Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Rumıniya prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə çıxışı - Prezident Sarayı 27 mart 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Bu gün Rumıniya prezidenti cənab İon İliyeskunun Azərbaycana rəsmi dövlət səfəri başlanmışdır. Biz bu səfərin gedişində Rumıniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına dair məsələlər barədə fikir mübadiləsi edə bilərik, bundan sorıra dövlətlərarası, hökumətlərarası sənədlər imzalanacaqdır. Cənab İliyesku ilə görüşüm zamanı biz çox geniş məsələlər barədə fikir mübadiləsi etdik. Sonra isə Rumıniya nümayəndə heyətinin üzvləri və Azərbaycanın müvafiq nümayəndələri ilə geniş tərkibdə görüşdük və orada da bir sıra məsələləri müzakirə etdik.

Söhbətlərimizdə və danışıqlarımızda ölkələrimiz arasında iqtisadi əməkdaşlıq problemi başlıca yer tutmuşdur və tutur. Biz belə hesab edirik ki, bu əməkdaşlığı genişləndirmək üçün böyük ehtiyatlarımız və imkanlarımız var. Rumıniya Avropanın böyük dövlətidir. Biz onunla birlikdə Qara dəniz ölkələrinin iqtisadi əməkdaşlıq proqramında iştirak edirik. Mənə belə gəlir ki, burada da istifadə olunmamış ehtiyatlar çoxdur. Eyni zamanda, Rumıniya Avropa qitəsindəki coğrafi mövqeyinə, məsafəcə Azərbaycana yaxınlığına görə, nəqliyyat imkanları və Qara dəniz vasitəsilə Qafqazla əlaqələri sahəsində Azərbaycanla bilavasitə əməkdaşlıq üçün, habelə bizim boyük regionumuzun ölkələrinin genişmiqyaslı əməkdaşlığını təşkil etmək üçün çox böyük maraq doğurur. Böyük region deyərkən Avropa regionunu, Qafqazı, xüsusən Zaqafqaziyanı - Gürcüstanı və Azərbaycanı, Xəzər dənizini və Orta Asiyaya çıxmaq imkanı ilə Xəzəryanı dövlətləri nəzərdə tuturam. Belə nəqliyyat xətti bu yol - həm dəniz, həm dəmiryol, həm də avtomobil yolları boyunca yerləşən ölkələrin hamısı üçün böyük maraq doğurur. Burada Rumıniyanın həlledici mövqeyi var, Azərbaycanın və Gürcüstanın, habelə regionumuzun digər ölkələrinin də çox mühüm mövqeləri var. Biz bu məsələni müzakirə edərək belə bir yekdil fikrə gəldik ki, həmin xətdən fəal istifadə etməliyik. Bununla əlaqədar Qara dəniz hövzəsi və Xəzər hövzəsi zonası ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyəti var. Həm Xəzəryanı ölkələrin, həm də Qara dəniz hövzəsi ölkələrinin səylərinin birləşdirilməsi böyük fayda verə bilər.

Rumıniya ilə Azərbaycan arasında bilavasitə əməkdaşlığa gəldikdə isə, biz belə hesab edirik ki, istər kənd təsərrüfatı, istərsə də sənaye sahəsində çox böyük imkanlar var. Biz Azərbaycana taxıl göndərilməsi barədə Rumıniyaya artıq müraciət etmişik, lakin bir çox başqa məsələləri də nəzərdən keçirə bilərik. Burada təkcə ticarətlə bağlı birdəfəlik addımlardan deyil, həm də ölkələrimiz arasında müntəzəm və mütəşəkkil ticarət-iqtisadi əlaqələrdən söhbət gedir. Bu sahədə bəzi cəhətlər var, bunlar da onunla bağlıdır ki, indi həm Rumıniyanın, həm də Azərbaycanın iqtisadiyyatı keçid dövrünün çətinliklərini yaşayır. Eyni zamanda iqtisadi islahatların həyata keçirilməsinin sürətində də fərqlər var. Rumıniya Azərbaycandan xeyli irəlidədir. Bununla belə, Azərbaycan iqtisadi islahatlar, bazar iqtisadiyyatını inkişaf etdirmək, dövlət mülkiyyətini özəlləşdirmək yolu ilə inamla addımlayır. Ona görə də bu sahədə Rumıniyada islahatların həyata keçirilməsində qazanılmış təcrübə də bizim üçün çox mühümdür. Biz bu təcrübədən istifadə edərək tədbirlərimizi daha uğurla həyata keçirə, böyük səhvlərə yol verməyə, yaxud bu səhvləri mümkün qədər az buraxa bilərdik.

