Xəzərin Azərbaycan sektorundakı "Yanan tava", "Atəşgah" və "Muğan-Dəniz" blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə Yaponiyanın "Capan Petroleum", "İndoneziya Petroleum", "İtoçu oyl Eksploreyşn" və "Teykoku oyl" neft şirkətləri arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - "Gülüstan" sarayı, 25 dekabr 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Biz bu gün Azərbaycanda, Bakıda yeni bir neft müqaviləsinin imzalanması mərasimində toplaşmışıq. Bugünkü mərasim, imzalanacaq müqavilə Azərbaycan dövlətinin, prezidentinin neft siyasətinin həyata keçirilməsində növbəti bir addımdır.

Məlumdur ki, Azərbaycan dövləti 1994-cü ildən başlayaraq özünün neft siyasətini həyata keçirir. Bu siyasətin əsas məzmunu və prinsipləri Azərbaycanın zəngin neft və qaz yataqlarının intensiv işlənilməsindən ibarətdir. Müstəqil Azərbaycan dövləti bunun üçün, xarici sərmayənin cəlb olunması üçün dünyanın böyük neft şirkətləri ilə müştərək iş görməyi ən münasib yol kimi seçmişdir.

Qeyd etdiyim kimi, biz beləliklə bir tərəfdən Azərbaycanın neft və qaz yataqlarının istifadə olunması üçün xarici investisiyanı cəlb edirik və bununla bərabər, dünyanın böyük neft şirkətləri ilə müştərək iş görərək onların təcrübəsindən və onlarda olan müasir texnikadan, texnologiyadan istifadə edilməsini nəzərdə tuturuq.

Biz neft siyasətini planlaşdıraraq, həyata keçirməyə başlayaraq bilirdik və bildiyimizə görə də bunu etmişik ki, o, Azərbaycanın bu günü və gələcəyi üçün çox faydalıdır. Ötən dörd il ərzində görülən işlər və əldə edilən nəticələr bizim neft siyasətimizin Azərbaycan xalqının milli mənafeləri üçün nə qədər faydalı olduğunu indi əyani sübut edir.

Ötən dörd il ərzində 15 müqavilə imzalanıbdır. Bu 15 müqavilədə 14 ölkədən dünyanın 27 böyük neft şirkəti iştirak edir. Bu müqavilələr əməli surətdə həyata keçirilir, böyük işlər görülür. Bunlar hamısı Azərbaycanın iqtisadi inkişafına artıq öz təsirini göstərir.

Biz "Əsrin müqaviləsi" adlanan ilk müqavilənin - 1994-cü il sentyabrın 20-də imzalanmış müqavilənin artıq praktiki nəticələrini görürük. Bir il bundan öncə, 1997-ci il noyabr ayının 12-də "Çıraq" yatağından neft hasil olunmağa başladı. İndi Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri vasitəsilə dünya bazarına çıxarılır.

Məlumdur ki, birinci müqavilə - "Əsrin müqaviləsi" gözləniləndən də artıq nəticələr verir. "Çıraq" yatağındakı hər quyudan nəzərdə tutulduğundan 3-4 dəfə çox neft alınır. Bu müqavilənin layihəsində 510 milyon ton neft əldə etmək nəzərdə tutulmuşdu. İndi artıq 630 milyon ton neft gözlənilir. Güman edirəm ki, bundan da artıq neft olacaqdır. Digər müqavilələrin də hamısı əməli surətdə həyata keçirilir. Qeyd etdiyim kimi, bunlar Azərbaycan iqtisadiyyatına, ölkəmizin həyatına yeni amillər gətirir.

