyətli, əzab-əziyyətlidir.

Bütün bunları bilirik, dövlət bunu məhz belə qiymətləndirir və xalqımızın əksəriyyəti də Daxili İşlər Nazirliyinin cəmiyyətimizdə, dövlətimizdə tutduğu görkəmli mövqeni qiymətləndirir, bu orqana və onun əməkdaşlarına hörmət, ehtiram bəsləyir.

Respublikamız altı ildir ki, müharibə şəraitindədir. Xalqımız öz torpaqlarını düşməndən qorumaq üçün vuruşur. Son aylarda ordumuz böyük cəsarətlə döyüşlər apararaq torpaqlarımızı müdafiə edir. Ermənistan tərəfindən altı il bundan əvvəl başlanan təcavüz indi də davam edir. Biz müharibə şəraitində yaşayırıq. Ötən dövrdə bu müharibədə, bu döyüşlərdə, torpağın müdafiəsində DİN-in əməkdaşları - zabitlər, polis işçiləri də cəsarətlə vuruşmuş, böyük qəhrəmanlıq nümunələri göstərmişlər. Onların bir çoxu şəhid olmuş, həyatını xalqımızın, Vətənimizin səadəti uğrunda qurban vermişdir.

Bunları cəmiyyətimiz, dövlətimiz, bütün xalq bilir və qiymətləndirir. Bu gün mən DIN-in, polis orqanlarının torpaqlarımızın müdafiəsi uğrunda fəaliyyətinə bir daha yüksək qiymət verirəm. Cəbhələrdə bu gün də qanlı döyüşlər gedir. Əgər son mərhələni götürsək, erməni silahlı dəstələrinin aprelin 10-dan respublikamıza qarşı başladığı hücumlar davam edir. Ancaq silahlı qüvvələrimiz, o cümlədən polis orqanlarının işçiləri, əməkdaşları bu hücumların qarşısını alır və torpaqlarımızı müdafiə edirlər. Biz bu gün buraya işgüzar söhbət aparmaq üçün toplaşmışıq. Hazırda

həyatımızın əsas, xarakterik cəhəti müharibə ilə, cəbhə ilə, döyüşlərlə bağlıdır. Ona görə də mən söhbətimi məhz bu mövzu ilə başladım. Mən Vətən naminə şəhid olanların xatirəsini bir daha yad edirəm. Vətən yolunda canını qurban verənlər arasında olan DİN əməkdaşlarının, polis işçilərinin də qəhrəmanlığını qeyd edirəm və onların xatirəsini yad etmək üçün bir dəqiqə ayağa qalxmağı rica edirəm.

Allah bütün şəhidlərə rəhmət eləsin!

Daxili İşlər Nazirliyinin işində çox böyük problemlər də vardır. DİN və onun orqanları bu problemlərin həll olunması üçün daha böyük fəallıq göstərməli, işlərini düzgün qurmalıdırlar.

Dediyim səbəblərə görə cəmiyyətimizdə gərginlik var. Respublikamız bir tərəfdən müharibə aparır, digər tərəfdən ağır sosial-iqtisadi böhran içərisindədir, Respublikamızda bir milyondan artıq qaçqın var. Belə bir dövrdə dövlət orqanlarının hamısı gərək öz işlərini daha yararlı qursun, günün tələblərinə uyğun aparsın.

Dövlət orqanları içorisində Daxili İşlər Nazirliyi xüsusi yer tutur. DİN cəmiyyətimizin bütün özəkləri və təbəqələri ilə əlaqədardır, bağlıdır. Onun qarşısında duran vəzifələri siz yaxşı bilirsiniz. Ancaq qısaca bunu bir daha yadınıza salmaq istəyirəm ki, respublikamızın hazırkı ağır vəziyyətinlə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi DİN-in, onun orqanlarının fəaliyyətnidən çox asılıdır.