Digər tərəfdən, bu, iqtisadi əməkdaşlıq imkanlarının özünəməxsus xüsusiyyətini yaradır. Biz onu əsas tuturuq ki, Azərbaycan xarici investisiyalar üçün açıqdır. Bu baxımdan biz neft sənayesi sahəsində böyük addım ataraq Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının iri neft şirkətləri ilə birlikdə istismarı haqqında 1994-cü ildə müqavilə bağladıq. Buraya ABŞ-ın beş iri neft şirkəti, Britaniyanın "BP" şirkəti, Norveçin “Statoyl”, Rusiyanın "Lukoyl" şirkətləri, Türkiyə Neft Şirkəti daxildir. Ötən il biz Xəzərin Azərbaycan sektorundakı perspektivli yatağın işlənməsi haqqında İtalıyanın "Acip", Rusiyanın "LUKoyl", Amerikanın "Pennzoyl" şirkətləri ilə daha bir neft müqaviləsi imzaladıq. İndi "Şahdəniz" yatağına dair müqavilə hazırlanmaqdadır. Müqavilədə bir sıra xarici şirkətlər iştirak edir. Biz hesab edirdik ki, bu istiqamətdə kifayət qədər iri addımlar atmışıq və zənnimcə, onlar Azərbaycan iqtisadiyyatına və bizimlə uzunmüddətli əməkdaşlığa başlayan xarici şirkətlərə fayda gətirəcəkdir. Axı 1994-cü ilin sentyabrında imzalanmış müqavilə 30 il üçün nəzərdə tutulmuşdur. Əminəm ki, əməli işimiz bu müqavilənin müddətini uzadacaq, çünki yeni böyük imkanlar meydana çıxacaqdır, çünki bizdə neft və qaz ehtiyatları var. Bu, onu göstərir ki, biz iqtisadiyyatın neft və qaz sənayesi kimi aparıcı sahələrində fəal əməkdaşlığa hazırıq. Biz böyük iqtisadi potensiala malikik, xüsusən sənayedə, sənayenin kimya, maşınqayırma sahələrində, kənd təsərrüfatı məhsullarının emalı, toxuculuq istehsalı sahələrində və digər sahələrdə. Bir tərəfdən, biz Azərbaycanın həmin sahələrə, о cümlədən də infrastruktura xarici investisiyalar qoyulması üçün açıq olduğunu bildiririk, digər tərəfdən isə, mülkiyyətin özəlləşdirilməsinə fəal başlayaraq həm öz sahibkarlarımız üçün, həm də əcnəbi sahibkarlar üçün şərait yaradırıq ki, potensialımızdan iqtisadiyyatın inkişafı, Azərbaycan əhalisinin sosial tələbatının ödənilməsi üçün istifadə olunsun. Biz iri sənaye müəssisələrimizin xarici şirkətlərin idarəçiliyinə verilməsinin mümkünlüyü haqqında qərar qəbul etmişik. Bu baxımdan şirkətlər var və onlar alüminium sənayesinə maraq göstərmişlər. Biz onlarla iri alüminium zavodunun verilməsi haqqında danışıqlar aparırıq. Metallurgiya sahəsinə dair digər layihələr də var. Bunların hamısı dəqiq sübut edir ki, Azərbaycan əməkdaşlıq üçün, xarici investisiyalar üçün, ölkədə özəlləşdirmə prosesində xarici kapitalın iştirakı üçün açıqdır. Bu, elə bir prinsipdir ki, ondan Rumıniya ilə Azərbaycan arasında, xüsusən ölkələrimizin müvafiq firma və şirkətləri, işgüzar dairələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün istifadə oluna bilər.