Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Jak Şiraka - Bakı şəhəri, 8 iyul 2002-ci il


Hörmətli cənab prezident!

Əziz dostum!

Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və bütün Fransa xalqını ürəkdən təbrik edirəm.

Bu gün ikiqat əlamətdar gündür. Çünki bu bayram müxtəlif yönlü ekstremizm təzahürləri, ictimai biganəlik üzərində Sizin parlaq qələbəniz nəticəsində Fransanın müasir tarixində açılan yeni mərhələyə təsadüf edir.

Əminəm ki, Siz ətrafınızda birləşən bütün sağlam qüvvələr ilə birlikdə Fransanı bundan sonra da Avropa dəyərləri, demokratiya və humanizm yolu ilə irəliyə aparacaqsınız.

Azərbaycan ilə Fransa arasında bugünkü möhkəm dostluq və faydalı əməkdaşlıq münasibətləri qədim və zəngin əlaqələrimizin uğurlu davamıdır.

Ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, dəstəyin və etimadın gündən-günə yüksəlməsində müstəsna xidmətlərinizi böyük məmnunluqla qeyd etmək istəyirəm.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsindən narahatlığınızı və dinc yolla nizamlama prosesindəki mütəmadi səylərinizi yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Səmimi dostluq hissləri ilə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 14 iyul 2002-ci il.