Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Dövlətinin başçısı Eduard Şevardnadzenin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi - Bakı Əyləncə Mərkəzi, 29 sentyabr 2001-ci il


Hörmətli Gürcüstan prezidenti cənab Eduard Şevardnadze!

Hörmətli qonaqlar, dostlar, xanımlar və cənablar!

Bu gün bizim üçün çox gərgin gündür, bununla bərabər, çox xoş bir gündür. Ona görə xoşdur ki, biz rəsmi səfərə gəlmiş dostumuz, qardaşımız Gürcüstan prezidentini qəbul edirik. Bu, Azərbaycanın həyatında, zənnimcə, Gürcüstan-Azərbaycan münasibətləri tarixində də çox əlamətdar hadisəyə çevrilmişdir. Gərgindir ona görə ki, biz bütün günü işləmişik. Biz danışıqlar apardıq, çox səmərəli söhbət etdik, mühüm saziş - Bakı- Tbilisi-Ərzurum qaz kəməri haqqında saziş imzaladıq, çox mühüm birgə siyasi bəyanat imzaladıq, mətbuat konfransında suallara cavab verdik. Mənim üçün xoş bir hadisə baş verdi. Mən müstəqil Gürcüstanın ali mükafatına layiq görüldüm və bu yüksək mükafatı mənə dostum prezident Eduard Şevardnadze təqdim etdi. Hətta bu təqdimat olmasaydı belə, fərqi yoxdur, bu görüş çox xoşdur. Lakin bütün bunların mənə yüksək orden təqdim edilməsi ilə başa çatması bu görüşümüzü, zənnimcə, təkcə mənim üçün deyil, eləcə də Azərbaycan xalqı üçün, bütün müstəqil Azərbaycan üçün böyük bayrama çevirdi.

Bu gün biz gürcü və Azərbaycan xalqları arasındakı dostluqdan, dövlət müstəqilliyi əldə edildikdən sonra dostluğumuzun yeni mərhələsindən, birgə işlərimizdən və gələcək nəsillər üçün böyük perspektivə malik mühüm proqramların həyata keçirilməsindən dəfələrlə danışdıq. Biz bütün bunların münasibətlərimizi, dostluğumuzu daha da möhkəmlətməsindən danışdıq.

Əziz dostum Eduard Şevardnadze, dəvətimi qəbul edib Azərbaycana gəldiyinizə və bir gün ərzində böyük iş gördüyünüzə görə mən Sizə hədsiz minnətdaram. Doğrudur, Sizi yorduq, amma mənə elə gəlir ki, bu, xoş yorğunluqdur. Bütün bu tədbirlərdə yaxından iştirakına görə sizin nümayəndə heyətinə təşəkkür edirəm. Mən Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında sazişin hazırlanması üzərində bir neçə ay çox gərgin, qətiyyətlə çalışmış adamlara - Gürcüstan nümayəndələrinə və Azərbaycan nümayəndələrinə təşəkkür etmək istəyirəm.

İndi isə bu sənədin imzalanmasına cəmi bir neçə dəqiqə vaxt getdi. Halbuki bu sazişin hazırlanmasına nə qədər əmək sərf olunmuşdur. Biz sizinlə qısa hökumətlərarası sənəd imzaladıq, amma ona kommersiya təkliflərindən ibarət böyük bir cild əlavə edilmişdir. Konkret detalların şərh olunduğu bu təkliflər üzərində çox işləmişlər.

