Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bilkənd Universiteti İdarə Heyətinin sədri İhsan Doğramaçı ilə görüşdə çıxışı - 9 fevral 1994-cü il


Mən İhsan Doğramaçı haqqında çox məlumat almışam. Onu dünyanın hər yerində, edəcə də Azərbaycanla böyük, nadir bir şəxs kimi tanıyırlar. Onun böyük bir şəxsiyyət olması bundan ibarətdir ki, nəinki Türkiyədə, ümumiyyətlə, bütün türk diyarında, türk dünyasında elm və təhsil sahəsində illərdən bəri coşqun fəaliyyət göstərir, xalq, millət qarşısında, türk xalqlarının birləşməsi sahəsində böyük xidmətləri var. O, xalqın elm və təhsilinin yüksəlməsinə çalışır və bütün həyatını buna həsr etmişdir. Allah ona böyük bir vergi vermişdir. O, Allahdan, Tanrıdan aldığı bu vergini bütün həyatı boyu xalqa xidmətə sərf edib. Bu gün burada, onun evində çox yüksək mədəni səviyyədə keçən indiki mərasim də bunu bir daha sübut edir. Bura mədəniyyət ocağıdır, elm, təhsil ocağıdır. Ona görə də biz burada xalqlarımız, ölkələrimiz haqqında danışarkən onların qədim tarixində elmin, mədəniyyətin, incəsənətin, təhsilin nə qədər böyük rol oynadığını qeyd etməliyik.

Əgər xalqlarımız əsrlər boyu yaşayıblarsa, mübarizə apararaq öz mənliyini qoruya biliblərsə, öz milli xüsusiyyətlərini itirməyiblərsə , böyük mərhələlərdən keçərək indi müstəqil xalq kimi, dövlət kimi yaşayırlarsa, bütün bunlara görə xalqlarımız öz içərisindən çıxan mütəfəkkirlərə, yazıçı və şairlərə, bəstəkarlara, rəssamlara, memarlara, alimlərə minnətdardırlar. Böyük iftixar hissilə demək olar ki, xalqlarımız bu sahədə çox zəngindirlər. Bu zənginlik xalqlarımızla milli ruhu, milliliyi, milli ənənələri yaşadıb, nəsildən-nəsilə keçirib, bu günə gətirib çıxarmışdır.

Azərbaycan xalqı bütün türk dünyasının bir hissəsi olaraq böyük və zəngin elm, mədəniyyət tarixinə malikdir. Bu gün burada məmnunluqla qeyd edirəm ki, Azərbaycanın incəsənət ustaları, alimləri, bəstəkarları, mədəniyyət xadimləri Türkiyənin bir çox elm və mədəniyyət ocaqlarında, o cümlədən də İhsan bəyin himayədarlığı ilə fəaliyyət göstərirlər. Onlar bu gün burada da Azərbaycan musiqisinin kiçik bir parçası ilə bizi sevindirdilər.

Tarix böyükdür. Biz öz tariximizlə fəxr edirik. O, bizim birgə tariximizdir, xalqlarımızın vahid tarixidir. Nizami də, Füzuli lə, Mirzə Fətəli Axundov da, Vaqif də, Yunus İmrə də, bu gün burada şeri səslənən Səməd Vurğun da, Türkiyə torpağında, İstanbulda təhsil almış, böyük əsərlər qoyub getmiş Hüseyn Cavid də, sözlərinə mahnı, şərqi bəstələnmiş şerin müəllifi Əhməd Cavad da və bizim aramızda olan böyük mədəniyyət xadimləri də - Arif Məlikov da, Bəxtiyar Vahabzadə də, habelə digər mədəniyyət xadimləri də bizim zəngin mədəni sərvətimizdir. Xalqlarımız bu sərvətlə fəxr edir və fəxr etməyə də haqları var.