Xəzərin Azərbaycan sektorundakı neft yataqlarına dünyanın böyük neft şirkətlərinin və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin marağı günü-gündən artır. Bu ölkələrin içərisində Yaponiya artıq bir neçə il bundan əvvəl Azərbaycanın təbii sərvətlərinin, neft və qaz yataqlarının istifadə edilməsinə maraq göstərmişdir. Yaponiyanın "İtoçu" şirkəti ilk dəfə olaraq birinci konsorsiumda özünə müəyyən bir hissə almışdı. "İtoçu" sonra "Dan ulduzu", - "Əşrəfi" neft yatağından istifadə olunması üçün yaranmış konsorsiumda iştirak etmiş və orada bu layihənin 20 faizini almışdır.

Yaponiyanın "Mitsui" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Kürdaşı" yatağının işlənilməsi üçün yaranmış konsorsiumun iştirakçısıdır, orada onun 15 faiz payı vardır. Yaponiyanın digər neft şirkətləri də Azərbaycana və Azərbaycanın neft, qaz yataqlarına maraq göstərməyə başlayıblar.

Beləliklə, Yaponiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə genişlənibdir və çox böyük səmərə kəsb edibdir. Bu ilin fevralında mənim Yaponiyaya rəsmi səfərim zamanı biz çoxsaylı danışıqlar aparmışıq, Yaponiya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün bir çox sənədlər imzalamışıq. Bunların içərisində Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında bəyanatı Yaponiyanın baş naziri cənab Haşimoto və Azərbaycan prezidenti imzalamışlar. Bunlarla bərabər, Yaponiyanın hökuməti, işgüzar dairələri, "Eksimbank"ı ilə aparılan danışıqlar nəticəsində Yaponiya hökuməti tərəfindən Azərbaycana böyük kreditlərin verilməsi və ölkəmizin sənayesinin inkişaf etdirilməsi üçün yardım göstərilməsi haqqında da razılıq əldə olunmuşdur.

Fevral ayında Tokioda respublikamızın "Şimal" elektrik stansiyasının yenidən qurulması və bərpası üçün Yaponiya hökuməti tərəfindən 160 milyon dollar dəyərində güzəştli kredit ayrılması haqqında saziş imzalanmışdır. Azərbaycanın kimya kompleksində etilen istehsal qurğusunun yenidən qurulmasına, modernləşdirilməsinə "Eksimbank"ın 90 milyon dollar həcmində kredit ayırması barədə də saziş imzalanmışdır.

Yaponiya hökuməti ilə bizim apardığımız danışıqlar onu göstərir ki, Azərbaycanın iqtisadiyyatının bir neçə sahəsinin inkişafı ilə əlaqədar da əlavə kreditlərin alınması mümkündür. Biz Yaponiya ilə əlaqələrimizi və xüsusən iqtisadi əlaqələrimizi yüksək qiymətləndiririk, müstəqil Azərbaycana göstərdiyi marağa və maliyyə yardımına görə Yaponiya hökumətinə təşəkkür edirik. Biz bu istiqamətdə əməkdaşlıq edərək Yaponiyanın bir neçə neft şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı bir yataqda müştərək iş görməsi barədə təkliflərini qəbul etmişik.

Bu təkliflər bir il bundan əvvəl verilmişdir. Mən fevral ayında Tokioda rəsmi səfərdə olarkən biz bu barədə həm Yaponiya hökuməti ilə, həm də bu şirkətlərin rəhbərləri ilə çox ətraflı danışıqlar aparmışdıq. Azərbaycan Dövlət Neft Şirkəti ilə Yaponiyanın dörd şirkəti - "Capeks", "İnpeks", "İtoçu" və "Teykoku" şirkətləri arasında danışıqlar aparılmış və bunların nəticəsində Xəzərin Azərbaycan sektorundakı "Yanan tava", "Atəşgah" və "Muğan-Dəniz" blokunun müştərək işlənilməsi haqqında razılıq əldə olunmuşdur.

Azərbaycan Dövlət Neft Şirkəti uzun sürən danışıqlardan sonra bu barədə təklifini təqdim etmişdir. Mən bu təklifə baxmışam və onu məqbul hesab etmişəm. Ona görə də bu təklif əsasında Yaponiyanın dörd şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Yanan tava", "Atəşgah" və "Muğan-Dəniz" neft yatağında müştərək iş görülməsi üçün müqavilənin imzalanması haqqında qərar qəbul etmişəm.

