Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident Sarayında keçirilən müşavirədə nitqi - 2 oktyabr 2000-ci il


Hörmətli xanımlar və cənablar! Sizi xoş gördük.

Mən ən əvvəl istəyirəm sizi, bütün Azərbaycan xalqını, millətimizi olimpiya oyunlarında əldə edilən nailiyyətlərə görə təbrik edim. Azərbaycan ilk dəfədir ki, olimpiya oyunlarında belə yüksək səviyyəyə qalxmışdır. Azərbaycan keçmiş Sovetlər İttifaqının tərkibində olarkən respublikamızın idmançıları olimpiya oyunlarında iştirak etmişdilər. Elə vaxtilə Avstraliyada keçirilmiş olimpiya oyunlarında iştirak etmişdilər. Xatirimdədir, 1980-ci ildə olimpiya oyunları Moskvada keçirilirdi, mən orada idim. Bizim idmançılarımız orada da çıxış etmişdilər. İdmançılarımız dörd il bundan öncə Atlantada keçirilən olimpiya yarışlarında olmuşdular. Ancaq heç vaxt bu cür - Sidneydə olduğu kimi, gözəl nailiyyətlər əldə edilməmişdir. Bu, birinci növbədə bizim dövlət müstəqilliyimizin bəhrəsidir. Çünki insanlar həmin insanlardır, idmançılar həmin idmançılardır. Ancaq onlar öz vətənini, torpağını, dövlətini sevərək fədakarcasına çalışmışlar və bu nailiyyətlə bizi - hamımızı, bütün Azərbaycan xalqını sevindirmişlər. Onlar gələcək, biz görüşəcəyik, lazım olan sözləri də deyəcəyik. Amma indi mən olimpiya oyunlarında iştirak edən bütün Azərbaycan nümayəndələrinə və xüsusən iki qızıl, bir bürünc medal əldə edərək Azərbaycanın bayrağının qaldırılmasına, himninin çalınmasına görə idmançıların hamısına təşəkkür edirəm.

Təbiidir ki, bu, son illər Azərbaycanda idmana, bədən tərbiyəsinə göstərilən qayğının nəticəsidir. Amma eyni zamanda, bu qayğı keçmişdə də olubdur. Mən onu demək istəyirəm ki, indi idmançılarımız bizim bu qayğıdan səmərəli istifadə edə biliblər, yaxşı işlər görüblər. Azərbaycanda idman inkişaf edibdir. Bu cür nailliyyətlər əldə etmək heç də asan deyildir. Məsələn, mən bu gün cədvələ baxıram, Azərbaycan 198 dövlətin idmançıları içərisində 34-cü yeri tutubdur. Bu, böyük hadisədir, tarixi hadisədir.

Yaxud, MDB dövlətlərini götürək. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, ondan sonra Azərbaycandır. Amma vaxtilə biz Sovetlər İttifaqının tərkibində olanda azərbaycanlılar heç Ümumittifaq yarışlarında da bu cür yüksək göstəricilərə nail ola bilmirdilər. Bunun əsası odur ki, xalqımız vətəninə, millətinə sadiqdir. Xalqımız və onun bir hissəsi olan gənclər, idmançılar ləyaqətlə çalışıblar, mübarizə aparıblar və bu nailiyyətləri əldə ediblər. Son bir neçə ildə Azərbaycan dövlətinin, hökumətinin idmana, bədən tərbiyəsinə qayğısı ilə yanaşı, təbiidir ki, bu məsələ ilə bilavasitə məşğul olan adamların xidmətləri xüsusi qeyd olunmalıdır. Azərbaycan Milli Olimpiya komitəsinin və onun prezidenti İlham Əliyevin, Gənclər və İdman Nazirliyinin, nazir Əbülfəs Qarayevin, onlarla əməkdaşlıq etmiş, müxtəlif yardımlar göstərmiş bir çox təşkilatların bu nailiyyətlərin qazanılmasında xüsusi rolu vardır.

Yenə də deyirəm, bu, sevindirici bir hadisədir. Bildiyimə görə, onlar sabah vətənə dönürlər. Hesab edirəm ki, gərək onlar təntənə ilə qarşılansınlar. Mən Ramiz Mehdiyevə, Fatma Abdullazadəyə və şəhər icra hakimiyyətinin başçısı Rəfael Allahverdiyevə tapşırıram ki, bunu necə etmək barədə fikirləşsinlər. Bu gün bunu müəyyənləşdirmək lazımdır.

