Respublikamızın prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 28 noyabr 1998-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Sizi Azərbaycan Respublikası Prokurorluğunun 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan prokurorluğunun bütün əməkdaşlarına çox əhəmiyyətli və məsuliyyətli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayıram.

Respublikamızın milli prokurorluğunun yaranması Azərbaycanda 1918-ci ildə dövlət müstəqilliyinin əldə olunması ilə bağlıdır. O vaxta qədər Azərbaycan milli prokurorluğa malik olmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti respublikamızın dövlət müstəqilliyini möhkəmləndirərək və dövlət orqanlarını yaradaraq bu sahəyə də diqqət yetirmişdir, dövrün çətinliklərinə baxmayaraq, Ədliyyə Nazirliyinin tərkibində prokurorluğun yaranması haqqında da qərar qəbul etmişdir.

Beləliklə, Azərbaycan prokurorluğunun 80 yaşı vardır. Ancaq bu dövr bütün Azərbaycan xalqı, respublikamız üçün mürəkkəb və ziddiyyətli bir dövr olduğu kimi, prokurorluq orqanları üçün də mürəkkəb olmuşdur. Bəlkə də bu dövrdə prokurorluq orqanlarının fəaliyyəti Azərbaycanın başqa dövlət orqanlarının fəaliyyətinə nisbətən daha da mürəkkəb olmuşdur. Çünki onlar müxtəlif vaxtlarda müxtəlif orqanların tərkibində fəaliyyət göstərmiş, yalnız 30-cu illərdə Azərbaycanda stabil prokurorluq orqanı, prokurorluq yaranmışdır.

Azərbaycan xalqının həyatının bütün mərhələlərində əldə etdiyi nailiyyətləri də və itkiləri də bizim tariximiz əks etdirir. Prokurorluq orqanları da Azərbaycanda gedən bu proseslərin iştirakçısı olmuşdur. 1920-1930-cu illərdə Azərbaycanda kütləvi repressiyaların aparılmasında o dövrün hakimiyyətinin siyasətini yerinə yetirən dövlət orqanları ilə bərabər prokurorluq orqanları da bu repressiya tədbirlərinin iştirakçısı olmuşdur. Ancaq bunlarla yanaşı, Azərbaycanda sovet hakimiyyəti illərində xalq yaşamış, inkişaf etmişdir. Azərbaycanda prokurorluq orqanlarının mütəşəkkilləşməsi, formalaşması və inkişaf etməsi prosesi də bunların içərisində öz əksini tapmışdır.

Düz 7 il bundan öncə, 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar dövlət müstəqilliyimizi əldə etdik və müstəqil dövlətimizi qurmağa başladıq. Ancaq bu gün böyük məmnuniyyət hissi ilə deməliyik ki, biz dövlət müstəqilliyini elan edərkən Azərbaycanın demək olar ki, bütün sahələrində dövlət orqanlarını müstəqil yaratmaq və onların fəaliyyətini təmin etmək üçün bütün imkanlar yaranmışdı. 1991-ci ildə respublikamızda dövlət müstəqilliyi elan olunan zaman Azərbaycan böyük prokurorluq kadrları korpusuna malik idi.

Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda Milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır.

Biz bu gün prokurorluğun 80 illik yubileyini qeyd edirik. Bu yubileyi qeyd edərkən keçmiş illərdə də, o illərdə də Azərbaycanda prokurorluq orqanlarında sədaqətlə işləmiş və öz xidmətlərini göstərmiş insanları da unutmuruq. Ancaq Azərbaycanın həyatında prokurorluq orqanlarının son illərdəki fəaliyyəti bu gün xüsusi əhəmiyyət kəsb edir.

Mən hesab edirəm ki, beləliklə, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir. Buna görə də biz 1995-ci ildə qəbul etdiyimiz ilk Konstitusiyada prokurorluğun yerini, səlahiyyətlərini və vəzifəsini müəyyən etmişik.

Prokurorluq orqanlarının dünyanın müxtəlif ölkələrində müxtəlif səlahiyyətləri vardır. Şübhəsiz ki, bu, hər bir ölkənin öz spesifik xüsusiyyəti, onun inkişaf səviyyəsi ilə əlaqədardır. Biz Azərbaycanda dövlət müstəqilliyini inkişaf etdirərək, hüquqi, demokratik, dünyəvi dövlət quraraq respublikamızın dövlət orqanlarını, o cümlədən hüquq-mühafizə orqanlarını Azərbaycanın Milli mənafelərinə uyğun olaraq təşkil edir və onların vəzifələrini, səlahiyyətlərini də ölkəmizin milli mənafelərini müdafiə etmək nöqteyi-nəzərindən müəyyənləşdiririk.

