Neft Konsorsiumuna daxil olan ABŞ şirkətlərinin Azərbaycanın dövlət başçısının şərəfinə təşkil etdikləri rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Nyu-York, 24 oktyabr 1995-ci il


Hörmətli cənab konqresmen Qreq Laflin, hörmətli cənab Körtis, hörmətli cənab Kollinz!

Hörmətli xanımlar və cənablar!

Bu gün bu mötəbər məclisdə Azərbaycanı qonaq edənlər, buraya toplaşanlar Amerika Birləşmiş Ştatlarının çox hörmətli şəxsləridir, ABŞ-ın dövlət nümayəndələri, ölkənizin parlamentini təmsil edən nümayəndə və eyni zamanda Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətlərinin rəhbərləri və onların əməkdaşlarıdır. Burada, Nyu-Yorkda, bu möhtəşəm oteldə, çox məşhur binada, məşhur bir yerdə Azərbaycanın nümayəndələrinə, şəxsən Azərbaycanın prezidentinə göstərdiyiniz diqqət və ehtirama görə sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Hamınıza, o cümlədən Amerika Birləşmiş Ştatlarının xalqına məsafəcə uzaq olsa da, sizə qəlbən yaxın olan, dost olan Azərbaycan xalqı adından, Azərbaycan vətəndaşları adından səmimi salamlar çatdırıram.

Mən buraya Birləşmiş Millətlər Təşkilatının 50 illik yubileyi ilə əlaqədar təntənəli mərasimdə iştirak etmək üçün gəlmişəm. Bu günlər dünya tarixində böyük bir hadisə baş verir. 1945-ci ildə, İkinci dünya müharibəsi qurtardıqdan və fazizm üzərində qələbə çalındıqdan sonra Amerika torpağında, San-Fransisko şəhərində 51 dövlətin nümayəndələri yeni bir beynəlxalq təşkilatın - Birləşmiş Millətlər Təşkilatının yaradılması haqqında qərar qəbul etmişlər. Tarixdən məlumdur ki, belə bir təşkilatın yaradılması haqqında hələ İkinci dünya müharibəsi gedərkən, 1942-ci ildə Amerika Birləşmiş Ştatlarında bəyannamə qəbul olunmuşdu. İkinci dünya müharibəsi qurtaran kimi Birləşmiş Millətlər Təşkilatı məhz burada, ABŞ torpağında yarandı və 50 il ərzində dünyada sülhün, əmin-amanlığın keşiyində durur.

Şübhə yoxdur ki, Birləşmiş Millətlər Təşkilatının yaranmasında ABŞ-ın, onun mütəfəkkir insanlarının xüsusi rolu olubdur. İki yüz il bundan öncə Amerika torpağında yeni, müstəqil, demokratik bir dövlət yaratmış Corc Vaşinqton kimi, əlli il öncə də Amerika torpağında dünyada demokratiyanı, sülhü, əmin-amanlığı qorumaq üçün yeni böyük bir beynəlxalq təşkilatın yaranmasında Amerika xalqının və Amerikanın mütəfəkkir insanlarının xüsusi xidmətləri var.

Əlli il ərzində BMT böyük fəaliyyət göstərib, inkişaf edib, genişlənibdir. Bu təşkilatı 51 dövlət yaratmışdırsa, indi bu beynəlxalq təşkilatda 184 dövlət birləşibdir. Bu günlərdə Amerika torpağında, Nyu-Yorkda tarixdə ilk dəfə olaraq 184 dövlətin başçıları bu tarixi hadisəni bayram etmək üçün bir araya gəliblər, toplaşıblar. Bəşəriyyət tarixində heç vaxt bu qədər dövlətin, hökumətin başçıları - 184 dövlətin başçıları bir yerə toplaşmamışlar. Amerika Birləşmiş Ştatları BMT-nin yaranmasında böyük rol oynadığı kimi, onun 50 illik fəaliyyətində də ABŞ-ın böyük rolu var. Bu 50 illik yubileyin burada təşkil olunub gözəl, yüksək səviyyədə keçirilməsində də ABŞ-ın çox böyük rolu var.

Bayram təntənələri başlanarkən biz dövlət başçılarından ilk olaraq Amerika Birləşmiş Ştatlarının prezidenti hörmətli cənab Bill Klintonun nitqini çox böyük maraq və diqqətlə dinlədik. BMT-nin bayram məclisində cənab Bill Klintonun söylədiyi nitqi mən tamamilə bəyənirəm, onun bütün müddəaları ilə razılaşdığımı bildirirəm.

Amerika Birləşmiş Ştatları yaşadığı tarix ərzində dünyaya demokratiya, insan azadlığı, siyasi plüralizm, azad sahibkarlıq, bazar iqtisadiyyatı sahəsində böyük təcrübə verdiyi kimi, dövlətlərin, ölkələrin, millətlərin demokratik prinsiplər əsasında əməkdaşlıq etməsi sahəsində də böyük təcrübə verir və çox böyük xidmətlər göstərir. Bütün bunlar dünya xalqlarında, o cümlədən Azərbaycan xalqında, Azərbaycan vətəndaşlarında, Amerika Birləşmiş Ştatlarının dövlət quruluşuna, onun həyat tərzinə, apardığı siyasətə böyük hörmət və rəğbət hissi oyadır. Azərbaycan xalqının bu hörmət və rəğbət hisslərini sizə bildirərək, Amerika Birləşmiş Ştatlarının əldə etdiyi nailiyyətlər münasibətilə və dünyaya bəxş etdiyi demokratiya prinsiplərinin inkişafı münasibətilə sizi və sizin simanızda bütün Amerika xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan müstəqil dövlət kimi gənc bir dövlətdir. Biz dörd ildir müstəqil dövlət kimi yaşayırıq. Biz demokratiya yolu ilə gedirik və bu yolu axıra qədər çatdırmaq istəyirik. Həyatımızın bütün sahələrində - həm iqtisadiyyatda, həm ictimai-siyasi sahədə, həm insanların hüquqlarının qorunmasında, - bütün sahələrdə demokratiyanı bərqərar etmək istəyirik. Bu niyyətlərə nail olmaq üçün sizin təcrübənizdən geniş istifadə edirik və Amerikanın təcrübəsi bizim üçün böyük örnəkdir.

Biz sərbəst iqtisadiyyat yolu ilə gedərək qapılarımızı xarici investisiyalar üçün açmışıq. Xüsusən ABŞ şirkətlərinin Azərbaycana gəlməsini çox böyük razılıq hissi ilə qarşılayırıq. Azərbaycanın təbii sərvəti olan neft yataqlarının bir hissəsindən istifadə edilməsi üçün yaradılmış konsorsiumla bir il bundan öncə böyük neft müqaviləsi imzaladıq. Bu konsorsiuma daxil olan on neft şirkətindən beşi ABŞ-a məxsusdur. Müqavilədə onların payı 47 faiz təşkil edir. ABŞ-ın digər konsorsiuma daxil olmayan neft şirkətləri də gəlib bizimlə əməkdaşlığa başlayıblar.

Konsorsiumda Amerikanın beş şirkəti var: "AMOKO", "Pennzoyl", "YUNokal", "Eksson", "MakDermott". Bu beş şirkətdən əlavə, biz "Oksidental petroleum" şirkəti ilə də əməkdaşlığa başlamışıq. Dünən "Mobil" şirkətinin prezidenti mənimlə görüşüb, o da Azərbaycanda işə başlamaq istəyir. "YUNokal" şirkəti ilə əməkdaşlıq edən "Delta" şirkəti bizim konsorsiuma daxildir. Beləliklə, ABŞ şirkətləri ilə əlaqələrimiz çox genişlənir. Sizə məlumdur ki, bizim konsorsiumda Böyük Britaniyanın "Bi-Pi" şirkəti, Norveçin "Statoyl" şirkəti, Türkiyənin "Türk petrolları" şirkəti, Rusiyanın "LUKoyl" şirkəti də iştirak edir. Beləliklə, bizim konsorsiumumuz çox böyük beynəlxalq bir konsorsiumdur. Amma çoxluq yenə də Amerika Birləşmiş Ştatlarına məxsusdur.

Mən bu gün burada bu şirkətlərin rəhbərləri ilə görüşməyimdən çox məmnun olduğumu bildirmək istəyirəm. Müqavilənin imzalanmasından bir il ötmüşdür və böyük iftixar hissi ilə deyə bilərəm ki, müqavilə əməli surətdə həyata keçirilir. İlkin neftin 1996-cı ilin sonunda çıxarılması nəzərdə tutulubdur və bu yaxınlarda konsorsium tərəfindən mənə verilən məlumatdan tam əmin oldum ki, ilkin neft həmin vaxtda çıxarılacaqdır. İlkin neft ixracı üçün biz iki boru kəmərinin çəkilməsi haqqında qərar qəbul etmişik. Bu qərar Amerika Birləşmiş Ştatlarında və konsorsiumla daxil olan bütün şirkətlərdə, onların mənsub olduqları ölkələrdə çox böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Biz bu qərarın qəbul olunmasını tarixi bir hadisə kimi qeyd edirik. Hesab edirik ki, bu bizim gələcək işlərimiz üçün yaxşı əsas yaradır.

Bu gün mən Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla görüşümdə bu və başqa məsələlər ətrafında ətraflı söhbət apardım. Bildirmək istəyirəm ki, mən cənab Bill Klintonla bugünkü görüşümdən çox məmnunam, çünki söhbətimiz çox ətraflı, məzmunlu və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün çox əhəmiyyətli oldu. Bu fürsətdən istifadə edərək ABŞ prezidenti hörmətli cənab Bill Klintona Azərbaycan xalqına, Azərbaycan Respublikasına və mənə göstərdiyi diqqətlə əlaqədar olaraq təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, - mən bunu bu gün cənab Bill Klintona da dedim, - Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında olan əlaqələr - dostluq əlaqəsi, əməkdaşlıq günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və irəliləyəcəkdir. Biz bunu ürəkdən istəyirik, bundan ötrü çalışırıq və əmin ola bilərsiniz ki, Azərbaycanın prezidenti kimi mən bu əlaqələrin inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Mən Nyu-Yorkda olarkən bir çox dövlət və hökumət başçıları ilə görüşmüş və çox səmərəli danışıqlar aparmışam. Ancaq Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşümü xüsusi bir görüş hesab edirəm və buna çox yüksək bir qiymət verirəm. ABŞ-ın energetika naziri xanım Heyzel o'Liri ilə və ABŞ hökumətinin üzvü, Amerika Birləşmiş Ştatlarının BMT-dəki təmsilçisi xanım Olbrayt ilə görüşlərimə və danışıqlarıma da çox yüksək qiymət verirəm.

Əziz dostlar, sizinlə, Amerikanın neft şirkətlərinin başçıları ilə mən dəfələrlə görüşmüşəm. Ancaq bugünkü görüşümü də çox yüksək qiymətləndirirəm və mənə göstərdiyiniz qonaqpərvərliyə görə, Azərbaycana bəslədiyiniz xoş münasibətə görə sizə təşəkkür edirəm. Məclisinizə rəhbərlik edən qeyd etdi ki, burada konqresmen cənab Laflin iştirak edir. Mən hesab edirəm ki, cənab Laflin bir konqresmen deyil, bəlkə də onlarca konqresmenə bərabər konqresmendir.

Əmin ola bilərsiniz ki, bizim əməkdaşlığımız müvəqqəti xarakter daşımır. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə daimi əlaqələr qurmaq fikrindədir və bu əlaqələri qurur. İqtisadi əlaqələr sahəsində əldə etdiyimiz nailiyyətlər bunun üçün böyük əsasdır. Ancaq bu, işin başlanğıcıdır. Hesab edirəm ki, əməkdaşlığımız üçün hələ çox böyük imkanlar var və biz bu imkanlardan istifadə etməyə çalışacağıq. Burada Azərbaycan -Amerika Ticarət-Sənaye Palatasının yaradılması haqqında verilən bəyanatı mən böyük məmnuniyyətlə qəbul edirəm. Çalışacağıq ki, bu təşkilat iqtisadi əlaqələrimizin inkişafında özünəməxsus rol oynaya bilsin.

Bütün bu rəsmi ifadələrlə yanaşı, mən Amerika xalqına və Amerika dövlətinə şəxsi hörmət və ehtiramımı da bildirmək istəyirəm. Hörmətli dostlar, siz böyük ölkədə yaşayırsınız, xoşbəxt bir ölkədə yaşayırsınız. Sizin xoşbəxt həyatınız dünya xalqları üçün çox böyük təcrübə mənbəyidir, böyük örnəkdir. Hər bir dövlət çalışır ki, onun ölkəsi Amerika Birləşmiş Ştatları kimi olsun. Azərbaycan da çalışır ki, biz də sizin getdiyiniz yolla gedə bilək. Əminəm ki, biz çalışacağıq və siz də qayğınızı və köməyinizi bizdən əsirgəməyəcəksiniz. Dostluğumuz əbədi olacaqdır. Biz dostluğa sadiq xalqıq. Bunu gələcək göstərəcəkdir.

Mən bu fürsətdən istifadə edərək Amerika xalqına, Amerika dövlətinə Azərbaycan xalqının hörmət və ehtiramını bir daha bildirirəm. Amerika xalqına səadət və xoşbəxtlik diləyirəm. Amerika dövlətinə, Amerika ölkəsinə tarixin onun üzərinə, çiyinlərinə qoyduğu məsuliyyəti, vəzifələri müvəffəqiyyətlə yerinə yetirməsini arzu edirəm.

Çıxışımı bitirərək mən Amerika Birləşmiş Ştatlarının şərəfinə, Amerika xalqının şərəfinə, Amerikanın prezidenti cənab Bill Klintonun şərəfinə badə qaldırıram.