Mən bu günlər burada olmamışam, amma siz buradakı əhval-ruhiyyəni görmüsünüz. İdmançılarımız birinci qızıl medal alanda mənə telefon edərək dedilər ki, insanlar küçəyə çıxıb sevinirlər. Sonra bir neçə görüşlərdə, yəni yarışlarda bizim idmançılar beşinci, altıncı, yeddinci yerə çıxdılar. Bu da böyük nailiyyətdir. 198 ölkədən çoxunun idmançılarının sayı Azərbaycan idmançılarından bir neçə qat artıq olmasına baxmayaraq, bizim idmançılarımız bu cür yerlər qazandılar. Nəhayət, ikinci qızıl medalın alınması bu məsələyə tam yekun vurdu. Mən xəstəxanada idim, lakin təbiidir ki, maraqlanırdım, Sidneylə hər gün telefonla danışırdım. İlham Əliyev mənə məlumatlar verirdi. Olimpiada axıra çatırdı, mən soruşdum ki, bəs, nə oldu? Bir qızıl, bir bürünc medal qazanmısınız, sonra? Dedi ki, narahat olmayın. Mənə yenə telefon edərək məlumat verdilər ki, bizim idmançımız Namiq Abdullayev də qızıl medal qazandı.

Təkrar edirəm, biz onları layiqincə qarşılamalıyıq. Sonra yəqin ki, onlarla görüşlər keçirəcəyik. Bizim ölkəmizdə idman, bədən tərbiyəsi, gənclərin fiziki hazırlığı bu nailiyyətlərin əsasında bundan sonra daha da yaxşı təşkil oluna bilər. Çünki gənclərdə ruh yüksəkliyi əmələ gəlibdir. Bilirsiniz ki, bu da çox böyük amildir. Bəzən insan çalışır, ancaq nail olduğu qiyməti ala bilmir, sonra həvəsdən düşür. Sidneydə bizim komandamız say hesabı ilə böyük tərkibdə deyildi. Amma baxın, görün necə gözəl nəticələr əldə ediblər. Bizim komandamız 198 ölkə içərisində 34-cü yerdədir. Bununla fəxr etmək olar.

İkinci məsələ. Mən bir müddətdir ki, ölkədə olmamışam, uzaqda, Amerikada olmuşam. Mən bu barədə məlumatlar vermişəm, bizim televiziya, radio bunları yayıbdır. Nyu-Yorkda, Vaşinqtonda bütün proqramlarımı həyata keçirəndən sonra - baxmayaraq ki, Nyu-Yorkda axırıncı gün xəstə idim - mən Klivlendə getdim. Doğrudur, bu mənim proqramımda var idi. Mən dörd-beş saatlıq orada olmalı idim. Vaşiqtondan Klivlendə təyyarə ilə bir saatlıq yol var. Mən həkim müayinəsindən keçməli idim. Bizim məqsədimiz məhz belə idi. Amma xəstəlik ağır oldu, soyuqdəymə, qrip bir-birinə qarışdı, hərarətim qalxdı. Məndə pnevmoniya başladı. Yaxşı ki, mən orada yüksək səviyyəli klinikada oldum. Onlar mənə çox böyük hörmətlə, diqqətlə qayğı göstərdilər, məni müalicə etdilər. Onu da sizə deyim ki, Amerika Birləşmiş Ştatlarının hökuməti mənim səhhətim və müalicəmin gedişi haqqında daim, hər gün məlumatlar alırdı. Bilirsiniz ki, xanım Olbrayt mənə telefon etdi, biz xeyli danışdıq. Prezident Bill Klinton mənə telefon etdi, öz narahatlığını bildirdi, eyni zamanda dedi ki, Klivlenddə hər şey müalicə olunur. Vitse-prezident Albert Qor mənə məktub yazdı. Təbiidir ki, mənə başqa ölkələrdən də telefon zəngləri oldu, məktublar aldım. Amma əsas bu deyil, əsas odur ki, müalicə olunub qurtardım. Bir daha qeyd edirəm, Amerika Birləşmiş Ştatlarının hökuməti - prezidentdən başlayaraq, aşağı təbəqəyə, mərtəbəyə qədər - mənə orada çox böyük qayğı və diqqət göstərdilər.