Azərbaycan keçid dövrü yaşayan bir ölkədir. Keçmişdə Sovetlər İttifaqına mənsub olmuş ölkələrin hamısı bu dövrü yaşayır. Bu keçid dövrünün özünəməxsus xüsusiyyətləri vardır. Keçid dövrünün əsas məqsədi Azərbaycanda demokratik dövlət quruculuğunu təmin etməkdən, hüquqi vətəndaş cəmiyyəti yaratmaqdan, iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurmaqdan, insan hüquqlarını qorumaq və təmin etməkdən, insanlara bütün azadlıqları, o cümlədən mətbuat, söz, fikir azadlıqlarını verməkdən, siyasi plüralizmi təmin etməkdən ibarətdir.

Belə bir dövrdə Azərbaycan prokurorluğu Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək ölkəmizin dövlətçiliyinin qorunmasına və möhkəmlənməsinə xidmət etməlidir, qanunun aliliyini təmin etməli və qanunun aliliyinə riayət etməlidir, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində durmalıdır. Bütün bunlar hamısı Konstitusiyada öz əksini tapıbdır. Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan prokurorluğu son illərdə bu vəzifələri uğurla yerinə yetirir.

Azərbaycanın 80 illik tarixində hər dövrün özünəməxsus xüsusiyyətləri vardır. Son on il Azərbaycanın həyatında ən ağır, ən çətin problemlər dövrü olmuşdur. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başladığı münaqişə Ermənistanın Azərbaycana qarşı silahlı hərbi təcavüzü ilə həyata keçirilmişdir. Bunların nəticəsində Azərbaycana böyük zərbələr dəymişdir.

Azərbaycan öz torpaqlarını müdafiə edərək itkilər vermişdir. Məlum səbəblərdən bir çox ölkələr tərəfindən Ermənistana verilən köməyin və dəstəyin nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və işğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız zorla çıxarılmış, onlar bir çox ildir ki, ağır vəziyyətdə, çadırlarda yaşayırlar.

On il davam edən bu vəziyyət Azərbaycanın həyatının xüsusiyyətini təşkil edir. Belə bir dövrdə, zamanda, keçmiş Sovetlər İttifaqı tərkibində olduğu dövrdə Azərbaycana lazımi qayğı, yardım göstərilməyibdir. Əksinə, Azərbaycana torpaq iddiası edildiyi zaman, respublikamızda Ermənistan ilə Azərbaycan arasında müharibə getdiyi bir zaman - 1990-cı ilin yanvar ayında sovet hökumətinin silahlı qüvvələrinin böyük bir hissəsi Bakıya, Azərbaycana yeridilib, dinc insanlar öldürülüb, əzilib, şəhid olublar. Bu da son on ildə Azərbaycanın həyatının xüsusiyyətini təşkil edən bir amildir. Bunlarla yanaşı, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət də pozulubdur.

Məlumdur ki, Azərbaycanın keçmiş hakimiyyəti Ermənistan təcavüzündən qorunmaq, torpaqlarımızı müdafiə etmək əvəzinə daxildə xalqa qarşı ədalətsiz hərəkətlər etmişdir. Azərbaycanın daxilində hakimiyyət mübarizəsi aparan qüvvələrin bu qanunsuz hərəkətləri son nəticədə çoxsaylı cinayətkar dəstələrin yaradılmasına gətirib çıxarmışdır. Beləliklə, 1990, 1991, 1992-ci illərdə və 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuşdur.

Bu illər prokurorluq orqanlarında da qeyri-sağlam vəziyyət olmuşdur. Təbiidir, belə bir dövrdə prokurorluq orqanları öz fəaliyyətini qanun çərçivəsində apara bilməzdi. Bütün bunların nəticəsində Azərbaycanda daxili ictimai-siyasi vəziyyət tamamilə pozulmuşdu. Ən dəhşətlisi odur ki, bir çox gəncləri, vətəndaşları cinayətkarlığa sövq etmişdilər, onlar cinayətkar dəstələrə qoşulmuşdular və cinayətkarlıq artmışdı.

