"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qərbi Avropa ölkələrinə səfərdən ‎qayıtdıqdan sonra respublika milli televiziyasına müsahibəsi" ‎(Bakı, 27 aprel 1996-cı il)sənədinə tarixi arayış


21-27 aprel 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Birliyinə üzv olan ölkələrdən Lüksemburqda, Belçikada və Norveçdə işgüzar səfərdə olub. Azərbaycan Prezidenti bu səfər çərçivəsində mərkəzi qərargahları Lüksemburq və Brüsseldə yerləşən nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb danışıqlar aparıb. Bazar iqtisadiyyatının müasir tələblərinə müvafiq milli iqtisadiyyatın qurulması və davamlı inkişafının təmin edilməsi üçün xarici investisiyaların bu ölkələrdən cəlb edilməsinə nail olmaq üçün bir çox beynəlxalq əhəmiyyətli tədbirdə iştirak edib. Azərbaycan Prezidenti həmçinin, adı çəkilən ölkələrin yüksək səviyyəli rəsmi nümayəndələri ilə danışıqlar aparıb. 

Səfər zamanı 22 aprel 1996-cı ildə Azərbaycan Prezidenti Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb. Bu sənədin imzalanması ilə Azərbaycanın Avropa strukturlarına inteqrasiyası sürətlənməyə başlayıb.

Bir gün sonra Brüsselə səfər edən Azərbaycan Prezidenti Avropa Komissiyasının Prezidenti cənab Santner və NATO-nun Baş katibi Havyer Solana ilə görüşüb danışıqlar aparıb. Həmin gün Heydər Əliyev Brüsseldə yerləşən Belçika Beynəlxalq Ticarət Mərkəzində olub. O, burada Avropa İttifaqına daxil olan ölkələrin işgüzar dairələrinin nümayəndələri, biznesmenlər, sahibkarlar və iri maliyyə qurumlarının üzvlərinin iştirakı ilə Azərbaycanda beynəlxalq biznes üçün yaradılan mühit və imkanlar haqqında geniş nitq söyləyib.

24-27 aprel 1996-cı ildə Norveç Krallığında rəsmi işgüzar səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev burada rəsmi və işgüzar dairələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. Səfərini Norveçin Oslo və Stavanger şəhərlərində davam etdirən dövlət başçısı Norveç kralı və Baş naziri ilə görüşüb danışıqlar aparıb. Həmçinin o, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb, Azərbaycan və Norveç arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini nəzərdə tutan sənədlər imzalayıb. Norveçin "Statoyl" və "Kverner" şirkətlərinin rəhbərləri ilə görüşən Azərbaycan Prezidenti Xəzərin ölkəmizə aid sektorunda yerləşən neft və qaz ehtiyatlarının birgə işlənilməsi məsələlərini və bu sahədə perspektiv işləri müzakirə edib. Qeyd edək ki, adları çəkilən hər iki şirkət hazırda Azərbaycanın yeni neft strategiyası çərçivəsində fəal iştirak edir. "Statoyl" Azərbaycanda neft və qaz hasilatı və daşınmasında əsas tərəfdaş şirkət kimi, "Kverner" isə neft və qaz kəmərlərinin bütün infrastrukturu ilə birgə təhvil verilməsində iri subpodratçı şirkət kimi fəaliyyət göstərib. (http://www.socar.gov.az/)

Azərbaycan Prezidentinin bu səfəri Avropa və dünya mətbuatının diqqət mərkəzində olub. Səfərdən qayıtdıqdan sonra Azərbaycan Prezidenti milli televiziyaya səfərin təfərrüatları haqqında geniş müsahibə verib.

Heydər Əliyev öz müsahibəsində Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanmasına toxunaraq deyib: "Hesab edirəm ki, bu sazişin imzalanması müstəqil dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir, eyni zamanda respublikamızın daxili, ictimai-siyasi həyatında, iqtisadiyyatında və başqa sahələrdə Avropa demokratiyasına uyğun tədbirlərin həyata keçirilməsinin təzahürüdür". 

Avropa Birliyi ilə bütün sahələrdə münasibətlərin inkişafını prioritet hesab edən Azərbaycan hökuməti bu quruma üzv olan ölkələrlə qabaqcıl texnologiyanın milli iqtisadiyyata tətbiqi, müasir idarəetmə təcrübəsinə malik kadrların hazırlanması, qeyri-neft sektorunda inkişafın təmin edilməsi təcrübəsinin mənimsənilməsi baxımından sıx əməkdaşlıq edir. (http://www.mfa.gov.az/)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının yekunlarına həsr edilən müşavirəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev adı çəkilən sahələrlə yanaşı, şəhərsalma, arxitektura və infrastruktur layihələrinin icrasında da Avropa ölkələrinin təcrübəsindən yaralanmağın vacibliyini tövsiyə edib. (http://www.president.az/)

Tarixi arayış 7 noyabr 2008-ci ildə yeniləşdirilib.