Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu sessiyasında Millətlər Birliyinin xüsusi salonunda mətbuat konfransında bəyanatı - 29 sentyabr 1994-cü il


Hörmətli xanımlar, cənablar!

Mən bir neçə dəqiqə bundan öncə BMT-nin Baş Məclisində Azərbaycan Respublikasının prezidenti kimi çıxış etdim. Bu nitqimdə mən Azərbaycan Respublikasının beynəlxalq aləmdə, beynəlxalq miqyasda əsas prinsiplərini bildirdim. Buna görə də təkrarən, geniş bir bəyanat verməyə ehtiyac yoxdur. Belə düşünürəm ki, siz mənim həmin çıxışımla tanışsınız. Lakin qısaca bir neçə kəlmə demək istərdim.

Azərbaycan üç ildir ki, müstəqil bir dövlət kimi yaşayır. Azərbaycan Respublikasının başçısı, prezidenti ilk dəfədir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin işində iştirak edir və Azərbaycanın adından bu məclisə müraciət edir. Xalqımız milli azadlıq əldə etdikdən sonra Azərbaycan Respublikasının daxili və xarici siyasəti xalqın tarixi, milli, mənəvi ənənələri əsasında qurulur. Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət yaradılır. Respublikamızın çəmiyyəti demokratik prinsiplər əsasında formalaşır və bu prinsipləri Azərbaycanda bərqərar etmək üçün ölkəmizdə qanunlar qəbul olunmuşdur. Bu qanunlar demokratik prinsiplərin mövcudluğu və onlardan əhalinin istifadə etməsi üçün şərait yaradır. Biz bu sahədə də öz işimizi Azərbaycan xalqının tarixi, milli, mənəvi ənənələri, milli dəyərləri əsasında qururuq. Eyni zamanda dünyanın inkişaf etmiş, çox yüksək səviyyələrə qalxmış dövlətlərinin demokratik prinsiplərindən bəhrələnirik.

Azərbaycan iqtisadi sahədə böyük potensiala malikdir. Biz bu sahədə bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə gedirik və bunun üçün lazımi tədbirlər görürük. Yəni 70 il sosialist quruluşunda sosialist iqtisadi, siyasi prinsipləri əsasında yaşayan bir respublika indi müstəqil dövlət kimi dünyanın inkişaf etmiş ölkələrinin həm ictimai-siyasi prinsiplərindən, həm də iqtisadi-sosial prinsiplərindən istifadə edərək öz həyatını özü qurur.

Respublikamız üçün ən ağır problem ölkənin altı ildən bəri müharibə vəziyyətində olması ilə bağlıdır. Müharibəyə Azərbaycan başlamayıbdır. Azərbaycan müharibəyə cəlb edilibdir. Ermənistan Respublikasının təcavüzü nəticəsində hərbi münaqişə yaranıb və indi müharibə gedir. Azərbaycan ərazisinin bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur, torpaqlarımızın 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır. İşğal edilmiş torpaqlardan bir milyon nəfərdən artıq

Azərbaycan vətəndaşı qaçqın düşüb, öz doğma yerlərindən baş götürüb qaçmışdır. İndi onlar qaçqın vəziyyətində çadırlarda ağır şəraitdə yaşayırlar.

Bu çətinliklərə baxmayaraq, biz sülh təklif edirik və buna görə də dörd ay əvvəl Ermənistan ilə Azərbaycan arasında atəşin kəsilməsinə nail ola bilmişik. Biz atəşkəsin saxlanmasına çalışırıq və bundan sonra da çalışacağıq. Lakin atəşkəs dövründə Böyük Sülh Müqaviləsi əldə etmək istəyirik. Sülh müqaviləsi yalnız bəzi şərtlərlə ola bilər. Yəni işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələri çıxmalı, həmin torpaqlarımız azad edilməli və qaçqınlar öz yerlərinə qayıtmalıdırlar. Beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. Biz məhz bu şərtlər əsasında sülhə nail olmaq istəyirik və bunun üçün də çalışırıq. Bu gün mən Birləşmiş Millətlər Təşkilatının tribunasından bütün dünya ictimaiyyətinə, böyük dövlətlərə, beynəlxalq təşkilatlara bu sülhün əldə olunmasında bizə kömək göstərmək barədə müraciət etdim.

Mənim sizə deyəcəyim bu qədərdir, vaxtınızı çox almaq istəmirəm. Odur ki, vaxtımı sizin suallarınıza cavab vermək üçün saxlamaq fikrindəyəm.

Sual: Cənab prezident, Birləşmiş Millətlər Təşkilatı adından sizi burada salamlamağa çox şadam. Sizin ölkəniz neft şirkətlərinin konsorsiumu ilə müqavilə bağlamışdır. İndi gündəlikdə neftin nəql edilməsi üçün boru kəmərinin çəkilməsi məsələsi durur. Sizcə, bu boru kəməri haradan keçəcək?