Məhz bunların nəticəsidir ki, 1992-ci ildə Azərbaycanda cinayətkarlığın səviyyəsi demək olar ki, ən yüksək dərəcəyə gəlib çatmışdı. Bir ildə 22 min 440 cinayət baş vermişdi. Bu, müqayisədə əvvəlki bütün illərin hamısından çox olmuşdur.

1993-cü ildən Azərbaycanda aparılan işlər birinci növbədə respublikamızda daxili ictimai-siyasi vəziyyəti sabitləşdirməyə və bunun üçün də cinayətkarlıqla mübarizəni gücləndirməyə yönəldilmişdir. Bütün bu işlərdə hüquq-mühafizə orqanlarının hamısı, o cümlədən Azərbaycan prokurorluğu fəal iştirak etmişdir. Aparılan işlərin nəticəsini rəqəmlər artıq özü-özlüyündə göstərir. Keçən il, 1997-ci ildə cinayətkarlıq 1992-ci ilə nisbətən xeyli azalmışdır. 1992-ci ildə 22 min 450, 1997-ci ildə isə 22 min 450, 1997-ci ildə isə 16 min 400 cinayət baş vermişdir. Şübhəsiz ki, bu da çoxdur, biz bununla da razı ola bilmərik. Ancaq biz görülən işlərin nəticəsini də qiymətləndirməliyik.

Bütün bu işlərdə Azərbaycan prokurorluğu fəal iştirak etmişdir, öz xidmətlərini göstərmişdir. Xüsusən, Azərbaycanda cinayətkar dəstələr tərəfindən güclə, silah yolu ilə dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında və bunun nəticəsində cinayətkarların yaxalanmasında, edilmiş cinayətlərin açılmasında, cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında, beləliklə də cinayətkarlığın qarşısının alınmasında prokurorluğun xidmətləri böyükdür.

1994-cü ilin oktyabr hadisələri, 1995-ci ilin mart hadisələri, ondan sonra yenə də böyük cinayətkar dəstələrin Azərbaycanda terror aktları, təxribat aktları həyata keçirmək cəhdləri - bunlar hamısı bizim yaxın tariximizin hadisələridir. Biz bu illəri çox ağır yaşamışıq və hüquq-mühafizə orqanlarının apardığı işlər nəticəsində, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi nəticəsində, Azərbaycan dövlətinin qətiyyətli tədbirləri nəticəsində bu cinayət hadisələrinin, Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş qəsdlərin qarşısı alınmış və cinayətkarlar qanun əsasında cəzalanmışlar.

Prokurorluq orqanı hüquq-mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün, yaxud da ki, edilmiş cinayətin məzmununu aşkar etmək üçün əsas vasitədir. Ötən beş il müddətində Azərbaycanda istintaq işlərinin çoxu bu cinayətlərlə əlaqədar aparılıbdır və bu gün məmnuniyyətlə demək olar ki, bunların nəticəsində cinayətlər açılıb, edilən cinayətlərin məzmunu aşkar olunub, ictimaiyyətə göstərilib və aparılan istintaq işləri nəticəsində çıxarılan məhkəmə hökmləri cinayətkarların cinayət etdiklərini sübut edib və beləliklə də cəmiyyətimiz, vətəndaşlarımız belə cinayətkarlardan xilas olublar. Bunlar hamısı çox əhəmiyyətli işlərdir və mən bu işlərdə prokurorluğun xidmətlərini yüksək qiymətləndirirəm.

Prokurorluq hüquq-mühafizə orqanları sistemində demək olar ki, məhkəmə ilə polis orqanları, daxili işlər orqanları, milli təhlükəsizlik orqanları arasında duran bir orqandır . Ona görə də prokurorluğun işindən çox şey asılıdır. Yəni onun keyfiyyətindən, işin ədalətliliyindən, peşəkarlığından çox şey asılıdır. Ümid edirəm ki, Azərbaycan prokurorları öz üzərinə düşən bu məsuliyyəti dərk edirlər və bundan sonra öz işlərini daha da mütəşəkkil aparacaqlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları çox ağır bir peşə sahibləridir. Bu sahədə işə başlayan hər bir adam dərk etməlidir ki, bütün başqa sahələrə nisbətən öz üzərinə ağır bir iş götürür. Amma eyni zamanda, bu peşə həm də şərəfli bir peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanılmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - bu, çox şərəfli vəzifədir. Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu vəzifələrini uğurla yerinə yetirirlər. Son beş ildə Azərbaycanda gedən proseslər, əldə olunmuş ictimai-siyasi sabitlik, cinayətkarlığın qarşısının sürətlə alınması - bunlar hamısı bizim böyük nailiyyətlərimizdir və bu nailiyyətlərin əldə edilməsində də hüquq-mühafizə orqanlarının hamısının, o cümlədən Azərbaycan prokurorluğunun xidmətləri böyükdür.