Həm nazirlik, həm də onun orqanları qarşısında duran bu vəzifələr təəssüf ki, günün tələblərinə uyğun səviyyədə yerinə yetirilmir və onlar cəmiyyətdəki mövcud problemlərin həll olunmasında öncül mövqe tuta bilmirlər. Bilirsiniz ki, dövlətin işində dövlət orqanlarının hər birinin öz yeri vardır, ancaq Daxili İşlər Nazirliyinin, polis orqanlarının xüsusi yeri var və onlardan çox şey asılıdır. Mən sözümə başlayanda dedim ki, həm vəzifələr böyükdür, həm də DİN-in əməkdaşları üçün geniş imkanlar, imtiyazlar yaradılmışdır. Ona görə də bizim haqqımız var ki, DİN-in bütün işçilərindən, əməkdaşlarından daha yaxşı işləməyi tələb edək. Onların fəaliyyətinin bugünkü səviyyəsi isə bizi qane etmir. Bu, mənim ümumi fikrimdir, cəmiyyəti də qane etmir.

Cəmiyyətimizdə Daxili İşlər Nazirliyinin, polis orqanlarının işindən çoxlu narazılıq vardır. Bəllidir ki, bu narazılıqlar DIN-in imkanlarından kənar olan məsələlərin həlli ilə əlaqədardır. Ancaq çox vaxt, əksər hallarda narazılıq əsaslıdır. Əgər DİN-də və onun bölmələrində, polis orqanlarınla çalışan hər kəs öz sahəsində qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirə bilsə, bu narazılıq da az olar. Həm də söhbət təkcə narazılıqdan getmir -cəmiyyətimizdə olan bu çətinliklər xeyli azala bilər. İndi nazirliyin ətrafında cürbəcür, qəribə söhbətlər gedir - nazirliyin rəhbərliyi haqqında, onun rəhbər orqanları başçılarının bir-biri ilə əlaqələri barədə qəzetlər yazırlar, ümumi ictimai rəy daha çox mənfi tərəfə yönəlib. Doğrudur, mən daim ictimai rəylə hesablaşmışam, hesablaşıram. Çünki ictimai rəy ümumən obyektiv xarakter daşıyır. Ancaq məni narahat edən nə bu qəzet yazıları, nə də ictimai rəydir. Məni şəxsən bir prezident kimi narahat edən odur ki, DİN böyük qüvvəyə malik olsa da, qarşısında duran vəzifəni yerinə yetirə bilmir. Cinayətkarlıq həddindən çox artıb. Cinayətkarlıqla mübarizə zəif gedir. İnsanların hüquqları taplalanır. Bizim polis orqanları insanların hüquqlarının qorunmasına çox vaxt təminat verə bilmirlər. Respublikamızda nizam-intizam aşağı səviyyədədir. Müəssisələrdə, təşkilatlarda, respublikamızın cürbəcür özəklərində cinayətkarlıq, rüşvətxorluq, bir çox mənfi hallar geniş yayılmışdır. Bunların aradan götürülməsi, belə hallara qarşı mübarizə aparılması üçün hüquq-mühafizə orqanları hamısı birlikdə, bərabər, ahəngdar fəaliyyət göstərməlidirlər. Bu orqanlar arasında da DİN-in xüsusi yeri var. Təəssüf ki, mən hüquq-mühafizə orqanlarının nə mütəşəkkil fəaliyyətini (belə bir mütəşəkkillik yoxdur), nə də DİN-in günün tələblərinə uyğun olan fəaliyyətini görə bilirəm.

Daxili İşlər Nazirliyinin içərisində, yəni kollektivin daxilində, nazirliyin yerli orqanlarının da içərisində qeyri-sağlam mühit yaranmışdır. Nazirliyin, polis

orqanlarının ətrafında da qeyri-sağlam mühit vardır. İnsanlar açıqdan-açığa deyirlər ki, DİN-də bəzi ləyaqətsiz adamlar işləyir, bu nazirliyin içərisində rüşvətxorluq geniş yayılmışdır. Mən belə hesab edirəm ki, çox hallarda bütün bunlar əsaslıdır. Ancaq mən belə nəticəyə gəlirəm ki, DİN-də və onun bir çox təbəqələrində bu sözlərə danışılanlara, tənqidlərə, iradlara qarşı immunitet yaranıb. Bir çoxları belə hesab edirlər ki, siz nə danışırsınızsa danışın, nə deyirsinizsə deyin, biz indiyədək necə yaşamışıq, necə işləmişiksə, bundan sonra da elə işləyəcəyik.