Cavab: Bilirsinizmi, indiyədək, yəni üç il idi ki, söhbət bu neft müqaviləsinin bağlanmasından gedirdi və hər dəfə də ortaya müxtəlif məsələlər çıxırdı. Artıq müqavilə imzalanmışdır, buna görə də indi bütün suallar neft kəmərinin haradan keçməsi barədədir.

Həmin suallara hazırda heç kəs cavab verə bilməz. Elə mən özüm də. Çünki bu neft kəməri marşrutunun bir neçə variantı var. Biz gərək onu konsorsiumla, yəni bizimlə müqavilə imzalamış olan neft şirkətləri ilə birlikdə həll edək. Mən onu deyə bilərəm ki, boru kəmərinin marşrutu birinci növbədə Azərbaycanın milli mənafelərinə uyğun olmalıdır. Əlbəttə, bu məsələ müqaviləni imzalamış və böyük işlərə girişmiş neft şirkətlərinin fikrindən, iradəsindən də asılı olacaqdır. Eyni zamanda bu neft kəmərinin marşrutu gərək iqtisadi baxımdan da səmərəli olsun.

Zənnimcə, biz əgər üç il ərzində aparılan danışıqlardan sonra bu müqaviləni imzalaya bildiksə, deməli neft kəmərinin haradan keçəcəyini də müəyyənləşdirəcəyik.

Sual: Cənab prezident, dünən "Vaşinqton post" qəzetində dərc edilmiş bir məqalədə deyilir ki, Azərbaycan Dağlıq Qarabağı əldən vermək istəyir. Bunu necə başa düşmək olar?

Cavab: Güman edirəm ki, o məqaləni yazan adam çox böyük səhv buraxıb. Necə ola bilər ki, biz öz ərazimizi əldən verək? Belə olsaydı, onda heç altı ildən bəri müharibə aparmaq lazım gəlməzdi. Bu altı ildə Azərbaycan tərəfi 20 min adam itirib. Yüz min nəfərdən çox adam yaralanıb. İşğal edilmiş ərazilərimizdə 700-dən çox şəhər, kənd və qəsəbə dağıdılıb. Belə böyük müharibədən sonra Dağlıq Qarabağı necə əldən vermək olar? Bu birincisi, ikincisi də, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Siz dünyada elə bir ölkə tapa bilərsinizmi ki, o öz torpağının bir hissəsini başqasına versin? Odur ki, bu, yanlış məlumatdır.

Sual: Cənab prezident, dörd aydan çoxdur ki, atəşkəsə əməl edilir. Amma bununla yanaşı, bəzi məlumatlar gəlir ki, Azərbaycan Dağlıq Qarabağın şərq hissəsinə ordu toplayır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bu məlumatı sizə kim verib?

Müxbir: Bu məlumatlar Qarabağ tərəfdən gəlir.

Cavab: Bunlar yanlış məlumatlardır. Əvvəla, atəşin kəsilməsinin təşəbbüskarı məhz biz olmuşuq. Həm də dəfələrlə bildirmişik ki, atəşkəsin davam etməsinin tərəfdarıyıq. Mən bunu bu gün BMT-nin tribunasından bir daha bəyan etdim və bildirdim ki, biz bu müddətdə böyük sülhə nail olmaq istəyirik. Biz müharibənin yenidən başlanmasına tərəfdar deyilik və bu istiqamətdə heç bir iş görmürük. Sizdə olan məlumatlar əsassızdır.

Sual: Belə məlum olur ki, heç bir ordu toplanmır?

Cavab: Qətiyyən belə şey yoxdur.

Sual: Cənab prezident, siz burada, Nyu-Yorkda, BMT-də Ermənistan prezidenti ilə görüşdünüzmü? Əgər görüşdünüzsə, onunla dialoq faydalımı oldu? Siz Dağlıq Qarabağ ilə Azərbaycan arasında yaxın aylarda dialoqu necə təsəvvür edirsiniz?

Cavab:  Mən Ermənistan prezidenti cənab Ter-Petrosyanla burada görüşdüm. Bu, srağagün səhər oldu. Söhbətimiz uzun çəkdi. Biz əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə, sonra isə tək-bətək söhbət etdik. Biz məhz sülh haqqında böyük sazişin hazırlanması məsələlərini müzakirə etdik. Ən çox da, bu sazişin əldə olunmasında bizə maneçilik törədən problemlərdən danışdıq. Məsələn, söhbət ondan gedir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasının zəruriliyindən danışarkən biz bunu həm Laçın rayonuna, həm də Şuşa şəhərinə aid edirik. Bu məsələlərdə Azərbaycan və Ermənistan tərəfləri arasında sazişə hələlik nail ola bilməmişik. Biz burada, Nyu-Yorkda görüşərkən diqqəti məhz həmin məsələlərə yönəltdik. Həm də razılığa gəldik ki, bu məsələ barəsində danışıqlarımızı davam etdirəcəyik. Cənab Ter-Petrosyan da, mən də belə bir yekdil fikirdə olduq ki, atəşkəs rejimini saxlamaq və Böyük Sülh Sazişinin imzalanmasına nail olmaq üçün razılığa gəlmək lazımdır; Mən sizə yalnız bunu deyə bilərəm.