Prokuror olmaq, şübhəsiz ki, böyük intellekt tələb edir. Hüquq-mühafizə orqanlarının cürbəcür təşkilatları vardır, hər təşkilatın özünəməxsus xüsusiyyəti vardır. Ancaq prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir. Biz bəzən özümüz-özümüzə lazımi qədər qiymət verə bilmirik. Ancaq deyə bilərəm ki, qısa bir dövrdə, son 30-40 il ərzində Azərbaycanda yüksək səviyyəli, peşəkar prokuror kadrları yetişibdir. Mən Azərbaycanda prokuror orqanlarını şəxsən 50 ildir ki, tanıyıram və müşahidə edirəm. Bəlkə ondan da bir az çox.

Mən 40-50-ci illəri xatırlayıram. Həqiqət bundan ibarətdir ki, bizim hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqda milli Azərbaycan kadrları azlıq təşkil edirdi və olanların da təəssüflər olsun ki, çoxları yüksək hüquqi təhsilinə, biliyə malik deyildi. Şübhəsiz, sədaqətli idilər, öz işlərini görürdülər, ancaq onların bilik səviyyəsi o qədər də yüksək deyildi. İndi isə bizim bu prokurorluq orqanlarına baxıram: bizim nə qədər yüksək səviyyəli, bilikli kadrlarımız vardır. Bunlar bir gündə, bir ildə, beş ildə əldə olunmur. Qeyd etdiyim kimi, - mənim müşahidəm əsasında deyirəm, - bu, 60-70-80-ci illərdə görülən işlərin nəticəsidir. İndi Azərbaycan bir müstəqil dövlət olaraq hüquq-mühafizə orqanlarının hər bir sahəsində istənilən qədər səviyyəli kadrlara malikdir.

Mən bu gün prokurorluğun yubiley mərasimində onu da qeyd etmək istəyirəm ki, bu mərasim prokurorluq orqanlarının üzərinə çox böyük vəzifələr qoyur. İndiyə qədər bizim bu 80 illik tariximizdə prokurorluq günü, yaxud prokurorluğun peşə bayramı heç vaxt olmamışdır.

Məsələn, bizdə milis günü var idi, hər il o milis günü bayram edirdik. Yaxud, çekist günü vardı. Təhlükəsizlik orqanlarının bayramını qeyd edirdik. Ordu günü var idi, bunu bayram edirdik. Ancaq prokurorluq günü və məhkəmələr günü əvvəllər heç vaxt olmamışdır. Doğrudur, burada bizim dostumuz cənab Skuratov qeyd etdi ki, Rusiya prokurorluğunun 276 yaşı vardır. Ancaq o vaxt - sovet hakimiyyəti dövründə nə o 276 illik tarixi qəbul edirdilər, nə də sovet prokurorluğunun yaranması gününü qeyd edirdilər. Ona görə də mən hər halda bu prokurorluq bayramını heç vaxt görməmişdim və prokurorluq gününü də görməmişdim. İlk dəfədir ki, Azərbaycanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər.

Mən tarix haqqında danışarkən nailiyyətlər barəsində dedim. Ancaq eyni zamanda, Azərbaycanda prokurorluğun işində keçmiş onilliklərdə qüsurlar, nöqsanlar da çox olmuşdur. Biz bunları unutmamalıyıq. Ona görə ki, indi, bundan sonra bu nöqsanlara yol verilməsin. Bu nöqsanlar əsasən prokurorluq orqanları işçilərinin öz vəzifəsindən sui-istifadə etməsi ilə əlaqədar olmuşdur.

Mən 70-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyim zaman bu mənfi hallarla çox ciddi mübarizə aparmışam. O illərdə prokurorluq orqanlarında çox sədaqətli, sağlam mənəviyyatlı əməkdaşlarla yanaşı, təəssüflər olsun ki, öz vəzifələrindən sui-istifadə edənlər də var idi.