Şübhəsiz ki, mən bu sözləri Daxili İşlər Nazirliyinin bütün işçilərinə aid etmirəm. Daxili İşlər Nazirliyində ölkəsinə, xalqına vicdanla, namusla xidmət edən adamların sayı çoxdur. Bəlkə də onlar əksəriyyət təşkil edir. Ancaq bununla yanaşı, bu şərəfli orqanın adını ləkələyən, vəzifəsindən sui-istifadə edən və cəmiyyət, dövlət üçün çox mühüm olan bu orqanın hörmətini get-gedə aşağı salan adamların sayı da az deyildir.

Dediyim kimi, Daxili İşlər Nazirliyi böyük qüvvədir. O, dövlətin güvəndiyi, arxalandığı böyük bir təşkilatdır - silahlı, hərbiləşdirilmiş təşkilatdır. Əgər belə bir təşkilatda, nazirlikdə, orqanda qeyri-sağlam əhval-ruhiyyə mövcuddursa, mən bir prezident kimi buna dözə bilmərəm. Ona görə də bu gün sizi, məhz rəhbər işçiləri bura dəvət etmişəm. Başqa hüquq-mühafizə orqanlarından heç kəs dəvət olunmayıb, burada siz və Prezident Apartının məsul işçiləri iştirak edirlər.

Mən sizdən soruşuram: nə üçün belə vəziyyət yaranmışdır? Daxili İşlər Nazirliyi niyə öz qarşısında duran vəzifələri layiqincə yerinə yetirə bilmir? Bu nazirliyin ətrafında nə üçün belə qeyri-sağlam mühit mövcuddur? Nə üçün siz ələlə verib birlikdə işləyə bilmirsiniz? Bu orqanın bəzi idarələri nazirliyin rəhbərliyi tərəfindən nə üçün idarə oluna bilmir? Mən bunları bilmək istəyirəm. Bu nazirliyin işçilərinin böyük əksəriyyətinin sədaqətli xidmət etdiyini qeyd etdim. DİN-in tərkibində olan daxili qoşunların, əsasən cəbhə bölgəsində olan hissənin xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün onlara hörmət və ehtiramımı bildirmək istəyirəm. Daxili qoşunların komandanı general Məmmədovun və onun rəhbərliyi altında cəbhədə vuruşanların xidmətini xüsusi qeyd edirəm. Onlar orada böyük işlər görürlər, Azərbaycanın torpaqlarını qəhrəmancasına müdafiə edirlər. Belə döyüşçülərin, polis işçilərinin - general Məmmədovun rəhbərlik etdiyi bütün döyüşçülərin işi hər birimizi sevindirir və böyük hörmət hissi doğurur. General Məmmədovdan rica edirəm ki, bu sözlərimin hamısını bütün şəxsi heyətə çatdırsın.

Ancaq eyni zamanda, bu cür mənəviyyatca yüksək amallara xidmət edən vətəndaşlarımızla yanaşı, onlara zidd mövqedə duran adamlar bu orqanın - polis orqanlarının hörmətini aşağı salır, ləkələyir və polis orqanlarında işin lazımi səviyyədə olmasına maneçilik törədirlər. Mən konkret heç nə demirəm. Güman edirəm ki, dediyim bu sözlər sizin üçün müəyyən məna verir. Ona görə də sizdən tələb edirəm ki, bu gün mənə açıq deyəsiniz - nə üçün belə vəziyyət yaranıb? Daxili İşlər Nazirliyinin hörməti niyə aşağı düşüb? Siz öz vəzifələrinizi nə üçün yerinə yetirə bilmirsiniz?

Yekun sözü

Bugünkü söhbətin nəticəsi barədə onu deyə bilərəm ki, müşavirəyə gedərkən məndə olan qənaətlər təsdiq edilir. Yəni Daxili İşlər Nazirliyində və onun ətrafında qeyri-sağlam mühit yaranmışdır. Bu səbəbdən də Daxili İşlər Nazirliyi kimi böyük bir orqanın imkanlarından ümumi işimizin naminə istifadə edilə bilmir.

