Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistan Prezidenti Saparmurad Niyazov ilə görüşdəki söhbətindən - Tehran, 8 dekabr 1997-ci il


Heydər Əliyev: Hörmətli Türkmənistan prezidenti cənab Saparmurad Niyazov!

Sizi səmimiyyətlə salamlayıram və görüşümüzdən şad olduğumu vurğulayıram.

Deyin görək, səhhətiniz necədir? Bildiyimə görə, bir qədər xəstələnmisiniz. Müalicəniz necə keçir?

Saparmurad Niyazov: Hörmətli cənab prezident Heydər Əliyev, məni səmimiyyətlə salamladığınıza görə Sizə təşəkkür edirəm.

Səhhətimə gəlincə onu deyə bilərəm ki, həqiqətən də bir qədər xəstələnmişdim və həkimlərin nəzarəti altında müalicə olunurdum. Belə hesab edirəm ki, indı səhhətim yaxşılaşmaqdadır. Müalicənin gedişindən razıyam. Ümid edirəm ki, Allahın köməyi və həkimlərin səyi ilə sağlamlığını tam bərpa olunacaqdır.

Heydər Əliyev: Çox şad oldum. Tehrana şəxsən gəlməyiniz də bir daha təsdiq edir ki, artıq xəstəlik arxada qalmışdır. Türklər demişkən, keçmiş olsun.

Hər ikimizin bir sıra beynəlxalq və daxili məsələlərdə tam həmrəy olmağımız belə fikir söyləmək üçün əminlik yaradır ki, İslam Konfransı Təşkilatının VIII Tehran zirvə görüşu, təşkilatın üzvləri arasında münasibətlərin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaq, tarixi dostluq əlaqələrinə malik olan hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyəti olacaqdır. Dostluq və mehribanlıq şəraitində keçən bu görüşümüz bir da ha imkan verdi ki, Azərbaycan-Türkmənistan əməkdaşlığının ardıcıl surətdə möhkəmləndirilməsi üçün həlli vacib olan məsələlər barədə geniş müzakirələr aparaq. Hər ikimiz bu fıkirdəyik ki, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə daha sıx əməkdaşlıq üçün böyük perspektivlərə malik imkanlar vardır və onlardan daha səmərəli istifadə edilməsinə diqqət artırılmalıdır.

Saparmurad Niyazov: Xəzərin təbii ehtiyatlarının birgə işlənməsi məsələləri barədə də fikirlərimiz üst-üstə düşür. Biz belə hesab edirik ki, bu sahədə də qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə işçi qrupu yaradılması zəruridir. Zənnimcə, söhbət zamanı hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də geniş fıkir mübadiləsi aparmağımız hər iki ölkə üçün səmərəli oldu. Heydər Əliyeviç, görüş, söhbət və açıq fikir mübadiləsi üçün təşəkkür edirəm.