Mən bir müddət ölkədə olmamışam. Burada olmadığım zaman mən Ramiz Mehdiyev ilə, Artur Rasizadə ilə, Murtuz Ələsgərov ilə daim əlaqə saxlayırdım. Ola bilər, iki gün - çox yüksək hərarətim olan zaman danışa bilməmişdim. Mən məlumatlar alırdım və çox məmnun idim ki, Azərbaycanda işlər normal məcrada gedir. Mən bu gün sizi buraya topladım ki, birincisi, sizinlə görüşüm. Yəqin ki, siz də məni görmək istəyirdiniz. İkincisi də, istəyirdim qısa bir məlumat alım ki, mən burada olmayanda hansı işlər görülüb və bundan sonra nə etmək lazımdır.

* * *

Yekun nitqi

Burada dinlənilən məruzələr, verilən məlumatlar bir daha onu təsdiq edir ki, Azərbaycanda ictimai-siyasi sabitlik böyük kök salıb, bərqərar olubdur. Və prezident ölkədə oldu-olmadı, insanlar artıq o keçmiş zamanlardakı kimi deyil ki, kimsə bu fürsətdən öz məqsədi üçün istifadə etməyə cəhd göstərsin. Mən bununla demək istəmirəm ki, belələri yoxdur. Təəssüf ki, hələ belələri də var. Ancaq onlar nə qədər çalışsalar, xalqın tam əksəriyyətinin fikrinin əleyhinə gedə bilməyəcəklər. Mən bunu gələndə, hava limanında da dedim. Bir də təkrar edirəm. Bu məsəl ruslarda da varmış, bunu mənə Londonda müxbirlər dedilər. Bizdə, Azərbaycanda da belə bir söz var ki, əgər kimin haqqında deyilir ki, ölüb, sonra görünür ki, ölməyib, onun ömrü uzanacaq, çox yaşayacaqdır. Mən şayiədən heç narahat deyildim, eşidən kimi, gecə ikən Ramiz Mehdiyevə telefon etdim. Dedim, narahat olmayın, mən sağ-salamatam. Ancaq elə edin ki, camaat narahat olmasın. Camaatın narahatçılığı xalqın tam əksəriyyətinin Azərbaycan iqtidarına olan inamını, Azərbaycan iqtidarına olan sədaqətini bir daha göstərdi. Belə bir atalar sözü vardır: «Şər deməsən, xeyir gəlməz». Bəlkə də bu lazım imiş ki, hər şey daha aydın olsun.

Yenə də deyirəm, verilən məlumatlar onu göstərir ki, burada iş öz ahəngi ilə gedib, çox iş görülüb və yaxşı nəticələr əldə olunubdur. İctimai-siyasi sahədə aparılan böyük işlər haqqında Ramiz Mehdiyev ətraflı məlumat verdi. İqtisadiyyatımız haqqında Artur Rasizadə və Milli Məclisin işi haqqında Murtuz müəllim məlumat verdilər.

Mən çox sevinirəm ki, biz bu ilin doqquz ayında bu səviyyəyə çatmışıq. Təbiidir, hesab etmirəm ki, bu bizim üçün istənilən səviyyədir. Heç vaxt hesab etmirəm. Ancaq əldə olunan nailiyyətlərə görə məmnunam, təşəkkur edirəm. Eyni zamanda heç kəs bu nailiyyətlərlə arxayınlaşmamalıdır. Hələ qarşımızda payız var, qış var. Yay vaxtı insanların çoxu kənd təsərrüfatı ilə məşğul olur. Şəhər yerlərində kimsə istirahət edir, kimsə, hər halda, daha rahat yaşayır. Ancaq qarşımızda olan aylar daha da gərgin aylardır. O mənada ki, gərgin iş tələb edən aylardır.

Mən bütün bu görülən işlərlə əlaqədar Prezidentin İcra Aparatına və onun başçısı Ramiz Mehdiyevə təşəkkür edirəm. Nazirlər Kabinetinə və Baş nazir Artur Rasizadəyə təşəkkür edirəm. Milli Məclisin işlərini yaxşı apardığına görə biz həmişə Murtuz müəllimə təşəkkür edirik. Ümidvaram ki, bundan sonra da belə olacaqdır. Təşəkkür edirəm. Sizin hamınıza təşəkkür edirəm. Görülən işlər bir adamın işi deyildir. Yəni ölçsən, heç burada oturanların da işi deyildir. Bu, xalqın işidir, insanların işidir, fədakar adamların işidir. Əgər indi bizim zavodlarda fəhlələr yeni iş yerləri alıblarsa, işləyir, məhsul istehsal edir və pul qazanırlarsa, təbiidir ki, bu, son 9-10 ildə birinci dəfə olan şeydir. Bütün başqa sahələrdə də belədir. Mən bundan məmnunam. Ancaq yenə də, yenə də deyirəm - heç kəs arxayın olmamalıdır. Mənim bu müsbət fikirlərim və verdiyim müsbət qiymət heç kəsin başını gicəlləndirməməlidir. Hər kəs bu nailiyyətlərdən ruhlanaraq, bundan sonra daha da yaxşı işləməlidir.