Bu neft yatağı Azərbaycan alimləri, neftçiləri, geoloqları tərəfindən hələ 1950-ci illərdə kəşf olunmuşdur. Sonra Azərbaycan Dövlət Neft Şirkəti 1970-ci illərdə bu yataqda müəyyən işlər görmüş, quyular qazmışdır və həmin yatağın çox perspektivli olması haqqında əsaslı məlumatlar toplanmışdır.

Müqavilə imzalanacaq bu yatağın əhatə etdiyi sahə 510 kvadrat kilometrdir. Həmin yataqdan təxminən 75-90 milyon ton neft alınması gözlənilir. Buraya təxminən 2,3 milyard dollar həcmində sərmayə, kapital qoyulması nəzərdə tutulmuşdur. Bu layihənin 50 faizi Yaponiyanın neft şirkətlərinə, 50 faizi isə Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olacaqdır. Qoyulan xərclərin hamısı Yaponiya şirkətləri tərəfindən həyata keçiriləcəkdir. Bütün göstəricilərinə görə bu müqavilə həm Azərbaycan Dövlət Neft Şirkəti, həm də Yaponiyanın böyük neft şirkətləri üçün faydalıdır.

Yaponiya neft şirkətlərinin nümayəndə heyətləri və Yaponiya hökumətinin nümayəndə heyəti bu müqaviləni imzalamaq üçün Azərbaycana gəlmişlər. Beləliklə, bütün hazırlıq işləri görülübdür, müqavilənin layihəsi hər iki tərəfdən yoxlanılıbdır və imzalanmaq üçün bu mərasimə təqdim olunubdur.

Müqavilənin imzalanması ilə Yaponiya-Azərbaycan iqtisadi əlaqələri daha da genişlənir. Azərbaycan üçün bu, xarici ölkələrin neft şirkətləri ilə imzalanmış sayca 16-cı müqavilə olacaqdır. Dörd Yaponiya şirkəti isə Azərbaycana daxil olacaqdır.

Mən Tokioda apardığım danışıqlar zamanı da bəyan etmişdim, bu gün də bəyan edirəm ki, Yaponiya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkəsidir. Yaponiyanın şirkətləri dünyada elmi-texniki tərəqqinin inkişafında böyük xidmətlər göstərmişlər. Yaponiya bütünlükdə öz iqtisadi siyasəti və iqtisadi göstəriciləri ilə, elmdə, texnikada, sənayedə əldə etdiyi nailiyyətlərlə dünya iqtisadiyyatının inkişafına da çox böyük təsir göstərmişdir. Buna görə də biz Yaponiya ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq. Biz Yaponiyanın, xüsusən neft və qaz sənayesi sahəsindəki şirkətlərinin Azərbaycana gəlməsini alqışlayırıq.

Mən inanıram ki, bugünkü bu müqavilə Yaponiya-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etməsinə çox böyük kömək göstərəcəkdir. Bu müqavilənin bir xüsusiyyəti də odur ki, burada konsorsium yalnız Yaponiya şirkətlərindən ibarətdir.

İndiyə qədər imzalanmış bütün müqavilələr ayrı-ayrı ölkələrə məxsus olan şirkətlər tərəfindən təşkil edilmiş konsorsiumla Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmışdır. Bu müqavilə daha uğurlu ola bilər, çünki konsorsiumun üzvlərinin hamısı Yaponiya şirkətləridir. Onlar bir-birini çox yaxşı tanıyır, bir-biri ilə daha da səmərəli əməkdaşlıq edə bilərlər.

Mən Yaponiyanın şirkətlərini və Yaponiya hökumətinin nümayəndəsini, Azərbaycan Dövlət Neft Şirkətini bu münasibətlə təbrik edirəm və sizi müqavilənin imzalanmasına dəvət edirəm. Buyurun.