Daxili İşlər Nazirliyinin dövlət strukturundakı yeri və onun üzərinə düşən məsuliyyət, vəzifələr haqqında müşavirənin əvvəlində öz fikrimi dedim. Bir daha qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikasının həyatının indiki dövründə bu nazirlik, onun bütün strukturları çox mühüm əhəmiyyət kəsb edir və respublikanın hazırkı ağır vəziyyətdən çıxması üçün bu orqanın yüksək səviyyədə fəaliyyət göstərməsi vacibdir. Təəssüf ki, bu, əslində belə deyil. Belə hesab edirəm ki, bu da son vaxtların nəticəsi deyildir. Keçmişə nəzər salın. Burada kim isə dedi ki, on iki-on üç nazir dəyişmişdir. Məsələ təkcə nazirlərin dəyişdirilməsində deyil. Söhbət ondan gedir ki, Azərbaycan Respublikasının uzun illər ərzində yaranmış professional milis, indiki adla desək, polis kadrları son illərdə ölkəmizdə gedən cürbəcür dəyişikliklər nəticəsində müəyyən mənada korlanmış, müəyyən mənada dağıdılmış, müəyyən mənada isə mənfi ünsürlərin təsiri altına düşmüşdür.

Əgər son üç-dörd ili götürsək, Daxili İşlər Nazirliyinin başına nələr gəlməmişdir. Xatırınızdadır ki, Azərbaycan SSRİ-nin tərkibində olarkən, respublikanı dağıtmaq üçün bir müddət Daxili İşlər Nazirliyində, Prokurorluqda böyük briqadalar gətirib qoymuşdular. Bununla guya Azərbaycan Respublikasında baş vermiş böyük cinayətləri açmaq istəyirdilər. Ancaq bunların heç bir nəticəsi olmadı, xalqımıza isə nə qədər böyük mənəvi zərbələr dəydi. Sonrakı dövrdə Daxili İşlər Nazirliyinin orqanları təəssüf ki, siyasi proseslərə, siyasi qruplaşmalara qoşuldular. Nəticədə yüksək peşəkarlığa malik təcrübəli kadrlar, bəlkə də özlərinin günahı olmadan, itirildi, yaxud da bəzi adamların iddiaları ilə işdən kənar edildi. Bu isə polis orqanlarına zərbə oldu. Son dövrü götürsək, əgər polis orqanlarında "Boz qurd" kimi bir təşkilat yaranmışdısa, yaxud həmin orqanlara polis işini bilməyən, bu işdən tamamilə uzaq olan və aşağı səviyyələrdə işləmiş adamları gətirib yüksək vəzifələrə qoydularsa, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən orqan ayrı-ayrı adamların əlində oyuncağa döndüsə, hərc-mərclik, özbaşınalıq, dərəbəylik geniş yayıldısa, əlbəttə ki, bütün bunlar daxili işlər orqanlarının fəaliyyətinə mənfi təsir göstərməyə bilməzdi.

Məhz bunları nəzərə alaraq biz keçən ilin iyul-avqust aylarında Daxili İşlər Nazirliyinin rəhbərliyini dəyişdik. Vaqif Novruzov nazir təyin olundu. Sonra onun birinci müavini təyin edildi. İki müavin isə əvvəldən də işləyirdilər. Onların borcu idi və şərait yaradıldı ki, böyük imkanlara malik olan orqanı düşdüyü bəlalardan qurtarsınlar, bu orqanda baş verən çirkin proseslərə son qoysunlar və onu dövlətə xidmət edən həqiqi orqana çevirsinlər.

Daxili İşlər Nazirliyi, polis heç bir siyasətə qarışa bilməz. O, dövlət orqanıdır, dövləti müdafiə etməli, onun göstərişlərini, siyasətini həyata keçirməlidir. Bu, bütün ölkələrdə belə olmuşdur və bizdə də belə olmalıdır. Ancaq yenə də deyirəm, son illər Daxili İşlər Nazirliyi, polis orqanları ayrı-ayrı siyasi qrupların, bəzi hallarda isə mafioz qrupların əllərində oyuncaq olmuşdur və kiminsə hakimiyyətə gəlməsinə, kiminsə hakimiyyətdən getməsinə, kiminsə nəyəsə nail olmasına xidmət etmişdir. Bütün bunlar isə polis orqanlarında vəziyyəti gərginləşdirmişdir. Bir də qeyd edirəm, bunları nəzərə alaraq biz Vaqif Novruzovu nazir təyin etdik.