Bu gün bizim qarşımızda duran vəzifələrdən biri ölkəmizdə korrupsiya ilə, rüşvətxorluqla mübarizəni gücləndirmək və korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Bu mübarizə yeni bir mübarizə deyildir. Bu, keçmiş dövrlərdə də aparılmışdır. Ancaq bu mübarizədə hüquq-mühafizə orqanları gərək dövlətin əsas aləti olsun. Yəni bu mübarizəni biz dövlətin bütün orqanları vasitəsilə aparmalıyıq. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının bu cinayətin qarşısını almaq üçün daha da böyük imkanları vardır. Ancaq hüquq-mühafizə orqanlarının özlərində belə hadisələr, yəni belə hallar olduğu bir zamanda, şübhəsiz ki, bu mübarizə səmərəli ola bilməz.

Həmin 60-70-ci illərdə də belə hallar Azərbaycanın hüquq-mühafizə orqanlarında, o cümlədən var idi. Yəqin ki, tarixdən məlumdur, - mən o illərdə çox qəti qərarlar qəbul edirdim. Məsələn, Daxili İşlər Nazirliyinin rəhbərliyini çox ciddi qərarlarla vəzifədən azad etmişdim, prokurorluğun rəhbərliyini azad etmişdim və onların işlərində olan ciddi nöqsanlar haqqında qərarlar qəbul edilmişdi. Bunlar hamısı həmin bu hüquq-mühafizə orqanlarında olan qüsurlarla əlaqədar idi.

Mən hesab edirəm ki, indi müstəqil Azərbaycanda hüquq-mühafizə orqanları gərək belə ünsürlərdən təmizlənsinlər. Hüquq-mühafizə orqanlarına verilən səlahiyyət heç bir başqa dövlət orqanına verilmir. Hüquq-mühafizə orqanlarının içərisində isə prokurorların ən çox, ən yüksək səlahiyyəti vardır. Təsəvvür edin, prokuror vətəndaşın həbs olunması üçün qərar qəbul edir. Bunu ancaq prokuror edə bilər. Ancaq, birincisi, prokuror həmişə çalışmalıdır ki, bu qərar əsaslı olsun, ədalətli və düzgün olsun. İkincisi, əgər prokuror belə bir yüksək səlahiyyətə malikdirsə, əgər prokurora bu qədər böyük etimad göstərilirsə, prokuror nə qədər məsuliyyətli olmalıdır və mənəviyyatca nə qədər saf olmalıdır.

Mən bu gün, bayram günü bir daha bildirmək istəyirəm ki, hüquq-mühafizə orqanlarında, prokurorluqda mənəvi saflıq uğrunda mübarizə daim aparılmalıdır. Heç kəs hesab etməməlidir ki, əldə olunan nailiyyətlər, görülən işlər kiməsə vəzifəsindən sui-istifadə etməyə hüquq verir, kiməsə qanunu pozmağa hüquq verir, kiməsə rüşvət almağa hüquq verir. Bu məsələlər məni şəxsən çox narahat edir. Güman edirəm ki, hüquq-mühafizə orqanlarının hamısı və o cümlədən Azərbaycan prokurorluğu bu orqanlara dövlət, hökumət tərəfindən göstərilən yüksək qayğıya, diqqətə və ictimaiyyət tərəfindən göstərilən böyük hörmətə cavab olaraq gərək öz sıralarını təmizləsinlər, o orqanları ləkələyən ünsürlərdən azad olsunlar. Siz də çalışmalısınız, hamımız çalışmalıyıq ki, hüquq-mühafizə orqanları dövlət orqanları içərisində həqiqətən, ictimaiyyət tərəfindən dövlətin qanunlarını həyata keçirən mənəviyyatca sağlam orqanlar kimi tanınsın.