Biz uzun illər ərzində, 70 il bir-birimizdən ayrı düşmüşlük. Əvvəllər də birliyimizə maneçilik törədən amillər olmuşdur. Lakin elm, mədəniyyət, ədəbiyyat adamlarımız bizim həmişə birgə olmağımızı təmin etmişlər. Biz bir-birimizdən məsafəcə uzaq olsaq da, ərazicə ayrı düşsək də, bir-birimizi görə bilməsək də, ulu babalarımızın bizə verdikləri nəsihətlərlə yaşamış olan xalqlarımızın mütəfəkkirləri, milliyyətimizi, milli ənənələrimizi, milli mədəniyyətimizi, dilimizi, tariximizi unutmağa qoymayıblar və heç vaxt da unutmamışıq.

İndi isə biz bir-birimizə qovuşmuşuq, bir-birimizi qucaqlamışıq, bir yerdəyik. Burada, bu salonda kimin türkiyəli, kimin azərbaycanlı olduğunu ayırmaq mümkün deyildir, heç ayırmaq da lazım deyildir. Biz bir-birimizə qaynayıb-qarışmışıq və bu proses davam edəcəkdir. Şübhəsiz ki, hamımız bu prosesin davam etməsi üçün səylərimizi əsirgəməyəcəyik. Türkiyə böyük dövlətdir, onun tarixi çox zəngindir. Dahi Mustafa Kamal Atatürk Türkiyənin böyük bir dövlət olması üçün çox işlər görmüşdür. Böyük məmnuniyyətlə demək olar ki, ondan sonra gələn nəsillər onun yolu ilə getmiş, Türkiyəni qabaqcıl dövlətlər sırasına çıxarmışlar. Türkiyə öz iqtisadiyyatına, mədəniyyətinə görə, habelə dünyada mövqeyinə görə böyük, inkişaf etmiş dövlətlər sırasındadır.

Azərbaycanın böyük tarixi var. Bu tarix çox ağır mərhələlərdən keçmişdir. Lakin bunlar Azərbaycanın nə mədəniyyətini, nə elmini, nə də ənənələrini heç vaxt sarsıla bilməmişdir. Bir təsəvvür elin, 70 il ərzində Azərbaycan Sovetlər Birliyinin tərkibində olmuş, kommunist ideologiyası ilə yaşamış, sosializm qurmağa çalışmışdır. Buna baxmayaraq, bütün bu illər ərzində Azərbaycan xalqının dili nəinki yaşamış, hətta inkişaf edib zənginləşmişdir. Mədəniyyətimiz yüksək zirvələrə qalxmışdır. Əsrin əvvəlindən bu günədək olan müddəti götürsək görərik ki, həmin dövrdə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövlət Hacıyev, Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev kimi görkəmli bəstəkarlar yetişmişdir. Şərqdə ilk opera Üzeyir Hacıbəyovun dühası ilə yaranmışdır. Bir sözlə, Azərbaycanla professional musiqi mədəniyyəti təşəkkül tapmışdır. Demək istəyirəm ki, bu ictimai-siyasi quruluş, iqtisadi sistem xalqın mədəniyyətinə nəinki zərər vura bilməmiş, əksinə, bu sistemdə mədəniyyətimiz çox inkişaf etmiş və irəliləmişdir. Azərbaycan elmi çox irəliyə getmiş və özünün nə qədər qüdrətli və güclü olduğunu bütün dünyaya göstərmişdir.

Azərbaycanda ilk universitet 1919-cu ildə yaradılmışdır. Bu gün tarixə nəzər salaraq qeyd etməliyik ki, ilk universitetimizin yaradılmasında da Türkiyənin yardımı olmuşdur. Türkiyədən gəlmiş ilk 50 müəllim və alim universitetin yaranması və inkişaf etməsi naminə çox işlər görmüşdür. İndi Azərbaycanda 18-dən çox universitet var. Halbuki Azərbaycan kiçik bir ölkədir. Azərbaycanda ən böyük nailiyyət ondan ibarətdir ki, bizdə savadsız adam yoxdur. Ölkəmizdə hansı bir kəndə, hətta hansı bir dağ kəndinə getsəniz, orada savadsız adam tapa bilməzsiniz. Azərbaycanda xalqın ümumi təhsil səviyyəsinin, mədəni səviyyənin yüksəlməsi XX əsrdə özünü çox bariz şəkildə göstərmişdir.