O zaman prezidentin səlahiyyətini həyata keçirən şəxs kimi, mən Vaqif Novruzovu həmin vəzifəyə təyin edərkən, şübhəsiz ki, bu qərarı tam inamla, etibarla qəbul etmişdim. Çox böyük ümid bəsləyirdim ki, Vaqif Novruzov nazirliyin kollegiyası ilə birlikdə, müavinləri ilə, rəhbər şəxslərlə birlikdə nazirliyin işini sağlamlaşdıracaq, onun fəaliyyətindəki mənfi halları aradan qaldıracaq və Daxili İşlər Nazirliyinin öz vəzifələrini layiqincə yerinə yetirməsi üçün şərait yaradacaqdır.

Şübhəsiz ki, bu müddətdə müəyyən iş görülmüşdür, Vaqif Novruzov da çalışmışdır. Ancaq, təkrar edirəm, məni bu gün sizi buraya dəvət etməyə məcbur edən səbəb ondan ibarətdir ki, görülən işlər, həyata keçirilən tədbirlər istənilən nəticəni verməmişdir. Böyük tərkibi, kadr ehtiyatı olan Daxili İşlər Nazirliyi indi onun qarşısında qoyulmuş vəzifəni həyata keçirə bilmir.

Burada mən rüşvətxorluqla əlaqədar bir neçə sual verdimsə, heç kim güman etməsin ki, Daxili İşlər Nazirliyinin vəzifəsi ancaq rüşvətxorluqla mübarizə aparmaqdan ibarətdir. Xeyr. Daxili İşlər Nazirliyinin fəaliyyət dairəsi çox genişdir, böyükdür, onun üzərinə düşən vəzifələr müxtəlifdir. Bunların arasında belə bir cinayətlə - rüşvətxorluqla mübarizə aparmaq vəzifəsi də var. Mən bu məsələni ona görə kəskin qoyuram ki, hüquq-mühafizə orqanlarının -Daxili İşlər Nazirliyinin, Prokurorluğun, Məhkəmə orqanlarının başqa vəzifələrlə yanaşı, daha bir əsas vəzifəsi cəmiyyətimiz üçün çox ağır olan cinayətin - rüşvətxorluğun qarşısını almaqdır. Çünki bu, cəmiyyəti çox narahat edən, onda böyük narazılıq doğuran haldır. Bu məsələni qoyaraq və burada çıxış edənlərin hamısını dinləyərək demək istəyirəm ki, Daxili İşlər Nazirliyinin bu sahədəki işi qənaətbəxş sayıla bilməz. Çünki heç biriniz - nə nazir, nə müavinləri, nə də başqaları konkret fakt gətirə bilmədiniz ki, bu sahədə hansı cinayətin üstünü açmısınız, hansı rüşvətxoru tutmusunuz.

Ona görə də mənim tələblərim haqlıdır. Ancaq bu, yeganə tələb deyil. Daxili İşlər Nazirliyinin vəzifələri çox geniş və böyükdür. Buradakı çıxışlar bir də onu göstərdi ki, sizin kollektivdə qeyri-sağlam mühit dərin kök salmışdır. Əgər belə olmasaydı, siz burada səmimi şəkildə, bir-birinizə hörmətlə vəziyyəti açıq deyərdiniz. Ancaq bu, belə olmadı. Mən burada işgüzar əhval-ruhiyyə görmədim. Şübhəsiz ki, belə şəraitdə nazirlik öz vəzifəsini həyata keçirə bilməz və mən də nazirliyi bu vəziyyətdə qoya bilmərəm.

Başqa məsələlərə də toxunmaq istəyirəm. Məsələn, belə hesab edirəm ki, biz Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeləri müdafiə olunmalıdır.