Mən bilirəm ki, bu o qədər də asan məsələ deyil. Əgər 60-70-ci illərdə Azərbaycanda vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etməsi, rüşvətxorluqla məşğul olması halları mövcud idisə və biz onlarla mübarizə aparırdıqsa, bu mübarizədə çox ciddi qərarlar qəbul edirdiksə, bu gün mən hesab edə bilmərəm ki, biz bu mübarizəni qurtarmışıq və indi artıq belə hallar keçmişdə qalıb, sovet hakimiyyəti dövrünə məxsus idi. Əksinə, mən hesab edirəm ki, bu keçid dövrünün bir çox problemləri ilə əlaqədar qanun pozuntuları təkcə hüquq-mühafizə orqanları tərəfindən deyil, ümumiyyətlə, dövlət, hökumət orqanları tərəfindən çoxalıbdır. Vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etmək halları artıbdır və bunların cəzasızlığını görən kütlə, ictimaiyyət də tək bu orqanlardan yox, eyni zamanda iqtidardan, hakimiyyətdən də narazı olurlar. Mən bunu deyirəm ona görə yox ki, narazılıqlar olmasın. Deyirəm ona görə ki, belə hallar bizim cəmiyyətdə, bizim ölkədə, bizim dövlətdə kökündən çıxarılıb atılmalıdır. Mən ümidvaram ki, bizim hüquq-mühafizə orqanları və xüsusən prokurorluq bu sahədə lazımi tədbirlər görəcək və qoyulan vəzifələrin həyata keçirilməsinə nail olacaqdır.

Şübhəsiz ki, keçmişdə Azərbaycan prokurorluğu sərbəst deyildi. Azərbaycan özü sərbəst olmadığı kimi, prokurorluq da sərbəst deyildi. Ancaq eyni zamanda sovet hakimiyyəti dövründə prokurorluq həddən artıq mərkəzləşmiş bir təşkilat idi. Mərkəzləşdiyinə görə də Azərbaycana qarşı ədalətsizliklər də edilirdi.

Məsələn, mən 1990-cı il 20 Yanvar hadisələrini yada saldım. Azərbaycan xalqı, ictimaiyyəti 1990-cı ilin yanvar ayında xalqımıza qarşı edilmiş bu cinayətin açılmaması və cəzasız qalmasından çox narahatdır. Bu işdə o illərdə Azərbaycan prokurorluğunun da günahı çoxdur.

Şübhəsiz ki, hər bir cinayətə qarşı tədbir görülməlidir. Ancaq hesab edirəm ki, XX əsrin ikinci yarısında Azərbaycan xalqına qarşı edilən ən böyük cinayət bəzi ölkələrin köməyi ilə Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz və bunun nəticəsində insanların həlak olması, Azərbaycan torpaqlarının işğal edilməsi və işğal olunmuş torpaqlarda ölkəmizin varidatının dağıdılması olmuşdur. İkincisi isə 1990-cı ilin yanvar ayında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdür.

Keçmiş haqqında danışarkən onu da qeyd etmək istəyirəm ki, məsələn, 1988-1989-cu illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz edildiyi bir vaxtda, eyni zamanda Azərbaycanın rəhbərliyi ilə birlikdə mərkəz prokurorluğu da xalqımıza başqa bir təcavüz edirdi. O illərdə burada heç bir cinayəti olmayan, yaxud xırda bir cinayət törətmiş nə qədər insanlar həbs olunmuşdu. Bu gün mən o günləri xatırlayıram. Böyük cinayətlər qalmışdı kənarda - Azərbaycan xalqına təcavüz edilmişdi, bu qaldı kənarda - Azərbaycanın içində Azərbaycan prokurorluğu da bir cinayəti olan və yaxud cinayəti olmayan insanları həbs edib, onlara əziyyətlər verirdilər. Prokurorluğun tarixində belə qara səhifələr də vardır.

Bütün bunlar hamısı, yəni 1988-ci ildən başlayaraq Azərbaycanda gedən proseslər respublikanın bütün dövlət orqanlarında mənfi hadisələrin baş verməsinə gətirib çıxardığı kimi, prokurorluq orqanlarında da hakimiyyətsizlik, məsuliyyətsizlik, özbaşınalıq halları geniş yayılmışdı.

Bəlkə də bu, başqa yerlərdə çox təəccüb doğura bilər ki, məsələn, bizim hüquq mühafizə orqanlarının içərisində 1991-ci, 1992-ci, 1993-cü illərdə cinayətkar dəstələr yaranmışdı. Daxili İşlər Nazirliyinin içərisində OMON dəstəsi cinayətkar bir dəstəyə çevrilmiş, reketlə məşğul olmuş, insanlara çox böyük əzab-əziyyətlər vermiş, insanları oğurlamış, öldürmüş və nəhayət, 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd göstərilmişdi. Ancaq bu məsələ öz başlanğıcını 1994-cü il oktyabr ayının 2-dən götürür. O günü Azərbaycan prokurorluğuna hücum olunmuş və cinayətkar dəstələr tərəfindən işğal edilmiş, Azərbaycan prokuroru həmin cinayətkar dəstələr tərəfindən əsir götürülmüşdü. Bu da tariximizin bir səhifəsidir.