Bunların hamısı yenə də bizim köklərimizlə bağlıdır, hamısı milli mədəniyyətimizin, milli təfəkkürümüzün, dilimizin nə qədər sarsılmaz olduğuna və nə qədər əyilməz olduğuna dəlalət edir. Heç bir rejim, heç bir vaxt bizi bunlardan məhrum edə bilməz. Əksinə, vəziyyət nə qədər ağır olubsa, elm, mədəniyyət, musiqi də bir o qədər çox inkişaf etmişdir. Bizim Azərbaycan dili, ana dilimiz cari əsrdə çox zənginləşmiş, çox inkişaf etmişdir. Türk ləhcəsi ilə Azərbaycan ləhcəsi arasında bəzi fərqlər var. Bu fərqləri siz bilirsiniz. Bir tərəfdən siz öz dilinizi modernləşdirmisiniz, digər tərəfdən isə bizim dilimiz müəyyən dərəcədə təkmilləşmişdir. Fərqlər də buradan irəli gəlir. Ola bilsin ki, 60-70 il öncə bu fərqlər az idi. Lakin elə indi də türk xalqlarından heç birinin dili Azərbaycan və türk dilləri qədər bir-birinə yaxın deyildir. Bütün bunlar onu göstərir ki, dostum İhsan bəyin qeyd etdiyi kimi, ölkələrimiz ayrı olsalar da, xalqlarımız birdir və bir olacaqlar. Buna heç bir şübhə ola bilməz.

İndi bunun üçün daha böyük imkanlar açılmışdır. Mən sizə açıq demək istəyirəm, əgər Ermənistanın Azərbaycana təcavüzü olmasaydı, əgər Azərbaycan müharibə şəraitində olmasaydı, bu qısa müddətdə, yəni Azərbaycan öz istiqlalını əldə etdiyi vaxtdan bəri ölkəmizdə daha çox işlər görmək olardı. Bir iqtisadisosial, siyasi sistemdən başqa bir sistemə keçmək asan məsələ deyildir. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra keçirilən islahatların hər birinə 3-4, hətta 5 il vaxt lazım olmuşdur. Lakin biz illərlə gözləyə bilmərik. Biz qarşımıza qoyduğumuz məqsədləri qısa müddətdə həyata keçirməliyik. Nəzərdə tutulan bütün islahatların və niyyətlərin həyata keçirilməsi üçün tam təminat, əsas var. Buna isə Azərbaycan Respublikasının malik olduğu böyük intellektual potensial, böyük iqtisadi imkanlar əsas verir...

Mən bir daha bizim dostluğumuza və qardaşlığımıza, yəni Türkiyə ilə Azərbaycan arasında olan dostluğa və qardaşlığa güvənirəm. Dünəndən bəri keçirdiyimiz görüşlər, apardığımız danışıqlar, bizi burada səmimi və qardaşcasına qarşılamağınız bir daha göstərir ki, bu dostluğumuz və qardaşlığımız qırılmazdır, sarsılmazdır və gündən-günə daha da möhkəmlənəcək, qüvvətlənəcəkdir. Türkiyə böyük bir dövlət kimi, inkişaf etmiş ölkə kimi Azərbaycanla həmişə təmasda olacaq və Azərbaycanın bütün ehtiyaclarını nəzərə alaraq öz imkanlarını bölüşəcəkdir. Beləliklə də, biz birlikdə bu ağır vəziyyətdən çıxacağıq. Mən Bilkənd Universitetinə, bütün Türkiyə universitetlərinə gələcək fəaliyyətlərinlə uğurlar diləyirəm. Türkiyənin elm, təhsil adamlarına öz hörmətimi, sevgimi və məhəbbətimi bildirirəm. Gələcəkdə tarixi abidəyə çevriləcək bu gözəl guşədə olduğuma görə özümü çox xoşbəxt hiss edirəm. İhsan bəy, Sizə və Sizin burada olan qonaqlarınızın hamısına öz təşəkkürümü bildirirəm. Çox sağ olun!