Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam C.Klintona - Bakı şəhəri, 28 iyun 1999-cu il


Hörmətli cənab prezident!

Sizi və dost Amerika xalqını milli bayramınız - Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin iki yüz iyirmi üçüncü ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə, ailənizə və xalqınıza sülh, səadət və daim çiçəklənmə arzulayıram.

Bu ilin aprel ayında NATO-nun 50-ci ildönümü münasibətilə Vaşinqtonda keçirilən təntənələri və görüşləri məmnuniyyətlə xatırlayıram. Ümidvaram ki, bu görüşlər Azərbaycanın ABŞ-la partnyorluğunu, NATO ilə əməkdaşlığını daha da inkişaf etdirəcək, regionumuzun və xüsusilə Azərbaycanın problemlərinin, ələlxüsus Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə və məlum 907-ci əlavənin aradan götürülməsinə yönəldilmiş səyləri gücləndirəcəkdir.

Biz Amerika Birləşmiş Ştatları ilə dostluq əlaqələrinin daha da inkişaf etməsinə olduqca böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında sıx əməkdaşlıq Azərbaycanda demokratik cəmiyyətin qurulmasına, geniş siyasi və iqtisadi islahatların aparılmasına, ümumən Qafqaz regionunda sülhün, azadlığın və demokratiyanın bərqərar olmasına xidmət edəcəkdir.

"Səmimiyyətlə",

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.