Burada dedilər ki, Daxili İşlər Nazirliyi ilə prokurorluq arasında münasibətlər pisdir və bu, işə mane olur. nə üçün belədir, bu münasibətləri də mənmi qaydaya salmalıyam? Əgər Azərbaycan Respublikasının bu iki ən mühüm orqanı cinayətkarlığa qarşı mübarizəni doğrudan da gücləndirmək istəyirsə, onların rəhbərləri bu münasibətləri nə üçün qaydaya salmırlar? Nə üçün bunu etmirlər?

Bəzi rayonlarda polis rəisi ilə prokuror arasında mənfi münasibətlər olmasını çox qeyri-normal hal sayıram. Məsələn, çox böyük narazılıq hissi ilə eşitdim ki, Ağdaş rayonunda prokuror polis rəisini həbs etmişdir. Bu, necə ola bilər? Əgər polis rəisi cinayət etmişdirsə, bu məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi qarşısında qoyulmalıdır. Polis rəisi adi işçi deyil, böyük səlahiyyəti olan vəzifəli şəxsdir. Bəs nazir nə üçün buna imkan verdi? Nə üçün rayon prokuroru vəzifə həddini aşaraq polis rəisini həbs edir? Masallı rayonunda da belə hal olmuşdur. Nə üçün?

Mən bununla əlaqədar rayon prokurorlarının və ümumiyyətlə, Respublika Prokurorluğunun belə hərəkətini pisləyir və bütün bunları ümumi işimizə zərər gətirən hal kimi qiymətləndirirəm. Nə üçün bu işlərin hamısına mən qarışmalıyam? Məgər respublikanın dərdi azdır?

Əgər Daxili İşlər Nazirliyinin rəhbərliyi öz işçilərinin sosial müdafiəsi ilə məşğul ola bilsəydi, əlbəttə ki, Ağdaş rayonunda prokurorun polis rəisini həbs etməsinə yol verməzdi. Mən işlədiyim bütün dövrlərdə belə bir hadisəyə rast gəlməmişəm. Bütün bunlar ondan irəli gəlir ki, bir tərəfdən Daxili İşlər Nazirliyinin özündə, onun ətrafında qeyri-sağlam şərait yaranmışdır, ikinci tərəfdən isə, təəssüf ki, Daxili İşlər Nazirliyi ilə başqa hüquq-mühafizə orqanları arasında, xüsusən də prokurorluq orqanları arasında lazımi işgüzar münasibətlər yaranmamışdır. Söz yox ki, belə vəziyyətdə cinayətkarlıqla ciddi mübarizə aparmaqdan söhbət gedə bilməz. Bundan ötrü bütün hüquq-mühafizə orqanları bir-biri ilə çəkişməməli, hərə öz üstünlüyünü iddia etməməli, əksinə, işgüzar, sağlam prinsiplər, qanun prinsipləri əsasında əməkdaşlıq etməli, birgə işləməlidirlər. Onların indiki münasibətləri ümumiyyətlə, mədəniyyətdənkənar haldır və cəmiyyətimizə zərər vurur.

Bunların hamısını nəzərinizə çatdırmaqla bir daha demək istəyirəm: Daxili İşlər Nazirliyi respublika üçün, onun dövləti üçün elə mühüm orqandır ki, gərək məhz burada sağlam mühit, sağlam münasibətlər olsun, nazir və onun müavinləri, kollegiya üzvləri, baş idarələrin rəisləri bir-biri ilə gərək sağlam, işgüzar münasibətdə olsunlar, bir-birinə hörmət etsinlər, kömək göstərsinlər. Bir sözlə, gərək əl-ələ verərək ümumi işi irəli aparsınlar. Ancaq belə bir şərait yaranmamışdır. Şübhəsiz ki, bunda hamının günahı var - nazir də, onun müavinləri də, kollegiya üzvləri də və başqa vəzifəli şəxslər də günahkardırlar.

