Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Belçika Krallığının Baş Naziri Jan Lük Deanın şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi - 13 aprel 1998-ci il


Hörmətli Baş nazir!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Belçika Krallığının Baş nazirinin Azərbaycana rəsmi səfəri Belçika-Azərbaycan əlaqələrində, onun tarixində əlamətdar bir hadisədir. Bu gün başlanmış rəsmi səfər artıq çox müsbət nəticələrini veribdir. Biz çox səmərəli danışıqlar aparmışıq və iki ölkə arasında ilk dəfə olaraq çox mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanıbdır. Mən xüsusi qeyd etmək istəyirəm ki, bizim danışıqlarımız zamanı ölkələrimiz arasında beynəlxalq məsələlərlə, Avropadakı, bizim regiondakı vəziyyətlə əlaqədar hörmətli Baş nazir ilə mənim fikirlərim, demək olar ki, üst-üstə düşür. Bunun da nəticəsində Belçika ilə Azərbaycan arasında əməkdaşlığın böyük imkanlara malik olduğunu biz bir daha təsdiq etdik. Şübhə etmirəm ki, Belçika və Azərbaycan hökumətləri gələcəkdə bu imkanlardan istifadə edəcək və əlaqələrimiz bütün sahələrdə inkişaf etdiriləcəkdir.

Belçika Avropanın çox nüfuzlu, iqtisadi, mədəni, elmi sahədə inkişaf etmiş ölkələrindən biridir. Bu ölkənin qədim və zəngin tarixi var. Uzun əsrlər boyu Belçikada yaşayan insanlar öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmışlar. 1831-ci ildə Belçikanın öz istiqlaliyyətini əldə etməsi və ilk konstitusiyasının yaradılması bu xalqın azadlığa, demokratiyaya və müstəqilliyə nə qədər can atdığının sübutudur. Belçikanın həm müstəqil ölkə, həm də konstitusiya monarxiyası ölkəsi olaraq uzunmüddətli tarixi vardır. Biz bu tarixi çox böyük maraqla vərəqləyir və Belçikanın keçdiyi yolda Azərbaycan üçün də əhəmiyyətli, faydalı olan təcrübəni özümüzdə istifadə etmək istəyirik. Müstəqillik əldə etdikdən sonra da Belçika öz həyatında bir çox çətinliklərlə rastlaşmışdır. XX əsrdə Belçikanın həyatında ən ağır, ən çətin, ən ağrılı dövr alman faşizminin bu ölkəni işğal etməsi olmuşdur. Xalq bunların hamısına dözmüş və İkinci dünya müharibəsindən sonra çox sürətli inkişaf yolu keçmişdir. Belə bir tarixi olan, bu cür çətin yollardan keçmiş ölkə, güman edirəm ki, Azərbaycanın da tarix boyu keçdiyi çətin yolları və indi, müstəqillik əldə edəndən sonra qarşısında duran çətinlikləri daha yaxşı hiss edə bilər. Çətin yollardan keçərək müstəqilliyini bərqərar etmiş, öz ölkəsində yüksək səviyyəli iqtisadi və sosial şərait yaradıb demokratiya qurmuş bir ölkə, şübhəsiz ki, dövlət quruculuğumuzda bizim üçün bir örnəkdir.

Biz müstəqilliyi əldə edəndən sonra ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quraraq, demokratiyanı inkişaf etdirərək, birinci növbədə Avropanın təcrübəsindən bəhrələnməyə çalışırıq və bu baxımdan Belçikanın təcrübəsi də bizim üçün çox faydalıdır. Biz çox şadıq ki, Belçika xalqı İkinci dünya müharibəsindən sonra sülh, əmin-amanlıq və demokratiya şəraitində yaşayır. Biz dünyanın bütün xalqlarına sülh və əmin-amanlıq arzulayırıq. Ölkəmizdə də sülhü, əmin-amanlığı və öz vətəndaşlarımız üçün xoşbəxtliyi təmin etməyə çalışırıq. Bunların hamısı Belçika ilə bizim gələcəkdə daha sıx əlaqələr saxlamağımız üçün yaxşı əsasdır. Bu gün apardığımız danışıqlar, imzaladığımız sənədlər şübhəsiz ki, gələcək işlərimizə çox böyük təkan verəcəkdir. Bütün bu əlaqələrin yaranmasında Belçikanın Baş naziri, hörmətli qonağımızın xüsusi rolu var. Mən hörmətli qonağımız, Belçikanın Baş naziri ilə indiyə qədər bir neçə dəfə görüşmüşəm və hər dəfə onun Azərbaycana çox böyük marağı olduğunu hiss etmişəm. Bu gün də bizim görüşümüz və danışıqlarımız zamanı Azərbaycana böyük maraq göstərmiş qonağımız Azərbaycanla Belçika arasında əlaqələrin inkişaf etməsi üçün bir daha öz səylərini göstərir. Əminəm ki, görüşlərimiz, danışıqlarımız və imzaladığımız sənədlər gələcək əlaqələrimizin inkişaf etməsi üçün çox faydalı olacaqdır. Biz səmimi olaraq Belçika - Azərbaycan əlaqələrini bütün sahələrdə inkişaf etdirmək istəyirik. Bunun üçün öz tərəfimizdən əlimizdən gələni edəcəyik.

Mən rica edirəm bu badələri Belçika Krallığının şərəfinə, Belçika xalqının şərəfinə, Belçika hökumətinin şərəfinə və Belçikanın Baş naziri, bizim hörmətli qonağımızın şərəfinə qaldıraq. Sağ olun. Sizin şərəfinizə!