Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "Nissö İvai" şirkətinin prezidenti Husamiçe Masataki ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 26 fevral 1998-ci il


Hörmətli cənab Masataki!

Dünyanın ən nüfuzlu ölkələrindən biri olan Yaponiyaya rəsmi səfərimi tarixi hadisə kimi yüksək qiymətləndirdiyinizə görə sizə təşəkkür edirəm. "Gündoğar ölkə"də məni çox nüfuzlu, görkəmli dövlət xadimi kimi yaxşı tanıdıqları, mənim fəaliyyətimi diqqətlə izlədikləri haqqında verdiyiniz məlumatlara görə də sizə minnətdarlığımı bildirirəm. Azərbaycanda son illər yaranmış möhkəm sabitliyin böyük əhəmiyyətinə, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi üçün həyata keçirilən islahatlar prosesinə verdiyiniz qiymətlərə görə sizə çox minnətdaram.

Həqiqətən də respublikamızda həm siyasi, həm də iqtisadi sahədə əldə edilmiş nailiyyətlər müstəqil Azərbaycan Respublikasının tezliklə ən inkişaf etmiş ölkələrdən birinə çevriləcəyindən xəbər verir. Prezidenti olduğunuz şirkətin Bakıda nümayəndəliyini açmaq niyyətinizi bəyənirəm. İxrac-idxal əməliyyatlarının həyata keçirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində ən yeni texnologiyanın tətbiqi ilə əlaqədar layihələrin maliyyələşdirilməsinə şirkətinizin böyük maraq göstərdiyini bildirdiniz. Azərbaycanda neft-qaz yataqlarının birgə işlənilməsinə, neftayırma zavodlarının yenidən qurulmasına, boru kəmərlərinin çəkilişinə sərmayə qoymağa hazır olduğunuzu, ümumiyyətlə, müzakirə etdiyimiz bütün layihələrin uğurla həyata keçiriləcəyinə böyük ümidlər bəsləyirəm. Azərbaycan ilə "Nissö İvai" şirkəti arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmək istəyirəm. Müstəqil Azərbaycan dünyanın bütün ölkələri ilə, o cümlədən çox böyük təcrübəyə malik olan Yaponiya şirkətləri ilə əlaqələrin daha da sıxlaşdırılmasına xüsusi əhəmiyyət verir və bu münasibətlərin ardıcıl surətdə inkişaf etməsinə tərəfdardır. Ümidvaram ki, nəzərdə tutulan layihələr uğurla həyata keçiriləcək və əməkdaşlığımız regionun xalqlarına sülh, əminamanlıq, rifah gətirəcəkdir.