Ona görə də mən vəziyyətin belə davam etməsinə yol verə bilmərəm. Bunu nəzərə alaraq bu andan etibarən Vaqif Novruzovu vəzifəsinidən azad edirəm. Daxili işlər naziri vəzifəsinə Ramil Usubovu təyin edirəm. Siz Ramil Usubovu tanıyırsınız və mənə belə gəlir ki, onu xarakterizə etməyə ehtiyac yoxdur. Baş nazirin birinci müavini Fuad Quliyevə, dövlət müşaviri Arif Rəhimzadəyə və ümumi şöbənin müdiri Ramiz Mehdiyevə tapşırıram ki, müşavirə qurtarandan sonra gedib nazirlikdə təhvil-təslim işlərini həll etsinlər və Ramil Usubov nazir kimi fəaliyyətə başlasın.

Eyni zamanda, bir də təkrar edirəm, hamınız günahkarsınız, hamınız cavabdehsiniz və sizi nazirlikdə sağlam əhval-ruhiyyə yaratmağa dəvət edirəm. Hamınızdan tələb edirəm ki, yeni toyin olunmuş nazirə kömək göstərəsiniz. Vaxtilə Vaqif Novruzovu nazir təyin edərkən ona demişdim ki, sənə etibar edirəm və gərək bunu doruldasan. Təəssüf ki, belə olmadı və bu gün onu işdən azad etdim. Ramil Usubova tam inanır, prezident kimi ona etimal göstərirəm və bir daha hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz.

Daxili İşlər Nazirliyi xüsusi bir orqan, bilavasitə prezidentin tabeliyində olan orqandır. Heç bir kənar vəzifəli şəxslərin bu nazirliyin işinə qarışmağa ixtiyarı yoxdur. Bu başdan xəbərdarlıq edirəm ki, yeni təyin edilmiş nazirin işinə heç kəs mane olmasın, heç kəs öz şəxsi məqsədlərinə çatmaq üçün orada cürbəçür işlərlə məşğul olmasın və hər kəs yeni nazirə kömək etməyə çalışsın. Mən naziri daim müdafiə edəcək, nazirliyin bütün məsələlərinə baxaraq onları şəxsən özüm həll edəcəyəm. Nazirə səlahiyyət verirəm ki, orada vəziyyəti dəyişdirmək üçün lazımi tədbirlər görsün. Mən də onun təkliflərini müdafiə edəcəyəm. Ancaq xəbərdarlıq edirəm kim buna mane olarsa, bu işləri pozmağa cəhd göstərərsə, onlara qarşı çox ciddi tədbirlər görüləcək və mən heç kəsi bağışlamayacağam.

Güman edirəm ki, yeni nazir prokurorluq orqanları, başqa hüquq-mühafizə orqanları ilə işgüzar əlaqələr yaradacaqdır. Prokurorluq orqanlarına da xəbərdarlıq edirəm ki, özbaşınalığa yol verməsinlər. Nazir, bütünlükdə nazirliyin rəhbərliyi daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsində möhkəm dayanmalıdır. Onların huquqlarını tapdalamağa heç kəsə ixtiyar verilmir. Şübhəsiz ki, cinayət etmiş hər bir şəxs məsuliyyət daşımalıdır. Lakin bütün bunlar qanun çərçivəsində olmalıdır. Daxili İşlər Nazirliyi xüsusi, hərbiləşdirilmiş təşkilat olduğuna görə burada qanunların tətbiqi, şübhəsiz ki, nazirliyin rəhbərliyinin razılığı ilə və onunla birlikdə həyata keçirilməlidir. Bunu burada açıq deyirəm ki, hər kəs öz yerini bilsin. Hərə öz yerində oturub öz işini görsə, ümumi işimiz yaxşı gedəcək.

Müşavirəni yekunlaşdıraraq bir daha deyirəm ki, prezident kimi, Daxili İşlər Nazirliyinin şəxsi heyətinə tam inanıram. Etibar edirəm, güvənirəm. Hesab edirəm ki, Daxili İşlər Nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına, torpağına, vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlar, peşəkar, təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına müraciət edərək onları qrupbazlıqdan, siyasi oyunlardan əl çəkməyə, öz işlərini ancaq və ancaq dövlətin mövqeyinə, onun prinsiplərinə əsasən qurmağa çağırıram, Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz tərəfimdən lazımi tədbirləri görəcəyəm.

Burada irəli sürülən vəzifələrin yerinə yetirilməsində hamınıza uğurlar arzulayıram.

Sağ olun!

Tarixi arayış