Bu, nə cür olmuşdu? Bakı şəhərində Xətai rayonunun prokuroru neçə illərdi ki, cinayətkarlıqla məşğul idi, qanunsuz silahlı dəstələr saxlayırdı, ətrafında daim avtomatla silahlanmış quldurlar gəzdirirdi. Ancaq dövlət orqanları, o cümlədən prokurorluq buna laqeyd münasibət göstərirdilər, biganə baxırdılar. Onlar da elə bir səviyyəyə gəlib çıxdılar ki, 1994-cü il oktyabr ayının 2-də Azərbaycan prokurorluğunu işğal etdilər və baş prokuroru, prokurorluğun bir neçə işçisini əsir götürdülər. Bu da Azərbaycan tarixinin, o cümlədən prokurorluğun tarixinin qara bir səhifəsidir.

Mən bu bayram günü bunları xatırlayıram ona görə ki, hər kəs bunlardan özü üçün nəticə çıxarsın. Əgər o illərdə belə cinayətkarlara qarşı lazımi tədbirlər görülsəydi, cinayətkarların azğın hərəkətlərinin qarşısı alınsaydı, onlar bu qədər qudurub prokurorluğun binasını zəbt etməzdilər və baş prokuroru əsir götürməzdilər.

Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, məhz hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının öz işçilərinin fəaliyyəti nəticəsində bütün bu cinayətlərin qarşısı alındı, cinayətkarlar yaxalandı, - hesab edirəm ki, yaxalanmayan da yaxalanacaqdır, - cinayətlər açıldı və Azərbaycanda cinayətkarlığın qarşısı güclü surətdə alınıbdır.

Burada çıxışlarda deyildi ki, MDB ölkələri içərisində ən az cinayət törədilən ölkələrdən biri Azərbaycandır. Bu, şübhəsiz, bizi arxayınlaşdırmamalıdır. Cinayət elə bir şeydir ki, onun qarşısını daim almaq lazımdır. Əgər bizim hüquq-mühafizə orqanları bir gün, yaxud bir ay zəiflik göstərsələr, yaxud diqqəti azaltsalar, cinayətkarlar yenə də baş qaldıra bilərlər.

İndi Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycanın dövlətinin, hökumətinin, o cümlədən hüquq-mühafizə orqanlarının əldə etdiyi ən böyük nailiyyətdir. Biz bu ictimai-siyasi sabitliyi qoruyub saxlamalıyıq. İctimai-siyasi sabitlik Azərbaycanda dövlət quruculuğunu uğurla həyata keçirmək üçün vacibdir, Azərbaycanda iqtisadi-sosial islahatları həyata keçirmək üçün lazımdır, Azərbaycanda bazar iqtisadiyyatı yaratmaq üçün lazımdır. Bu baxımdan hüquq-mühafizə orqanlarının və prokurorluğun qarşısında çox böyük vəzifələr durur.

Prokurorluq peşəsi hörmətli peşədir. Hörmətli, şərəfli peşədir. Müstəqil dövlət kimi Azərbaycan keçmiş tarixindən, ənənələrindən istifadə edərək yeni dövlət quruculuğu prosesini həyata keçirir. O cümlədən, müstəqil Azərbaycanın prokurorluğu yaranır və inkişaf edir. Bu orqanın inkişaf etməsində xidmət göstərən hər bir Azərbaycan vətəndaşı şərəfli iş görür. Mən arzu edirəm ki, hər bir prokurorluq işçisi öz peşəsinin hörmətini yüksək saxlasın, öz peşəsinin adını qorusun. O, öz peşəsinin adını qoruyaraq öz şəxsi adını qoruyacaqdır. Arzu edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və hər bir prokuroru cəmiyyətdə ən hörmətli, ən layiqli adam sayılsın. Bunun üçün böyük imkanlar var. Mən qeyd etdim, artıq Azərbaycanda güclü, yüksək səviyyəli prokuror kadrları korpusu yaranıbdır. Bu kadrlardan səmərəli istifadə etmək lazımdır. Hər bir prokurorluq işçisi də öz peşəsinə sadiq olmalıdır, müstəqil Azərbaycanın dövlətçiliyinə sadiq olmalıdır.