Mən iyun ayında qışa hazırlıqla əlaqədar fərman verdim. Xatirinizdədir ki, fevralda ciddi müşavirə keçirdik və bəzilərini cəzalandırdıq. Ancaq sonra Baş nazir, digərləri gəldilər, mənə müraciət etdilər ki, dediyiniz haqdır, amma bizim üçün vəsait lazımdır, başqa şeylər lazımdır. Elektrik stansiyalarını, elektrik xətlərini təmir etmək lazımdır. Çünki bunlar uzun illər təmir olunmayıbdır. Elə o vaxt, SSRİ-nin vaxtında nə yaradılıbsa, ondan sonra əlavə heç bir şey olmayıbdır. Fərmanı hazırladılar, mənə gətirdilər ki, siz 18 milyon dollar əlavə pul verməlisiniz. Dedim, bir dollar da verməyəcəyəm. Amma mən bu pulların harada olduğunu bilirəm. Yerini göstərdim, dedim: oradadır, oradadır, oradadır. Gedin, götürün. Sonra Artur Rasizadə mənə dedi ki, tamamilə düz demisiniz. İndi mən inanıram ki, siz verdiyiniz öhdəliyi yerinə yetirəcəksiniz və payız-qış mövsümündə biz insanları çətin vəziyyətdə qoymayacağıq. Bayıldakı sürüşmə ilə əlaqədar. Oraya da pul tapdınız?

Artur Rasizadə: Bəli, cənab Prezident, vəsait tapdıq. Bunu Sizinlə müzakirə etdik.

Heydər Əliyev: Tapdınız. O vaxt da gəlmişdilər ki, siz ondan ötəri 8 milyon dollar ayırın. Dedim, yox, tapın. Tapdılar. Yəni indi bizim iqtisadiyyatımız yaxşı inkişaf etdiyinə görə, onun müxtəlif sahələrində vəsaitlərimiz vardır. Nazirlər Kabinetinin vəzifəsi ondan ibarətdir ki, hər yerə nəzarət etsin və hər yerdə olan ehtiyatlardan istifadə etsin. Belə olmayanda müəssisə rəhbərləri, nazirlər, başqa vəzifəli şəxslər onları götürüb lazım olmayan yerlərə xərcləyirlər. İndi bazar iqtisadiyyatıdır, müəssisələrə sərbəstlik verilibdir, nazirlərə çox böyük hüquqlar verilibdir. Bunlar hamısı lazımlı şeydir. Amma eyni zamanda o da lazımdır ki, gərək hər bir kəs ölkə haqqında, xalqımız haqqında, millətimiz haqqında düşünsün. Güman edirəm ki, mənim maliyyə barəsində verdiyim göstərişlərdən bundan sonra hamı nəticə çıxaracaqdır. Əminəm ki, işlər bundan sonra da yaxşı gedəcəkdir.

Seçkilərlə əlaqədar Ramiz Mehdiyevin verdiyi məlumat çox böyük aydınlıq yaradır. Əgər yüz yerə mindən artıq ərizə verilibdirsə, bu, birinci növbədə, vətəndaşların siyasi fəallığını göstərir, eyni zamanda Azərbaycanda demokratiyanın mövcudluğunu və demokratiyanın inkişafını göstərir. Mən bunu Amerikada da demişəm. Gələndə burada, hava limanında da dedim. Azərbaycanda demokratiya var və bundan sonra daha yaxşı olacaqdır. Ancaq o kəslər ki, hər şeyi qoyublar kənara, öz məqsədlərinə nail olmaq üçün bütün dünyaya car çəkirlər ki, Azərbaycanda demokratiya yoxdur, onlar müstəqil Azərbaycan dövlətinə, Azərbaycan xalqına böyük zərbələr vururlar. Amma qoy heç də düşünməsinlər ki, bu zərbələr bizi sarsıda bilər. Biz öz işimizi bilirik, demokratiya yolu ilə gedirik, dövlət quruculuğu prosesi normal gedir və bundan sonra da gedəcəkdir.

Beləliklə, bugünkü söhbətimizi qurtaraq. Hesab edirəm ki, bu mənim üçün də, sizin üçün də çox əhəmiyyətli oldu. Sizin hamınıza cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış