Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinə müraciəti - 12 iyul 2003-cü il


Konstitusiya Məhkəməsinin hörmətli hakimləri və əməkdaşları!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılmasının beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Demokratik dəyərlərə əsaslanan, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ali məqsəd kimi bəyan edən Azərbaycan Konstitusiyası ölkəmizdə yeni təsisat olan konstitusiya nəzarətini və Konstitusiya Məhkəməsinin dövlət hakimiyyəti sistemində mühüm rolunu və yerini müəyyən etmişdir. Bütün zəruri hüquqi və təşkilati tədbirlər həyata keçirildikdən sonra 1998-ci ildə Konstitusiya Məhkəməsi yaradılmış, həmin ilin iyul ayının 14-də ilk hakimlərinin təyin olunması ilə fəaliyyətə başlamış və özünün təşəkkül mərhələsini başa çatdırmışdır.

Keçən beş il ərzində Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarlarla hər kəsin Azərbaycan Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə dəyərli töhfəsini vermişdir.

Hazırda biz Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik. Öz səmərəli fəaliyyəti nəticəsində Konstitusiya Məhkəməsi həm ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Onun Avropa Konstitusiya Məhkəmələrinin Konfransına üzv seçilməsi bunu bir daha sübut edir və Avropa konstitusionalizminin qabaqcıl meyllərinin dövlətimizin hüquq sistemində əks etdirilməsinə kömək edir.

Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sanədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir. Bütövlükdə isə, konstitusiya nəzarəti cəmiyyətin ardıcıl inkişafını təmin etmək yolu ilə onun sabitliyinin qorunmasına, dövlət hakimiyyəti sisteminin təkmilləşməsinə və ictimai münasibətlərin hüquqi tənziminə qulluq edir, yüksək ictimai şüuru və dövlətçilik təfəkkürünü formalaşdırır. Konstitusiya Məhkəməsinin fəaliyyəti həm də ictimai mühitə tərbiyəvi təsir göstərir, cəmiyyətin hər bir üzvünü hüquqi, konstitusion davranış tərzinə sövq edir.

Bu gün Konstitusiya Məhkəməsinin qarşısında mühüm vəzifələr durur. 2002-ci ilin avqust ayında keçirilmiş referendum nəticəsində Konstitusiya Məhkəməsinə müraciətlə bağlı Konstitusiyamıza dəyişikliklər edilmiş və hər bir şəxsin onun hüquqlarının bərpa edilməsi üçün qanunla müəyyən olunmuş hallarda Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təsbit edilmişdir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin işinin daha əhəmiyyətli və məsuliyyətli dövrü başlanır. Belə ki, vətəndaşların öz hüquqlarının müdafiəsi və bərpası üçün daha effektiv mexanizm əldə etməsi ilə yanaşı, Konstitusiya Məhkəməsi də insan hüquqları ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsində daha fəal iştirak etmək imkanı əldə etmişdir. Ümidvar olduğumu bildirmək istərdim ki, Konstitusiya Məhkəməsi bu işin öhdəsindən layiqincə gələcək və bu da demokratik dövlətin mühüm amili olan əsas hüquq və azadlıqların təsiri müdafiəsinə şərait yaradacaqdır.

Hörmətli hakimlər və əməkdaşlar!

Sizə möhkəm cansağlığı və ölkəmizdə demokratiyanın inkişafına, Konstitusiyanın və qanunların aliliyinin təmin edilməsinə, hüquq və ədalət ideallarının müdafiəsinə yönəlmiş fəaliyyətinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 13 iyul 2003-cü il

Tarixi arayış