Son illər mən Azərbaycan prezidenti kimi hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan prokurorluğu əməkdaşlarının ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sadiqliyini müşahidə edirəm. Bu sədaqətə görə də təşəkkür edirəm.

Bizim qarşımızda çox böyük vəzifələr durur. Müstəqil Azərbaycan ilk addımlarını atır. Ancaq mən inanıram ki, müstəqil Azərbaycanın çox parlaq gələcəyi var. Biz əsas problemi həll etməyə çalışırıq - Ermənistan-Azərbaycan münaqişəsinin aradan götürülməsinə çalışırıq, məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Son illər bütün dünyaya nümayiş etdirmişik ki, Azərbaycan sülhsevər dövlətdir, Azərbaycan xalqı sülhpərvər xalqdır. Biz müharibənin yenidən başlanmasını istəmirik. ATƏT-in Minsk qrupu həmsədrlərinin verdikləri təklifləri son günlər müzakirə edərkən mən bunu bir daha bəyan etdim.

Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun noyabr ayının 9-da bizə verdiyi təkliflər məsələnin sülh yolu ilə ədalətli həllini təmin etmir. Ona görə də biz o təklifləri qəbul etmədik. Bu gün bir daha bəyan edirəm ki, biz o təklifləri qəbul edə bilmərik. ATƏT-in həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa məsələnin həll olunması üçün daha ədalətli təkliflər hazırlamalıdırlar.

Bu barədə mən noyabr ayının 25-də Azərbaycanda səfərdə olan ATƏT-in hazırkı sədri, Polşanın xarici işlər naziri cənab Geremek ilə də ətraflı danışdım və öz fikirlərimizi ona bildirdim. Yəni ATƏT-in həmsədrlərinin verdikləri təklifləri qəbul etməməyimizin səbəbini bildirdim. Mən dünən bu barədə Rusiyanın baş naziri cənab Primakov ilə də telefonla danışdım. Ona da izah etdim ki, biz bu təklifləri qəbul edə bilmərik. Çünki bunlar məsələnin ədalətlə həll olunmasını təmin etmir.

Heç kəs hesab etməsin ki, əgər Ermənistan Azərbaycan torpaqlarının bir qismini işğal edibsə və işğalçı ordular Azərbaycan torpaqlarındadırsa, demək, biz hər bir təklifi qəbul edə bilərik. Mən bəyan etmişəm və bu gün bir daha bəyan edirəm ki, biz məsələnin ədalətlə həll olunmasının tərəfdarıyıq. Heç vaxt Azərbaycan torpağının hansısa bir hissəsini hansı şəkildə olursa-olsun, Azərbaycanın ərazisindən ayrı təsəvvür edə bilmərik. Ona görə də biz bu təklifləri qəbul etməmişik.

Ancaq eyni zamanda, mən bəyan etmişəm ki, biz Minsk qrupu həmsədrlərinin yeni təkliflərini gözləyirik və bu təkliflərə öz münasibətimizi bildirəcəyik. Beləliklə, biz sülh danışıqları prosesinə, atəşkəs rejiminin saxlanmasına sadiq qalırıq, məsələnin Minsk qrupu çərçivəsində həll olunmasına sadiq qalırıq. Mən Minsk qrupunun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransaya bir daha müraciət etmişəm ki, yenidən bu təkliflər üzərində işləyib bizə təqdim etsinlər.

Bunları sizə çatdırarkən eyni zamanda bildirmək istəyirəm, mən tam əminəm ki, biz məsələnin sülh yolu ilə həll edilməsinə nail ola biləcəyik. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edəcək, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları öz doğma torpağına qayıdacaqlar, müstəqil dövlət kimi Azərbaycan özünün bütün ərazisinin sahibi olacaq və inkişaf edəcəkdir.

Qarşıda bizim çox böyük vəzifələrimiz var. Bu vəzifələrin həyata keçirilməsində Azərbaycan prokurorluğunun da özünəməxsus yeri var. Bu gün biz 80 illik yubileyi qeyd edərkən ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olacaq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir.

Əziz dostlar, mən sizi bir daha ürəkdən təbrik edirəm. Bir də qeyd edirəm, prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, siz həmişə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram.

Hər bir Azərbaycan prokuroruna səadət, hamınıza gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.