Yekun nitq

Hörmətli yaponiyalı qonaqlar!

Çıxışlarınızda Azərbaycan haqqında, Azərbaycan dövləti haqqında, Azərbaycan xalqı haqqında ifadə etdiyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm.

Sizin çıxışlarınız bu gün burada imzalanmış böyük neft müqaviləsinin həm Yaponiya şirkətləri üçün, həm də Azərbaycan üçün çox mənfəətli olduğunu bir daha sübut etdi. Biz hiss etdik ki siz həqiqətən çox böyük həvəslə Azərbaycanla əməkdaşlıq etmək istəyirsiniz və Azərbaycanın neft və qaz yataqlarında Azərbaycan Dövlət Neft Şirkəti ilə səmərəli iş görmək istəyirsiniz. Sizin istəkləriniz, arzularınız bizim istək və arzularımızla üst-üstə düşür. Ona görə də ümid edirəm ki, bizim əməkdaşlığımız çox uğurlu olacaqdır.

Siz tamamilə doğru dediniz ki, bizim neft sənayesi sahəsində əməkdaşlığımız Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlığına çox böyük yollar açır və imkanlar yaradır. Yaponiya ilə Azərbaycan arasında məsafə çox böyükdür. Ancaq bizim hər iki tərəfdən bir-birimizə yaxınlaşmaq əzmimiz güclü olduğuna görə biz bu məsafəni qısaltmışıq, bir yerdəyik.

Cənab səfir qədim Böyük İpək yolunun bərpası ilə əlaqədar layihəyə Yaponiyanın münasibətini bir daha bildirdi. Məlumdur ki, son illər qədim tarixi İpək yolunun bərpa olunması və yenidən istifadə edilməsi barəsində dünyanın bir çox ölkələrində fikirlər meydana gəlmişdi, təkliflər irəli sürülmüşdü. Ancaq bunların içərisində Yaponiya hökumətinin və Yaponiyanın keçmiş baş naziri cənab Haşimotonun təşəbbüsü xüsusi yer tutur.

Bu il sentyabr ayının 7-8-də Azərbaycanda, Bakıda, burada - "Gülüstan" sarayında qədim tarixi İpək yolunun bərpası ilə əlaqədar beynəlxalq konfrans oldu və bu beynəlxalq konfransda Yaponiyanın da nümayəndə heyəti iştirak edirdi. Beynəlxalq konfransda qədim tarixi İpək yolunun bərpası, TRASEKA proqramının inkişaf etdirilməsi ilə əlaqədar çox mühüm əhəmiyyət kəsb edən sazişlər, müqavilələr imzalandı və beləliklə, həm Yaponiyada, həm Avropada, həm Qafqazda qədim tarixi İpək yolunun bərpası ilə əlaqədar olan fikirlər və təkliflər reallaşmağa başladı. İndiyə qədər Yaponiya-Azərbaycan əməkdaşlığı sahəsində görülən işlərə əlavə olaraq qədim tarixi İpək yolunun bərpa edilməsi Yaponiya-Azərbaycan əməkdaşlığını daha da genişləndirəcəkdir.

1998-ci il sona çatır. Biz 1998-ci ilin əvvəlində Tokioda Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün çox səmərəli iş gördük və hökumətlərarası mühüm sənədlər imzaladıq. İlin sonunda Bakıda, Azərbaycanda Yaponiya-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək üçün böyük müqavilə imzalandı. Ümid edirəm ki, qarşıdan gələn 1999-cu ildə Yaponiya-Azərbaycan əməkdaşlığı daha da sürətlə inkişaf edəcəkdir.

Sizi, hörmətli qonaqlar və bütün mərasim iştirakçılarını qarşıdan gələn 1999-cu il münasibətilə təbrik edirəm. Yeni ildə Yaponiya xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram. Azərbaycan xalqına, bütün xalqlara sülh, əmin-amanlıq və tərəqqi arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 26 dekabr 1998-ci il

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft müqavilələri