Sual: Cənab prezident, siz dediniz ki, Azərbaycan neft kəmərinin marşrutu barədə qərarı o vaxt qəbul edər ki, bu, Azərbaycanın milli mənafelərinə uyğun və eyni zamanda iqtisadi cəhətdən Azərbaycan üçün sərfəli olsun. Sizcə, neft kəməri Türkiyədən keçərsə, bu, Azərbaycan üçün iqtisadi cəhətdən faydalı ola bilərmi?

Cavab: Mən dedim ki, neft kəməri gərək həm Azərbaycanın milli mənafeyinə uyğun olsun, həm konsorsiumda iştirak elən şirkətlərin iqtisadi mənafelərinə cavab versin, həm də iqtisadi cəhətdən səmərəli olsun. Əmər neft kəmərinin Türkiyə ərazisindən keçməsi bu tələblərə uyğun olsa, onda mən bunu alqışlayaram.

Sual: Cənab prezident, sizin fikrinizcə, burada, Nyu-Yorkdakı görüşləriniz, danışıqlarınız və çıxışlarınız, Azərbaycanın gələcəyi üçün nə kimi əhəmiyyətə malikdir?

Cavab: Belə düşünürəm ki, bunların böyük əhəmiyyəti olacaq. Ən əvvəl, Azərbaycan dövlətinin başçısı, prezidenti BMT Baş Məclisinin sessiyasında ilk dəfədir çıxış edir. Bu, gənc və müstəqil dövlət üçün mühüm hadisədir. Mən Baş Məclisin tribunasından çıxış edərək, Azərbaycanın bugünkü vəziyyəti ilə, ölkəmizin dövlət və siyasi quruluşunun prinsipləri ilə bağlı fikir və mülahizələrimi, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə barəsində mövqeyimizi Dünya Birliyinə çatdırmaq imkanına malik oldum. Zənnimcə, elə bunun özü müstəqil Azərbaycan Respublikasını Dünya Birliyinə təqdim etmək üçün kiçik məsələ deyildir.

Bundan əlavə, Nyu-Yorkda olarkən mən bir çox görüşlər keçirdim və onlar da Azərbaycanın mövqeyini dünya miqyasında möhkəmlətmək üçün çox böyük əhəmiyyətə malikdir. Bu baxımdan mən ABŞ prezidenti cənab Bill Klintonla görüşə olduqca böyük əhəmiyyət verirəm. Bizim çox ətraflı və səmərəli söhbətimiz oldu. Bu, Azərbaycan prezidentinin ABŞ prezidenti ilə ilk görüşü idi. Mən cənab prezident Bill Klinton tərəfindən Azərbaycanın və bütün bölgəmizin problemlərinə böyük maraq göstərildiyini hiss etdim. Ermənistan ilə Azərbaycan arasında münaqişənin aradan qaldırılması və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış vəziyyətdən çıxmaq yolları barədə prinsiplərimizi, mülahizələrimizi və fikirlərimizi ona izah etmək imkanı tapdım. Mən artıq dedim ki, Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdüm. Burada bir sıra dövlətlərin xarici işlər nazirləri ilə, beynəlxalq təşkilatların rəhbərləri, bəzi maliyyə dairələrinin nümayəndələri ilə də görüşlərim oldu. Bütün bunlar Azərbaycanın bu günü və gələcəyi üçün kifayət qədər böyük əhəmiyyətə malikdir.

Sual: Cənab prezident, mən sizin Amerika prezidenti ilə görüşünüz mövzusuna qayıdıram. Siz Amerika prezidentindən nə xahiş etdiniz, bu münaqişədə Amerikanın vasitəçi olmağını istədiyinizi bildirdinizmi? Müsaidənizlə, daha bir sual vermək istərdim: elan edilmişdir ki, prezident Yeltsin ilə prezident Klinton öz aralarında görüşdə "Yaxın xaric" deyilən ölkələrdə Rusiyanın fəaliyyəti barədə razılığa gəlməmişlər. Bu fakt sizi məyus edirmi?

Cavab: Mən cənab prezident Bill Klintona dedim ki, bütün münaqişələrin, eləcə də

Qafqazda gedən münaqişələrin aradan qaldırılmasında ABŞ beynəlxalq təşkilatların, o cümlədən ATƏM-in və Minsk qrupunun fəaliyyətində daha yaxından iştirak etməlidir. Belə hesab edirəm ki, bu proseslərdə ABŞ-ın iştirakı fayda gətirəcəkdir. O ki, qaldı cənab Bill Klinton ilə cənab Boris Yeltsin arasında fikir ayrılıqları barədə sizin məlumatınıza, mənim bundan xəbərim yoxdur və mən sizin bu məlumatınız əsasında bir nəticə çıxarmaq istəməzdim. Diqqətinizə görə təşəkkür edirəm.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış