Azərbaycanın yəhudi icmasına - Bakı şəhəri, 19 sentyabr 1998-ci il


Əziz həmvətənlər!

Sizi - respublikamızın bütün yəhudi vətəndaşlarını Yeni il bayramınız - Roş-ha-şana münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Əsrlərdən bəri ölkəmizdə məskunlaşıb yaşayan yəhudilər heç zaman Azərbaycanda təqiblərə və ayrı-seçkiliyə məruz qalmamış, öz milli-mədəni özgürlüyünü qoruyub saxlayaraq respublikamızın ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak etmişlər. Yəhudi həmvətənlərimiz bu gün də müstəqil dövlət quruculuğu prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, Azərbaycanın tərəqqisi və inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

Roş-ha-şana yenilik, tövbə, mənəvi saflıq bayramıdır. Qoy bu bayram hamınızın həyatına xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 20 sentyabr 1998-ci il