Mən hamıya - Azərbaycan Dövlət Neft Şirkətinə də, konsorsiumda birləşmiş və 1996-cı ildən, "Şahdəniz" yatağının işlənilməsinə başlandığı vaxtdan ötən illər ərzində Azərbaycan Neft Şirkəti ilə birlikdə çalışmış və nəhayət, bütün proqnozlarımızı kölgədə qoyan nəticə əldə etmiş neft şirkətlərinə də təşəkkür edirəm. Geoloqlarımızın proqnozları, əsasən, doğru olur, amma onlar çox vaxt ehtiyatlılıq edir, minimumdan danışırlar. Biz müqaviləni imzalayanda geoloqlarımız deyirdilər ki, burada 400 milyard kubmetr qaz var. Lakin ilk işlər görüldükdə şirkətlərin nümayəndələri gəlib dedilər ki, siz səhv etmisiniz. Burada 400 milyard kubmetr yox, 1 trilyon kubmetr qaz var. Geoloqlarımız isə onlara dedilər ki, biz səhv etməmişik, sadəcə olaraq, görmək istəyirdik ki, siz "Şahdəniz" yatağının bütün ehtiyatlarını nə dərəcədə düzgün müəyyənləşdirə biləcəksiniz.

Ancaq mən hələ bu gün də bütün ehtiyatların müəyyən edildiyinə əmin deyiləm. Bizim neftçilər kimi, onlar də həmişə ehtiyatlılıq göstərir, minimumdan danışırlar. Görünür, onlar düzgün edirlər, çünki qabağa qaçmaq lazım deyil, minimumdan danışmaq gərəkdir, bundan artıq olanlar isə yenə bizə qalacaqdır. Bir baxın, "Şahdəniz" yatağının işlənilməsi, nəticə əldə olunması, qəti rəqəmlərin və qazın ixrac marşrutunun müəyyənləşdirilməsi, sazişin hazırlanması və imzalanması işləri neçə illərdir - 1996-cı ildən 2001-ci ilədək davam edir. Bu, "Şahdəniz" yatağında işləyən konsorsiumla birgə işimiz, qazın ixrac olunacağı Türkiyə Cümhuriyyəti ilə birgə işimiz, qazın ərazisindən keçəcəyi Gürcüstanla birgə işimizdir. Bir sözlə, bu, üç ölkənin birgə işidir və dünyanın müxtəlif ölkələrindən - həm Qərbdən, həm Rusiyadan, həm də İrandan olan bir çox ən iri neft şirkətlərinin birgə işidir. Məmnunluğumuzu bildirməyə tam əsasımız var ki, 1996-cı ildə imzaladığımız müqavilə özünü tamamilə doğrultmuşdur. Halbuki, hətta bizim aramızda da elə adamlar vardı ki, əslində pozuculuq işi ilə məşğul olur və əllərində heç bir dəlil-sübut olmadan bu müqavilənin əleyhinə çıxırdılar. Deyə bilmərəm ki, onlar öz respublikasının, öz xalqının vicdanlı vətəndaşlarıdır. Amma belələri olmuşdur. Lakin biz nə etdiyimizi bilirdik. Neftçilərimiz çox düzgün mövqe tutmuşdular - mən Azərbaycan Dövlət Neft Şirkətini nəzərdə tuturam. Bütün bunlar indi öz nəticələrini verir. Bu gün biz burada həmin nəticələri qeyd edirik.

Biz dedik ki, bütün bunlar Gürcüstanın və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, regionumuzda sülhün və təhlükəsizliyin möhkəmlənməsi, Gürcüstanın və Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsi, ölkələrimizin, xalqlarımızın rifahının yüksəldilməsi işində daha bir böyük addımdır. Əlbəttə, bütün bunlarda prezident Eduard Şevardnadzenin iradəsi, həmişəki kimi, mühüm rol oynamışdır. Mən "Şahdəniz" - Bakı-Tbilisi-Ərzurum sazişinin şərəfinə badə qaldırıram. Mən müstəqil Gürcüstanın şərəfinə, gürcü xalqının şərəfinə, Gürcüstan prezidenti dostumuz Eduard Şevardnadzenin şərəfinə badə qaldırıram. Gürcü və Azərbaycan xalqlarının əbədi dostluğu şərəfinə badə qaldırıram. Sağ olun.